O nədir ki, bir qapıdır, bir açar?
O nədir ki, gördüyünə göz yumar?
O nədir ki, içində bir mizi yox?
O nədir ki, dəftəri çox, işi az?
O nədir ki, “sabah gəl”i qurtarmaz?
O nədir ki, qulaq verməz yüz min yaz?
O nədir ki, qışda getsən buzu yox?
POEMA
QIZ QALASI
Quzğunun sahilində pək qocaman
Bir yapı, əski sirlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarımuyumuş.
Hər yan altın bəzəkli şən yapılar,
Dirilik dörd yanında qaynamada.
Arxada bir gurultu, bir yenilik.
Öndə çapqın vaporlar oynamada.
Qara, yüksək, şubay buruqlardan
Neft atılqanları nöyüt sərpər.
Həp yarım milyon işçinin çəkici
Öylə çarpar ki, yer əsib titrər.
Gecə sahil boyunda seyr edəsən,
Gəzişirlər yığın-yığın qızlar;
Günəşin istiqanlı yavruları
Hərə bir canlı gül seçib izlər;
Oxşayıb güldürər, gülər, dinlər,
Söyləyər, yalvarar, deyər, inlər.
Hər tərəf başqa dürlü bir yenilik;
Hər tərəf sevgi, hər tərəf şənlik;
Dirilik tam gurultusilə özün
Göstərir sahilində bir dənizin.
O, fəqət bunlara qoyurmu məhəl?
Yox, yox, o iştirakə pək tənbəl.
Görkəmindən düşündüyün sonsuz
Andırar sanki dərdli bir öksüz.
Unudulmuşmudur, ona darılar?
Əski elxanlılar çağınmı anar?
Kim bilir, söyləməz, qonuşmaz ki,
Qaynayan dirliyə uyuşmaz ki.
Dalmış o pək dərin xəyalə, durur,
Nələr, Allah, bu əski ev düşünür?!
Burası örtülü bütün eldən…
Pək dərin keçmişin, fəqət dildən –
Dilə vardırdığı dumanlı xəbər
Xalq içində maraqla söylənilər
Ki, bizim paytaxtımız xanının
Qızını Abşeron xanı görmüş,
Oğluna almaq istəyib sormuş.
Xan da bu batqın ölkə xalqından
Qorxaraq, indiki bu dik qalayı
Xəzərin göy suyunda tikdirərək,
Qızını, bir də bir qoruq alayı
Abşeron çapqınından aldırmış,
Göylərə, bu binayə qaldırmış.
Söylənir bu… fəqət mənə bir gün,
Qoca, düşkün qiyafəli bir pir
Pək gözəl, şairanə sözlərlə,
Etdi bir qəmli macəra təsvir.
Altı yüz il qədər əvvəllərdə,
Bu binaya yaxın duran yerdə
Bakının sahilüstü bir küçəsi,
Can sevən bir gözəl mayis gecəsi…
Tam göyün ortasından ay durmuş,
Dörd yanın dövrə bir işıq bürümüş.
Altı-yeddi sarımtıraq ulduz
Pək uzaqlarda titrəşir fərsiz;
Sakitanə dəniz durub parlar,
Sıçraşıb xırda damcılar oynar;
Uyuyur qumlar üstə ilbizlər;
Orda gizlənqaç oynayır qızlar.
Mey vurunca hava xəfifanə,
İnlədikcə dəniz xəfifanə,
Yerə aydan işıq saçıldıqca.
Görünüşdən ürək açıldıqca,
O mələk gözlərində bir sevda,
Baxıyor, sanki seyr edir röya.
Ruhu onsuz da oxşayan bu gecə,
Dayanıb bağda bir yaşıl ağaca,
Saçların dağınıq arxaya tökərək,
Gözlərin ta uzaqlara dikərək,
Baxıyor bir xəyalə dalmış qız,
Baxıyor kainata qırpımsız.
Göydən ay öz şəfəqlərin səpiyor,
O qızın ağ gümüş döşün öpüyor.
Bir xəyalı kaman tək inləyərək,
Şəvə tək saçların öpər yellər.
Oxşadıqca ilıq hava bədənin,
Qucuyor boynunu uzun tellər.
O fəqət… dinləməz bu aləmi bir,
Baxıyor düz, düşüncəli, dilgir;
Sanki bir başqa kainat arayır.
Arabir diksinib için çəkiyor,
Ağaca doğru başcığın əkiyor,
Yenə dinməz, baxır fəzaya qəmin,
Yenə tutqun, haman yenə dalğın,
Qara gözlər haman yenə süzülür,
Al dodaqlar ara-sıra büzülür,
Gülüyor, ağlıyor, deyil, bəlli,
İnliyor, dinliyor çətin həlli!
İri, süzgün, qara kömür gözlər
Bu üfüqlərdə, ax, nələr gözlər?!
Keçmişin bu işıqlı ulduzunun,
Allah, Allah, bu gündoğuş qızının
Nələr etmiş xəyalını məğşuş,
O ayıqdırmı, yoxsa bir bihuş?!
Bu gözəllik, bu incəliklə məgər
Görən olsa, ona deyərmi bəşər?
Yox, satqın, heç bu od ona gəlməz,
Onu kim görsə, canlı zənn edəməz;
Deyəcəkdir, yəqin ona röya,
Pək