Seçilmiş Əsərləri. Чингиз Гасан оглы Гусейнов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Чингиз Гасан оглы Гусейнов
Издательство: ЖекаПринт
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8451-1-2
Скачать книгу
mənimlə yaxınlıq eləmirdi: on iki-on üç yaşlı qızla nə işi? Tay-tuşları ilə oturub-dururdu. Tez-tez ikinci mərtəbədə gözəl-göyçək oğlanların, qızların gülüşləri, zarafatları eşidilirdi. Piano çalırdılar, patefon valları fırladırdılar. Vals, fokstrot, tanqo, “Günəşli dərənin serenadaları…” Balkonlarında gur işıq yanırdı. Həyətə də işıq düşürdü, pilləkənə də, bizim otağımıza da.

      Zərifə dəyişmişdi, tanınmaz olmuşdu. Xəz palto, rəngarəng yun jaketlər, bahalı paltarlar, dikdaban ayaqqabılar… Qəşəng, xoşagələn yerişi var idi. Asta düşüb, asta qalxmağına baxmayaraq, pilləkən yenə də tir-tir əsərdi. Bəlkə əsməyə adət etmişdi?

      Zərgər, pullar dəyişilən zaman rəhmətə getdi. Dedilər çox həyəcan keçirib, ürəyi tab gətirməyib.

      Zərgərin sağlığında onun qohumlarından biri Zərifəni istəmişdi. Atalığı öləndən sonra qız razılıq verdi. Əri enlikürək bir kişi idi. Çəkmələri üç mənim çəkməm boyda olardı. O, aşağı düşəndə qorxurdum pilləkən uça, pəncərəmiz sına. Qonşular deyirdilər pullu kişidir. İş yerini heç kim bilmirdi. Zərifə elə tez və sözsüz razılıq vermişdi ki, hətta anası təəccüb qalmışdı.

      Zərifə köçüb getdi. İkinci mərtəbəyə gediş-gəliş azaldı. Pilləkənimiz dincəldi.

      Lakin bu sakitlik uzun sürmədi. Üç ildən sonra Zərifə ərindən ayrıldı. Bütün günü yuxarı mərtəbəyə şey daşıdılar. Nə məhəbbət apardı, nə də nifrət gətirdi! Axşamlar yenə yuxarı mərtəbədəki gur işıq həyəti bürüdü, musiqi dalğaları evlərə doldu. Zərifənin addımlarını unutmuş pillələr tir-tir əsməyə başladı…”

      Gündüz arabacıqdan çıxıb şappıltı ilə yerə sərildi, şivən qopardı. Sevda tez otağa qaçıb, gözü yaşlı oğlunu sakitləşdirdi.

      – Hanı balamın atası? Hanı bacısı? Ata, gəl, gəl! Aygün, gəl!

      Uşaq qucağında, mətbəxə qayıtdı, qazı azaltdı, suyun köpüyünü yığdı. Ağ, girdə divar saatına baxdı – dördə işləyirdi. Dörddə əri işdən çıxacaq, beşin yarısında Aygünün bağçasında olacaq, beşdə evə gələcəklər. Lakin xörək hələ hazır deyil. Günah kimdədir? Heç kimdə, xatirələrdə!..

      Liftin qapısı açılıb-örtüldü. Sevda hərəkətsiz dayanıb qulaq asdı. Qapının zəngindən diksindi: “Zərifə!”

      Zərifə içəri keçib, Sevdanı öpdü, yun koftası rəngində olan qızılgül dəstəsini qapı ağzından stulun üstünə qoydu, Gündüzü qucağına alıb tez sumkasından şokolad çıxartdı. Sevda şokoladı Zərifədən aldı:

      – Hələ balacadır, yeyə bilməz, – dedi və uzaq keçmişi xatırladı: Sevdanın səkkiz yaşı olardı. Zərifə bir gün onu çağırdı, anasından gizlin, kamoddan iri qalın amerikan şokoladı çıxardıb yarısını Sevdaya verdi, yarısını özü yedi. Axşam anası evə qayıdıb qızını o ki var söydü, əlinə keçdiyi xəkəndazla Zərifəni vurmaq istəyəndə qız cəld həyətə cumdu. Davanın nə ilə qurtardığı Sevdanın yadında deyil…

      – Nə əcəb səndən, Zərifə? Sən ki, şəhərdən köçmüşdün?

      – Bir ay var gəlmişəm. Anam təcili teleqram vurdu. Xəstədir, Sevda. Sağalmaz dərddir… İki uşağın olduğunu bilmirdim. Nə yaxşı adı var – Gündüz! Bəs qızın hanı?

      – Bağçadadır, indi gələrlər.

      – Xoşbəxtsən, Sevda! Evin, ərin, uşaqlar…

      – Sənə nə olub ki?

      – Mən?.. Görünür, xoşbəxtlik başqaları üçün yaranıb, məndən qaçır… Ərimdən ayrıldım, Sevda.

      – Yenə?

      – Anamdan teleqram almasaydım da, qayıdacaqdım. Dünyanın qurtaran yeridir. Nə olsun ki, ayda filan qədər qazanır?!

      “Sən əliboş qayıtmazsan, Zərifə!”

      – Özün bilirsən ki, mən puldan korluq çəkməmişəm.

      “Bilirəm. Atalığından, birinci və ikinci ərindən sənə az var-dövlət qalmayıb!”

      – Bəs anan nə deyir, Zərifə?

      – Nə deyəcək! Yazıq bu gün-sabahlıqdır… Elə məni bu kökə salan o oldu! Dedi, gələndə çamadan-çamadan pul gətirir… Nə olsun? Filan qədər varım idi, filan qədər də qazandım. Yüz il yaşasam bəsimdir. Əlimdə sənətim də var, amma… bəxtim yoxdur, Sevda, bəxtim!..

      “Toyumuzda gördüyüm vaxtdan bəri Zərifə heç dəyişməyib. Daha da qəşəngləşib”.

      Zərifə qalın hörüklərini tac kimi başına yığmışdı.

      “Vücudu ehtirasla, eşq həvəsi ilə doludur. Gözləri yanır… Buna mən də vurulardım. Amma, nə edəsən ki, nə başqasını xoşbəxt eləyir, nə özü xoşbəxt olur… Görəsən, Süleyman haradadır? Bəlkə onunla xoşbəxtlik tapardı…”

      – Sevda, heç mənə qulaq asmırsan! Fikrin hardadır?

      – Bağışla, Zərifə, nə isə fikrim dağınıqdır… Xahiş eləyirəm, gedək mətbəxə, sən danış, mən də qulaq asa-asa işimi görüm.

      – İnstitutu qurtardınmı?

      – Soruşma, Zərifə, hələ də beşinci kursdayam.

      – Oxumağın çox çəkdi.

      – Uşaqlar qoyur ki… Amma bu il necə olur-olsun qurtaracağam. Ərim məni ötdü, keçən il dissertasiya müdafiə elədi.

      – Bilirəm. Dünən televizorda ərini gördüm.

      “Belə de! Görüb gəlmisən!”

      – Mənə elə niyə baxırsan, Sevda? Yoxsa qısqanırsan? – Şaqqıltılı gülüşü pəncərədə cingildədi.

      “Zərifə belə güləndə acığım gəlir. Süleyman yadıma düşür”.

      – Qorxma! Ərin mənə lazım deyil!

      Sevda, bir əlində bıçaq, o biri əlində kartof, Zərifəni tikanlı baxışla süzdü.

      – Zarafat eləyirəm, Sevda!.. Yaxşı, de görüm ümumiyyətlə neynirsən, nə ilə məşğulsan? Kimnən oturub-durubsan?

      – Diploma hazırlaşıram… Gülümsünürsən? Bu günə baxma, anam nasaz olmasaydı, məni indi evdə tapa bilməzdin. Laboratoriyada diplomu hazırlayıram. Anam xörəyimizi də hazırlayır, uşaqlara da baxır.

      – Bəs siz kimlərlə oturub-durursunuz?

      – Yoldaşımın dostları ilə. Evli olanı da var, subayı da.

      – Ax, Sevda, mən isə özümü yaman tək hiss eləyirəm. Açığı, sevmək istəyirəm, bacım! Təmiz, ləkəsiz, dərin məhəbbət arzulayıram! Cavanam, gözələm, amma kimsəm yoxdur, arxam, canım-ciyərim yoxdur…

      Sevdanın ona yazığı gəldi.

      – Axı, mənim əlimdən nə gələr, Zərifə?

      – Sən mənə kömək eləyə bilərsən.

      – Necə?

      Zərifə hava çatmırmış kimi dərindən nəfəs aldı, söz axtararaq qaşlarını çatdı,