Günəş xeyli qalxmışdı, atçılarla birgə uzun yolunu tamamlamağa can atırdı. Günəşi bilmirəm, atçıların yolu ağır idi: dağa qalxırdılar. Cığırlar dağın döşünü zolaq-zolaq cızmışdı.
Azad keçənilki yürüşü xatırladı; institutun alpinist dəstəsi Uşba dağına qalxmışdı. Azad nəinki yaxşı alpinist idi, – söz yox ki, həqiqi geoloq alpinist olmalıdır, – hətta maşın sürməyi də bacarırdı. Amma at minmək də demə elm imiş!..
– Ədə, döndər atı! – qabaqdakı atçının gur səsi Azadın düşüncələrini qırdı. – Ədə, hara sürürsən?
Azad cığırı dolaşıq salmışdı.
– Çək yüyəni, bu tərəfə çək!.. Ədə, cilovu əldən buraxma!
Azad əl-qolunu, bütün bədənini hərəkətə gətirdi, “hə-hə” dedi, Kürən atı nəhayət döndərdi və dağın belində, nisbətən enli cığırda durmuş atlıya sarı sürdü.
– Vur Kürəni! Vur! Xasiyyətinə bələdəm ey, vur!.. Canında qorxu olmasa yeriməz!
Azad qara çubuğu havada yellədi. Kürən at yerişini azca sürətləndirdi. Atlılar sicim kimi dağın belinə dolanan cığıra baxa-baxa yollarına davam elədilər. Qabaqda Ədalət, dalda Azad.
– Yazığın gəlir, yoxsa vura bilmirsən?
– Dilsiz heyvandır.
– Üzdən yazıqdır.
– Görünür, yorulub.
– Ata nə yorğu? Dözümlüdür, vur, canı çıxsın işləsin!
Ədalət düzənliyə baxıb, qamçını var gücü ilə atın sağrısına yapışdırdı: şarapp!
Azadın Kürən atı qamçının şappıltısından ürküb dördnala götürüldü. Azad ayağını üzəngiyə basıb azca yəhərdən qalxdı. Qulağında külək vıyıldadı. Cilov ovçunu yandırdı.
Meşə aşağıda qaldı, düzənliyi də keçdilər. Dağ döşü əlvan çiçəklərin rənginə boyanmışdı. Bala quş ağzıtək açıq göy peyğəmbərçiçəyi, ağ mollabaşı, sarımtıl-qırmızı ulduzbaşlı ətirşah… Meh əsdikcə hündür ceyranotu həzin-həzin xışıldayırdı.
Uzaq yol gəlmiş Kürənin qarnı qalxıb-enirdi. Nəfəsi təngimişdi. Tərdən işım-işım işıldayırdı. Yalı boynuna yapışmışdı.
– Gördün ki! Əsl hikmət qamçıdadır! Vurmasan sürünəcək, tənbəlləşəcək.
– Bu, at fəlsəfəsidir.
– Hər nə ad verirsən ver, amma mən deyəndir.
Azad daha kəsərli söz axtardı:
– Çürük fəlsəfədir!
– Kitab kəlmələrini qoy dar şalvarının dərin cibinə. Mən sənə həyatdan deyirəm.
– Puç ideya xətrinə həyatdan qalxan kimi istifadə eləyənlər az deyil.
– Ağzın hələ isti yerdədir. Ocaq sönəndə qismət olar görüşərik, oxuduğun mahnıları dinləyərik.
– Ocağım sönməyəcək.
– Mən də sənin kimi düşünürdüm.
– Bəlkə ocağınız olmayıb?
– Sən iməkləyəndə biz düşmənin belini sındırırdıq, bala!
Ədalət atın başını elə çəkdi ki, at az qala şahə qalxdı.
Azad dinmədi. Mübahisəni uzatmaq istəmirdi. Ədalət Azadın susduğunu görüb azca yumşaldı:
– Tələsək, axşama az qalır. Dəstə acından qırıldı.
Ədalətin dediyi dəstə Qutor dağında faydalı qazıntılar axtaran kəşfiyyatçı geoloqlar dəstəsi idi.
Azadın bəxti gətirmişdi. Ekspedisiyanın rəhbəri Azadın kağızlarına, tələbəlik sənəd-arayışlarına baxmadan onu dəstəyə laborant götürmüşdü. Bəlkə döşündə birinci dərəcəli alpinist nişanı görmüşdü? Yaxud sorğu-suala vaxtı yox idi? Xahişə qulaq asdı, adını soruşdu və – götürdü. Dedi, maaşın bu qədər, işin bu, filan günü çıxırıq. Vəssalam.
İşgüzar adama oxşayırdı. Saçı ağarmışdı, lakin üzdən nisbətən cavan görünürdü. Azad sonralar eşitdi ki, ailəsi yoxdur. Ömrünü-gününü ekspedisiyalarda keçirib. Dincəlmək vaxtı çatmamışdı. Azərbaycanı qarış-qarış gəzmiş, Sibir tərəflərdə, Kamçatkada da olmuşdu. Oralarda hətta adına mədən də var, xüsusi geoloji xəritələrdə “Yuaq” adı ilə məşhurdur, yəni Yusif Əliyeviç Həsənov.
Azad geoloqlarla da, Ədalətlə də qatarda tanış oldu. Ədalət Azaddan on-on beş il böyük idi, ona görə də Azadla danışanda zarafata, nəsihətə daha çox əl atırdı. Azad cavab qaytarmasa da, söz altında qalmırdı, yeri gəldikcə Ədalətin dediklərinə öz münasibətini bildirirdi. Necə də bildirməsin axı? Söhbət ulduzlardan da gedir, çörəkdən də. Həqiqi və yalançı rəhbərlərdən və xalqdan. Çindən və müharibədən. Uzaq-yaxın keçmişdən və gələcəkdən. Söhbət uzun çəkmirdi. Axşam qazıntı işlərindən yorğun qayıdıb çay içəndə atışırdılar, sonra çadırlara çəkilib çöl yorğan-döşəklərinə girirdilər. Bəzən Yusif müəllim “bəsdir, yatın” deyir və danışıq yarıda kəsilirdi. Lakin sonra yenə davam edir, söhbət söhbəti gətirirdi. Azadın yanında məgər “əkşi, nə xalqbazlıqdır?”, yaxud “bu söz-söhbətlərlə camaatın fikrini indiki çətinliklərdən yayındırmaq istəyirlər” demək olar? Ədalətin “nə olsun ki?” kəlmələri quru saman olub mübahisə ocağını alovlandırırdı. Azad coşur, təzə dəlillərə əl atır, təzə faktlar gətirirdi. Dəstə rəisi baş geoloqla laborantın söhbətinə demək olar ki, qarışmırdı. “Nə xeyri? Qazıntı işlərinin gedişini düşünməliyik. Lazım olan metalı tapınca nə qədər süxur yığıb yoxlamalı, seçib ayırmalıyıq!” Vicdanla işləyən Yusif müəllim çox nadir hallarda məqsədinə çatmırdı. İndi də axtardıqları metalı tapacaqlarına əmin idi, başqa cür ola bilməzdi. “Söz-söhbətlərdən nə çıxar? Çalışmaq, axtarmaq və tapmaq lazımdır! Kimin haqlı olub-olmadığını bildin-bilmədin, nə xeyri? Çörək lazım, metal lazım, təmiz əl, ləkəsiz qəlb lazım…”
Azad gözünü Kürən atın sünbülü yalından çəkib, Ədalətin dağ günəşindən yanmış qırmızı boynuna, rəngi solmuş sətin pencəyinə dikdi. “Boynunun ardını tük basıb, dəlləyə getməyə vaxt tapmadı. Bazara, mağazalara qaçdılar, xurcunları yeməklə doldurdular”.
“Bəs bu baş geoloq yoldaş niyə isti evini buraxıb özünü dağa-daşa salır? Məsələ yalnız qazancdadırmı? İdealı nədir? Həyatda nə axtarır? Metalmı? İnammı?.. Müharibədə olub. Bir-iki ordeni var. Candan-qandan keçib, indi “nə xalqbazlıqdır?” deyir, cavanlıqda isə xalq yolunda həyatını verməyə hazır olub. Sağ qalıbsa, xoşbəxt təsadüfdür, ölə də bilərdi. Bəlkə mənim bu adam haqqında hökmüm yanlışdır? Birtərəflidir? Tələm-tələsik hökm verməkdə ustayıq!..”
Hündür dağı aşıb ondan da uca sıra dağlar gördülər. Çiyin-çiyinə durmuş nəhəng pəhləvanları xatırladan dağlar sanki dərindən nəfəs alırdı; qar qoxulu meh atlıların qızarmış üzlərini yaladı, kürəklərə yapışmış nəm köynəklərə dəydi, bədənləri soyutdu.
Aşağıdan, göz işlədikcə uzanan, dibi görünməyən aşağıdan qulaqbatırıcı gurultu qopurdu; bu, qalın meşəliklərdə gizlənmiş dağ çayının səsiydi.
Getdikləri dolama cığır dəvə belli qoşa dağı ikiyə bölən dərin dərəyə enirdi
Ədalətin atı enişi asanlıqla düşüb, yoxuşu da birnəfəsə qalxdı. Kürən atın ayağı daşlara dəydikcə sürüşür, çınqılı əzir, torpaqda batırdı. At böyük əzabla dərəyə endi, yoxuşa çıxıb bir-iki addımdan sonra dayandı.
– Ədə, qoyma dayansın! Vur o… – Ədalətin qəzəb dolu sözlərini dağ çayının gurultusu boğdu.
Azadın qara çubuğu-kar eləmədi, at durduğu yerdən tərpənmədi. Ürəyi az qala köpüklənən ağzından çıxacaqdı. Elə döyünürdü ki, guppultusunu dağ çayının nərəsi belə əridə bilmirdi.
Azad sağ ayağını üzəngidən çıxartdı, bir əli yəhərdə, o biri əli cilovda, atın belindən qorxa-qorxa yerə sürüşdü. At az qaldı dərəyə