Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:
– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə kafeşantan sözü dedin, o nə deməkdir?
– Kafeşantan, yəni xurma çuvalı… xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”2 Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən bilməzsən. “Şənidən key büvəd manəndi didən”3.
Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq iki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat, cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən özümü öldürəcəyəm.
Atam min manatı göndərib, sonra da bir kağız yazmışdı ki, “bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!
İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə mən işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alış-veriş elərəm ki, bir tacir bacarmıya.
Xülasə… Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb Əkbərdən üç günün müddətinə yüz manat qərz4 alıb yola düşdü.
Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, “bala, nə üçün belə tez qayıtdın?”. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”.
Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu.
O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin “Cökə xiyabanını” gözünün qabağından keçirirdi.
Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana.
Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm.
Əkbər cavab verdi ki, bəlkə anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma indi ki belədir, deyərsən:
“Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”.
Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.
Axşam Əkbər evə gəlib anasından izn istədi və vədə də verdi ki, tez qayıtsın. İzn alıb təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhab tək sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm.
Rüstəm dedi:
– Heç danışma, sənin borcun itaətdir.
Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlanları və iki rus xanımları əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi:
– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim.
Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi:
– Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb,