Zaman keçdikcə Ayın quruluşu ilə bağlı yeni biliklər meydana çıxdı. Bu biliklərdən isə belə fikir hasil olurdu ki, Ayda hava və su yoxdur. Deməli, orada canlı varlıqlar yaşaya bilməzdilər. Əgər yaşasalar belə, onlar Yer sakinlərindən çox fərqlənməli idilər. Yəni bizdən fərqli olaraq havaya və suya ehtiyac duymamalı idilər.
Yeni müşahidə üsulları sayəsində Ayın səthi haqda dəqiq məlumatlar toplamaq mümkün olub. Bu məlumatlardan belə görünür ki, onun ümumi diametri 2150 mildir, səthi Yer kürəsinin səthindən on üç, həcmi isə qırx doqquz dəfə kiçikdir.
«Topçular klubu» nun üzvləri öz niyyətlərinə çatmaq üçün hərəkətə keçəndə Ay haqqında bundan artıq heç nə bilmirdilər.
Barbikenin təklifindən sonra isə Amerikada hamı Yerin peyki barədə danışmağa başlamışdı. İnsanlar gün keçdikcə Ay ilə bağlı daha çox şey öyrənmək, daha çox suala cavab tapmaq istəyirdilər. Uşaqdan böyüyə hər kəsin söhbətinin başlıca mövzusu Ay idi. İş o yerə çatmışdı ki, artıq ən cahil yanki belə Yerin peyki barədə nəsə bilirdi.
Bir sözlə, Birləşmiş Ştatlarda hər kəsin indi bircə məqsədi vardı: Ayı fəth etmək və ABŞ-ın ulduzlu bayrağını onun ən hündür nöqtəsinə sancmaq!
6
Kembric rəsədxanasının cavab məktubundan sonra Barbiken və yoldaşları öz məqsədlərini həyata keçirmək üçün hazırlıq işlərinə başladılar. «Topçular klubu» nun sədri işləri icra edəcək xüsusi komitə yaratdı və onun üzvlərini təyin etdi.
Komitənin ilk üç iclasında top və mərminin hazırlanması, eyni zamanda lazımi qədər barıtın əldə edilməsi müzakirə olundu. Sonda həmin işlərlə məşğul olmaq Barbikenlə yanaşı, general Morqan, mayor Elfiston və Mastona tapşırıldı. Dördnəfərlik bu qrup vaxt itirmədən «Topçular klubu» nun sədrinin evində toplaşdı.
Sözə də elə Barbiken başladı:
– Əziz həmkarlar! Bura niyə yığışdığımız aydındır. Fikrimcə, ilk olaraq Aya atacağımız mərmi məsələsini həll etməliyik. Çünki hazırlayacağımız topun ölçüsü mərminin ölçüsündən və çəkisindən asılı olacaq.
– İcazənizlə müdaxilə edim, – Maston uca səslə dedi. – Mən də sizin kimi düşünürəm. Həm də ona görə ki Aya buraxacağımız mərmi eyni zamanda bizim elçimiz olacaq.
Mastonun son sözləri hamının marağına səbəb oldu. Odur ki onu ikiqat diqqətlə dinləməyə başladılar.
– Möhtərəm həmkarlar! – Maston yenidən uca səslə dilləndi. – İzninizlə nə demək istədiyimi geniş izah edim. Zənnimcə, mərmi insan ağlının ən parlaq təzahürüdür. İnsan mərmini yaratmaqla uca yaradana daha da yaxınlaşıb. İşığın, ulduzların, kometaların, planetlərin, peyklərin, səsin, küləyin sürəti Allahın işidir. Biz isə sürətinə görə qatarı belə arxada qoyan mərmi yaratmışıq!
Maston əməllicə cuşa gəlmişdi. O, mərmiyə təriflər yağdırmaqdan usanmırdı.
– Sizə rəqəmlər lazımdır? Elə isə, buyurun, – Maston alovlu şəkildə deyirdi. – Götürək çəkisi iyirmi dörd funt olan bapbalaca bir mərmini… Bu mərmi elektrik cərəyanından səkkiz yüz min dəfə yavaş hərəkət etsə də, topdan atılarkən səsdən daha sürətlidir. O, Aya on bir günə, Günəşə on iki ilə, Neptuna isə üç yüz altmış ilə çata bilər. İnsan ağlının və əməyinin məhsulu olan bu mərmi görün nələrə qadirdir! Əgər biz onun sürətini iyirmi dəfə artıra bilsək, necə?! Bu lap möcüzə olardı!
Maston ani susdu və bayaqkından da təntənəli şəkildə dilləndi:
– Ey qüdrətli! Mən göylərin səni layiqincə qəbul etməsini arzulayıram!
Dinləyənlər Mastonun alovlu nitqinə «Ura» sədaları ilə cavab verdilər. Maston həyəcan içində kreslosuna oturdu.
– İndi isə, – Barbiken dedi, – gəlin məsələnin konkret həllinə keçək.
– Biz hazırıq, – masadakı buterbrodlara girişən digərləri onun çağırışına hay verdilər.
– Haradan başlamalı olduğumuz, fikrimcə, hər birinizə aydındır: bizdən mərmiyə saniyədə on iki min yard sürət vermək tələb olunur. Hesab edirəm ki, biz bunu bacaracağıq. Lakin əvvəlcə hazırkı mərmilərin hansı sürətlə hərəkət etdiyini öyrənmək lazımdır. General Morqan, bizə bununla bağlı məlumat verməyə hazırsınızmı?
– Məmnuniyyətlə, – general cavab verdi. – Axı mən müharibə zamanı silahları sınaqdan keçirən komissiyanın üzvü olmuşam. Hazırda ilkin sürəti saniyədə beş yüz yard olan mərmilər də var, saniyədə səkkiz yüz yard sürətlə uçan, çəkisi yarım ton olan mərmilər də…
– Belə çıxır ki, səkkiz yüz yard hazırda ən böyük ilkin sürətdir? – Barbiken soruşdu.
– Bəli, – deyə general sakitcə cavab verdi.
– Deməli, başlanğıc sürətini iyirmi dəfə artırmaq lazımdır, – «Topçular klubu» nun sədri bunu deyib fikirli halda başını qaşıdı. – Gəlin tələb olunan sürətin müzakirəsini gələn iclasa saxlayaq. Hələliksə mərminin ölçüsündən danışaq. Şübhəsiz ki, burada söhbət yarım tonluq mərmidən getmir.
– Niyə ki? – mayor soruşdu. O, yenidən nəsə demək istəyirdi ki, Maston sözünü kəsdi:
– Çünki bu mərmi çox iri olmalıdır, əks təqdirdə o, Ay sakinlərinin diqqətini çəkməyəcək.
– Əlbəttə, elədir, – Barbiken dedi. – Lakin bundan da ciddi səbəb var.
– Barbiken, açıq danışın görək, nə demək istəyirsiniz? – mayor maraqla xəbər aldı.
– Məsələ burasındadır ki, – sədr aramla izah etməyə başladı, – Aya atəş açmaq azdır, mərmi bu göy cisminə çatanacan onu müşahidə etmək də lazımdır.
– Nə?! – mayorla general bir ağızdan qışqırdılar.
– Bəli, biz mərminin hərəkətini izləyə bilməliyik. Yoxsa təcrübəmiz nəticəsiz qalacaq, – Barbiken tövrünü pozmadan soyuqqanlı şəkildə dedi.
– Elədirsə, deməli, mərmimiz düşündüyümüzdən qat-qat böyük olmalıdır, – bu dəfə mayor fikirli halda başını qaşıdı.
– Heç də! – sədr sakitcə etiraz etdi. – Bəyəm sizin müşahidə cihazlarının necə təkmilləşdirildiyindən xəbəriniz yoxdur?! Müasir teleskoplar Ayı bizə qırx mil məsafəyədək yaxınlaşdırır. Bu cür məsafədə isə uzunluğu altmış fut olan cisimləri aydınca görmək, izləmək mümkündür. Ah, əgər Ayın zəif işığı olmasaydı… Bu işimizi daha da asanlaşdırardı.
– Heç nə başa düşə bilmirəm, – general təəccüblə dilləndi. – Ayın işığı güclü olsaydı, bu nəyi dəyişəcəkdi? Yoxsa siz diametri altmış fut