Karl İvanıç hirslənib məni dizi üstə küncə qoydu, xətkeşlə hədələyib üzr istəməyimi tələb etdi, halbuki göz yaşlarım mənə bir kəlmə belə olsun danışmağa imkan vermirdi. Nəhayət, Karl İvanıç özünün haqsız olduğunu anlayıb Nikolayın otağına getdi və dalınca qapını çırpdı.
Lələmin otağından gələn danışıq sinifdə eşidilirdi.
– Nikolay, uşaqların Moskvaya gedəcəyini eşitmisən? – Karl İvanıç soruşdu.
– Əlbəttə, eşitmişəm.
Mən küncdən durub qapıya yaxınlaşaraq xəlvətcə qulaq asmağa başladım.
Karl İvanıç kövrək səslə dedi:
– On iki ildir, Nikolay, mən bu evdə yaşayıram, Allah da şahiddir ki, onları öz balalarım kimi sevmişəm, bu evdə hamının işinə yaramışam. İndi uşaqlar böyüyüb, onlar ciddi şəkildə oxumaqla məşğul olmalıdırlar. Guya burda oxumurlar?
– Niyə ki, deyəsən, oxuyurlar, – Nikolay başı ilə təsdiqlədi.
– Bəli, indi mən gərəksiz olmuşam, məni qovmaq lazımdır. Bəs verdikləri vədlər hanı? – Karl İvanıç əlini sinəsinə qoyub əlavə etdi: – Mən Natalya Nikolayevnaya hörmət edirəm, onu çox sevirəm, Nikolay. Ancaq o kimdir ki?.. Onun sözü bu evdə keçmir. Mən bilirəm, bu hoqqalar kimindir. Mən gərəksiz olmuşam… Çünki mən yaltaqlıq etmirəm, başqaları kimi hər şeyə göz yummuram. Allah bilən məsləhətdir. Mənim buradan getməyimlə onlar varlanmayacaqlar, mən isə Allahın köməyi ilə özümə bir parça çörək taparam…
Karl İvanıç uzun-uzadı danışdı. Onun dərdi mənə təsir etmişdi. Yenə otağın küncünə qayıdıb çöməldim və az qala eyni dərəcədə sevdiyim atamla Karl İvanıçı necə barışdırmaq barədə düşünməyə başladım.
Karl İvanıç sinfə qayıdanda ayağa qalxmağımı və imla yazmaq üçün dəftər hazırlamağımı tapşırdı.
Saat 1-ə 15 dəqiqə qalmışdı, lakin Karl İvanıç sanki bizi evə buraxmaq istəmirdi; bir ucdan yeni tapşırıqlar verirdi. Naharın yaxınlaşdığını sübut edən bütün əlamətləri böyük səbirsizliklə izləyirdim. Budur, Mimi Lyuboçka və Katenka ilə (Katenka Miminin qızı idi, onun on iki yaşı var) bağdan gəlirlər, lakin həmişə yeməyin hazır olduğunu bildirən eşikağası3 Foka görünmür. Yalnız o gələndə kitabları tullayıb Karl İvanıça əhəmiyyət vermədən aşağıya qaçmaq olar.
Budur, pilləkəndə addım səsləri eşidilir; lakin gələn Foka deyil! Qapı açıldı və tanımadığım bir adam qapının ağzında peyda oldu.
Divanə
Əlli yaşlarında bir adam otağa girdi. Onun çiçək xəstəliyindən çopurlaşmış uzunsov sifəti, çal saçları və seyrək, sarımtıl saqqalı var idi. Boyu o qədər uzun idi ki, qapıdan keçmək üçün nəinki başını, həm də bədənini əyməliydi. Əynində kaftana oxşar cırıq paltar, əlində əsa var idi. Onun bir gözü çəp idi.
O, xırda addımlarla Volodyaya tərəf qaçıb:
– Aha! Əlimə düşdünüz! – deyə qışqırdı, onun başından yapışıb təpəsinə diqqətlə baxdı. Sonra da tamamilə ciddi bir ifadə ilə Volodyadan aralanıb stolun yanına gəldi, müşəmbənin4 altını üfləyərək xaç vurmağa başladı.
Bu adam səfil Qrişa idi.
O haradan gəlmişdi? Ata-anası kim idi? Niyə səfil həyatı keçirirdi? Bunu heç kəs bilmirdi. Mən yalnız bunu bilirəm ki, on beşinci ildən bəri yayda da, qışda da monastırları ayaqyalın gəzib-dolaşan və anlaşılmaz sözlər danışan divanə kimi məşhurlaşmışdı. Bəziləri onun qeybdən xəbər verdiyinə inanırdılar.
Nəhayət, çoxdan gözlədiyimiz Foka gəlib çıxdı və biz aşağı endik. Qrişa da mənasız sözlər danışa-danışa dalımızca gəlirdi. Atamla anam əl-ələ verib qonaq otağında gəzişir, nə haqdasa yavaşca söhbətləşirdilər. Marya İvanovna kresloların birində əyləşib ciddi, təmkinli bir səslə yanında oturmuş qızlara nəsihət verirdi.
Mimi çox dözülməz qadın idi. Onun yanında heç nə danışmaq olmurdu. Hər şeydə bir nəzakətsizlik görürdü.
Böyüklər qabağa düşüb yemək otağına keçəndə Katenka gödəkçəmdən dartıb pıçıltı ilə dedi:
– Atandan xahiş et, bizi də ova aparsın.
– Yaxşı, çalışaram, – dedim.
Qrişa yemək otağında, lakin başqa stolda nahar edirdi. Arada öz-özünə danışırdı: «Yazığım gəlir!.. Uçub-getdi… Göyərçin uçacaqdı… Ah, qəbrinin üstündə daş var…»
Anam atama bir boşqab şorba verərək dedi:
– Ah, az qalmışdı bir şeyi səndən xahiş etməyi unudum.
– Nə olub?
– Lütfən, tapşır ki, o qorxunc itlərini zəncirləsinlər. Qrişa həyətdən keçəndə az qala yazığı qapsınlar. Onlar uşaqların da üstünə cuma bilərlər.
– Aha! Başa düşdüm… Bilirsənmi, mənim, ümumiyyətlə, bu kimi adamlarla aram yoxdur, – atam sözünə fransızca davam etdi: – Çox yaxşı edirlər ki, belələrini həbsə atırlar. Onların xeyri onsuz da əsəbləri zəif olan bəzi adamların kefini pozmaqdır.
Anamın onun fikri ilə razılaşmadığı hiss olunurdu, ancaq mübahisə eləməyə də həvəs göstərmədi.
– Sənə bircə onu deməliyəm ki, altmış yaşı olmasına baxmayaraq qışda da, yayda da ayaqyalın gəzən, həmişə paltarının altında iki pud ağırlığında zəncir gəzdirən, dinc yaşamaq təklifindən dəfələrlə imtina edən bir adamın bütün bunları tənbəllik üzündən etməsinə inanmaq çətindir. Qeybdən xəbər verməyə gəlincə, – anam ah çəkərək əlavə etdi: – Kiryuşa rəhmətlik atamın ölümünü gününə, saatına kimi demişdi.
Nahar qurtarmaq üzrə idi. Lyuboçka ilə Katenka gizlincə bizə göz vururdular. Göz vurmalarının mənası bu idi: «Niyə xahiş etmirsiniz ki, bizi ova aparsınlar?» Nəhayət, Volodya cürətə gəldi, əvvəl utana-utana, sonra qətiyyətlə dedi ki, uzun müddət ayrı qalacağımıza görə bu gün qızların bizimlə birlikdə ova getmələrini istəyirik. Böyüklər qısa məşvərətdən sonra razılaşdılar. Hamıdan çox ürəyimizə yatan isə bu oldu ki, anam da bizimlə gedəcəyini dedi.
Nahardan sonra biz hamılıqla ova getdik. Bütün ailənin, xüsusən də anamızın bizimlə gəlməsi ovu çox maraqlı və yaddaqalan elədi.
Katenka
Biçinin qızğın vaxtı idi. Göz işlədikcə uzanan zəminin bir ucu gedib meşəyə dirənirdi. Meşə o zaman mənə ən uzaq, əsrarəngiz yer kimi görünürdü. Mənə elə gəlirdi, meşənin o tərəfi ya dünyanın axırıdır, ya da o tərəflərdə insan yaşamır.
Ovdan sonra biz, yəni uşaqlar qayınağacıların altına döşənmiş xalçanın ətrafında dövrə vurub əyləşmişdik. Dondurma və