Arı balası Maya. Вальдемар Бонзельс. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Вальдемар Бонзельс
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243512 
Скачать книгу
doğru uçdum. Məni iki qürub günəşi müşayiət edirdi, biri səmada, biri də suda. Bəlkə də, o axşam yer üzünün ən kədərli və vüqarlı məxluqu mən idim! Siz heç belə hisslər yaşamısınız? Ümidvaram ki, mənə söyləyəcəksiniz…

      – Yox! – Maya cavab verdi. – Mənim həyatımda indiyədək kədərli heç nə olmayıb!

      – Onda taleyə minnətdar olun! – Şnuk məyus-məyus dedi.

      Arıcığaz soruşdu ki, bəs qurbağanın axırı necə oldu.

      – Qurbağa? Məncə, o da ölmüşdü. Ona belə də lazım idi! Mən onun qaçmağa çalışdığını gördüm, amma bir pəncəsi və bir gözü olmadığı üçün yerində fır-fır fırlanırdı. Bu çox gülməli idi. «Ümid edirəm ki, tezliklə leyləyə yem olacaqsan!» – dedim, bu arzu ilə də uçub getdim.

      – Yazıq qurbağa, – balaca Maya kədərləndi.

      – Xahiş edirəm, elə deməyin! – iynəcə hiddətlə səsini qaldırdı. – Siz lap ağ elədiniz. Həşərat nədir, qurbağaya yazığı gəlmək nədir! Həyat barədə çox az məlumatınız var!

      – Əlbəttə! Amma başqalarının əzab çəkmələri də ağırdır…

      – Cavan olduğunuz üçün belə düşünürsünüz, – iynəcə Mayanı sakitləşdirdi.

      – Yəqin, yaşa dolduqca dəyişəcəyəm. Bura get-gedə sərinləşir. Mən günəşə doğru uçuram. Xudahafiz!

      Maya ona tanış olan səsləri eşitdi və iynəcənin qanadları daş-qaş kimi minlərcə rəngə çaldı. O gözdən itdi və çox keçmədi ki, Maya onun mahnısını eşitdi. Bu uzun mahnı arıcığazın ürəyini həm kədər, həm də sevinclə doldurdu.

      Buludlar arxasından

      Günəş boylanan zaman

      Sular da par-par yanır.

      Çayda qamışlar üstə

      Zanbaqlar dəstə-dəstə

      Astaca yırğalanır.

      Uçub çəkməyəsən qəm,

      Nə gözəldir bu aləm,

      Bu böyük, geniş səma.

      Xoş gün görən qəm yemir

      Qısa olsa da ömür,

      Parlaq, şən keçir amma!

      Mayanın yanından iki kəpənək uçub keçdi.

      – Sən bir iynəcənin mahnısına qulaq as! – ağ kəpənək rəfiqəsinə dedi. Balaca Maya da qanadlarını açdı və astadan vızıldayıb meşə gölünün gümüşü səthi ilə vidalaşaraq uçub getdi.

      İFİ VƏ KURT

      Maya səhəri gün oyanıb özünü mavi bir zəngçiçəyinin kasacığında gördü. Birdən hiss elədi ki, havada xəfif meh var, çiçək azacıq yırğalandı, nəsə yüngülcə ona toxundu. Açıq kasacığa nəm ot və torpaq iyi doldu. Hava çox soyuq idi.

      Maya sarı erkəkciklərdən bir az tozcuq yığıb üst-başını təmizlədi və ehtiyatla bayıra baxdı. Sərin yağış yağır, ətrafa minlərlə şəffaf inci dənələri səpələnirdi. Bu damcılar çiçəklərə, yarpaqlara, otlara düşür, torpağı təravətləndirirdi.

      Maya bərk təəccübləndi, çünki yağışın nə olduğunu bilmirdi. Ömründə ilk dəfə idi ki, yağıntı görürdü. Yağış çox xoşuna gəldi, gözlənilmədən özünü xoşbəxt hiss etdi. Amma Kassandranın «yağışlı havada bayıra çıxmaq olmaz» məsləhətini xatırlayıb narahat oldu. Başa düşdü ki, qanadlarını çətinliklə gərəcək, soyuqdan isə sadəcə xoşu gəlmirdi. Maya dünənki günəş işığından ötrü darıxdı: necə şən və qayğısız bir gün idi!

      Səhər təzəcə açılmışdı, otluqda yaşayan bütün sakinlər oyanırdı. Maya zəngçiçəyinin kasacığında oturub özgə həyatın canlanmasına baxırdı. Bu elə maraqlı idi ki, o hətta doğma pətəyi üçün darıxdığını belə unutdu. Əyləncəli odur ki, özün yuxarıda oturub hamını görürsən, ancaq səni heç kim görmür.

      Buna baxmayaraq balaca arının yadına yenə ev düşdü. Yəqin ki, indi arılar pətəkləri düzəldir, ya da balaca sürfələri yemləyirlər. Bayırda yağış yağanda pətəyin içi isti və rahat olur! Yalnız müşahidə aparanlar hərdənbir küləyin istiqamətini müəyyən etmək, yağışın kəsib-kəsmədiyini öyrənmək üçün bayıra baxırlar. Kraliça öz krallığını gəzir, mərtəbədən mərtəbəyə keçib hər şeyi yoxlayır. Kimini tərifləyir, kimini danlayır, ora-bura yumurta aparır, hamı da onun gəlişindən özünü xoşbəxt hiss edir. Onun xeyirxah baxışı, yaxud xoş bir sözü arıları nə qədər sevindirir! Bəzən öz işçi həyatına yenicə başlamış gənc bir arının başını mehribanlıqla tumarlayır, onun nə kimi çətinliklərlə üzləşdiyini soruşur.

      Amma bunun nəyi xoşbəxtik oldu axı – doğma arıların əhatəsində yaşayasan, biləsən ki, onlar sənə hörmət bəsləyir və səni qorumağa hazırdırlar! Maya burada təhlükələri tək-tənha qarşılamağa həmişə hazırdır. Bəs yağış kəsməsə, nə yeyəcək? Zəngçiçəyinin şirəsi yoxdur, tozcuğu isə tez tökülür… Səyahəti ərzində ilk dəfə başa düşdü ki, günəş ona necə lazımdır! Əgər günəş olmasaydı, heç kəs qayğısız olmazdı, hamı ciddi olardı! Amma Maya günəşi xatırlayan kimi ürəyi sevinc və qürurla doldu: axı o, tək yaşamaqdan qorxmurdu! Gör nələr görmüş, nələr yaşamışdı! Amma başqa arılar uzun ömür sürsələr də, bunların hamısından xəbərsizdirlər. Yox, həyat təcrübəsi elə bil nemətdir ki, ondan ötrü təhlükələrlə qarşılaşmağa dəyər!

      Aşağıda, ot saplaqlarının arası ilə qarışqalar gedirdi. Harasa tələsirdilər. Oxuduqları mahnının ahənginə uyğun addımlayırdılar. Amma bu mahnı nədənsə balaca arını qəmləndirdi:

      Ömür qısa, gün qısa,

      Tez ötüb-keçir yaman.

      Biclərsə axmaqları

      Aldadırlar hər zaman.

      Qarışqalar yaxşı silahlanmışdılar, təhlükəli və cəsarətli görünürdülər. Tezliklə uzaqda gözdən itdilər. Amma kimisə oyada bildilər. Kobudtəhər, cingiltili səs eşidildi və böyük bir çiçəyin ləçəkləri aralandı. Oradan iri, gonbul bir böcək çıxdı. O, başdan-ayağa parıldayan zirehlə örtülmüşdü, bu zireh gah göy, gah yaşıl, gah da qara rəngə çalırdı! Böcək Mayadan azı iki-üç dəfə böyük idi. Maya fikirləşdi ki, bu zirehi deşmək mümkün deyil, üstəlik də böcək sərt və qorxunc səs çıxarır. Qarışqalar onu oyadıb kefini pozublar. Böcəyin saçları dağınıq idi, acıqla yuxulu-yuxulu gözlərini silirdi.

      – Mən gəlirə-əm! – deyə vızıldadı. – Yol veri-in!

      «Nə yaxşı ki mən zəngçiçəyinin içində oturmuşam!» – Maya sevindi. Burada özünü təhlükəsiz yerdə hiss etməsinə baxmayaraq yenə də bir az qorxdu…

      Böcək sıx bitmiş nəm otların arası ilə ayaqlarını sürüyə-sürüyə gedirdi. Sözün düzü, elə bir gözəlliyi də yox idi. Gəlib düz Mayanın gizləndiyi zəngçiçəyinin altında dayandı. Solmuş yarpağı