Mio, mənim Miom. Астрид Линдгрен. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Астрид Линдгрен
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242843 
Скачать книгу
At düz mənə tərəf gəlir, sevinclə kişnəyirdi. Heç vaxt belə coşqun kişnərti eşitməmişdim. Bir az qorxub atama sığındım. Ancaq atam möhkəm əli ilə atın yalından tutdu, at dayanıb yerindəcə durdu. Sonra qənd tapmaq ümidiylə yumşaq burnunu mənim cibimə toxundurdu. Kalle-Loş da eynilə bu cür edirdi. Xoşbəxtlikdən cibimdə qənd parçası vardı. Görünür, köhnə adətim üzrə cibimə qoymuşdum. At onu tapıb xırçıldada-xırçıldada yedi.

      – Mio, mənim Miom, – atam dilləndi, – bu sənin atındır, adı da Miramisdir.

      Ah, mənim Miramisim! Səni ilk baxışdanca sevdim. Bütün dünyanı gəzsən də, belə gözəl at tapa bilməzsən. O, qoca, əldən düşmüş işlək Kalleyə heç bir damcı da oxşamırdı. Miramis öz gözəl başını qaldırıb mənə baxana qədər, hər halda, heç bir oxşarlıq tapmadım. O zaman gördüm ki, gözləri eynilə Kalleninki kimidir. Bütün atların gözləri kimi çox sədaqətlidir.

      Ömrümdə heç zaman ata minməmişdim. Atam məni Miramisə mindirdi.

      – Bilmirəm sürə bilərəmmi?

      – Mio, mənim Miom, – atam dedi. – Məgər sənin cəsur ürəyin yoxdurmu?

      Əlimi cilova atan kimi bağdakı qovaq ağaclarının altı ilə çapmağa başladıq, gümüşü yarpaqlar ilişib saçlarımda qaldı.

      Mən daha sürətlə çapırdım, Miramis ən hündür qızılgül kollarının üstündən tullanıb keçirdi. Yalnız bircə dəfə canlı çəpərə toxundu, arxamızca bir yığın çəhrayı ləçək uçuşdu.

      Bu zaman bağa Yum-Yum gəldi. Məni at üstündə görəndə əl çalıb qışqırdı:

      – Mio Miramisi çapır! Mio Miramisi çapır!

      Mən atı saxlayıb Yum-Yumdan soruşdum ki, gəzmək istəyirmi. Necə istəməsin! O, dərhal ata sıçrayıb arxamda oturdu. Biz qızılgül bağlarının arxasınca uzanıb gedən yaşıl çəmənliklərlə çapmağa başladıq. Ömrümdə belə hislər keçirməmişdim.

      Atamın krallığı böyükdür. Uzaq-uzaq ölkə isə onun torpaqları arasında ən böyüyüdür. O, şərqdən qərbə, şimaldan cənuba uzanır. Kralın qəsri ucalan ada Yaşıl Çəmənliklər adası adlanır.

      – Gedək körfəzin o biri tərəfinə, dağların dalında Dənizarxası və Dağarxası ölkələr yerləşir. Onlar da atanın krallığına daxildir! – biz yaşıl çəmənliklərlə at çaparkən Yum-Yum mənə qışqırdı.

      Ətrafımız çox gözəl idi: yumşaq, təravətli otlar, ala-bəzək çiçəklər… zümrüdü yaşıl təpələrdə isə yumşaqtüklü quzular otlayır. Balaca çoban tütəkdə şirin bir hava çalır. Mənə elə gəldi ki, onu əvvəllər eşitmişəm, amma harada eşitdiyimi yadıma sala bilmədim. Hər ehtimala qarşı Uplandsqatan küçəsində eşitmiş olaram, bu dəqiqdir.

      Mən atı saxladım, biz söhbət eləməyə başladıq. Çobanın adı Nonno idi. Mən soruşdum ki, tütəyi mənə çalmağa verərmi. O nəinki tütəyi verdi, həm də mənə öz havasını öyrətdi.

      – İstəyirsiz, sizə tütək düzəldim? – soruşdu. Söz yox ki, çox istəyirdk. Yaxınlıqda çay axırdı. Salxım söyüd budaqlarını çayın üzərinə sallamışdı. Biz sahildə oturub ayaqlarımızı suya saldıq, Nonno da bizə tütək düzəltməyə başladı. Dedi ki, tütəkdə çaldığı nəğmə dünyada ən qədim nəğmədir. Çobanlar onu min illər bundan əvvəl otlaqlarda çalırlarmış.

      Biz tütək düzəltdiyinə və qədim nəğməni bizə öyrətdiyinə görə Nonnoya təşəkkür elədik. Sonra ata minib yolumuza davam etdik. Nonnonun tütəyinin zəifləyən səsi hələ bir xeyli müddət eşidildi.

      – Bu tütəkləri saxlayaq, – Yum-Yuma dedim. – Hansımızdan biri dara düşsə, qoy tütəkdə çoban havasını çalsın.

      Bu an Yum-Yum atdan yıxılmasın deyə əlləriylə məni arxadan tutdu və dedi:

      – Hə, biz bu tütəkləri saxlayacağıq, əgər mənim tütəyimin səsini eşitsən, bil ki, səni çağırıram.

      – Yaxşı, – cavab verdim, – sən də mənim tütəyimin səsini eşitsən, bil ki, mən də səni səsləyirəm.

      – Oldu, – dedi Yum-Yum.

      Mən düşündüm ki, indi o mənim ən yaxın dostumdur. Əlbəttə, atamı saymasaq. Atamı dünyada hamıdan çox sevirdim. Madam ki daha Benkayla görüşə bilmirəmsə, Yum-Yum mənim yaşıdım və ən yaxın dostumdur.

      Nə yaxşı oldu! Mənim atam, Yum-Yumum, Miramisim var, indi mən azad külək kimi təpələri, çəmənləri dolaşa bilərəm. Əlbəttə, belə bir xoşbəxtlikdən adamın başı hərlənər.

      – Bəs Dənizarxası və Dağarxası ölkələrə necə getmək olar? – Yum-Yumdan soruşdum. O cavab verdi:

      – Sübh Şəfəqi körpüsündən keçməklə.

      – Haradadır o körpü? – deyə maraqlandım.

      – İndi görərsən, – Yum-Yum dedi. Doğrudan da, tezliklə körpünü gördüm. O elə nəhəng və uzun idi ki, deyərdin bəs ucu-bucağı yoxdur. Körpü günəşin işığında par-parparıldayırdı, elə bil qızılı günəş şüalarından düzəldilmişdi.

      – Bu, dünyada ən böyük körpüdür, – Yum-Yum dedi. – O, Yaşıl Çəmənliklər adasını Dənizarxası ölkəylə birləşdirir. Amma gecələr kralın əmriylə onu qaldırırlar ki, biz Yaşıl Çəmənliklər adasında rahat yataq.

      – Nə üçün? – soruşdum. – Gecə bizə kim hücum edə bilər ki?

      – Cəngavər Kato!

      O bu sözləri deyən kimi çöllərə soyuq gəldi, Miramis titrədi.

      Cəngavər Kato haqqında birinci dəfəydi ki, eşidirdim, ucadan təkrar etdim:

      – Cəngavər Kato!

      Bunu demişdim ki, mənim də kürəyimdən gizilti keçdi.

      – Qəddar cəngavər Kato, – Yum-Yum əlavə etdi.

      Miramis həyəcanla kişnədi və biz susduq. Əlbəttə, çox istəyirdik ki, Sübh Şəfəqi körpüsündən keçək, amma atamdan icazə almamışdım axı. Buna görə də bağa qayıtdıq. Birinci səyahətimiz belə sona çatdı. Həmin gün Miramisi bir xeyli çimizdirdik, yalını daradıq, tumarladıq, Yum-Yumun anasının bizə verdiyi qəndə, çörəyə qonaq elədik.

      Yum-Yumla bağda daxma düzəltmişdik. Bütün dadlı yeməkləri orada yeyirdik. Hər şeydən çox xoşumuza gələn şəkər tozu səpilmiş nazik kökələr idi. Kökə deyil, bal idi, bal. Benkanın anası da kökə bişirərdi, hərdənbir dadına baxırdım. Amma Yum-Yumun anasının bişirdiyi kökələr daha dadlı idi. Benka tez-tez mənə Vaksholmdakı bağ evində daxma düzəltməyindən danışırdı. Yaxşı olardı ki, ona yazıb Yum-Yumla düzəltdiyimiz daxmadan danışım. Yazardım ki, burada, Uzaq-uzaq ölkədə özümə elə gözəl daxma düzəltmişəm ki!

      ULDUZLAR MUSİQİNİ XOŞLAYIRMI?

      Ertəsi gün yenə ata minib Nonnonun yanına getdik. Əvvəlcə onu tapa bilmədik. Sonra təpənin dalından onun tütəyinin səsini eşitdik. Nonno otluqda oturub öz mahnısını çalırdı, qoyunları da sakit-sakit otlayırdı. Bizi görcək tütəyi dodaqlarından araladı, tüpürdü, gülərək