– Qorxmayın, atəş açmayacağam.
Tarzan Kudla üz-üzə dayandı.
– Bəlkə, silahınızda nasazlıq var, müsyö, – qraf özünü güclə ələ aldı. – Mənimkini götürün, davam edək.
Əvəzində Tarzan öz tapançasını de Kuda uzatdı.
– Deyəsən, ağlınız çaşıb…
– Yox, dostum. Mən cəzaya layiqəm. Götürün.
– O zaman bu, duel yox, qətl olar.
– Qrafinya ilə mənim aramda heç nə baş verməyib. Amma belə çıxır ki, mən onun adına ləkə gətirmişəm. Günahımı yuya biləcəyimə ümid edirdim. Təəssüf ki, siz deyilən qədər də sərrast atıcı deyilmişsiniz, qraf.
– Günahkar olduğunuzu boynunuza alırsınız?
– Tamamilə, müsyö. Arvadınız sədaqətli qadındır, sizi sevir. Bilmək istəyirsinizsə, mən sizin evinizə nə öz xoşumla, nə də qrafinyanın dəvəti ilə gəlmişdim. Buyurun, bu da sübutu.
Tarzan Rokoffun izahatını cibindən çıxarıb de Kuda verdi.
Qraf kağızı oxuyub başa çatana qədər kimsədən səs çıxmadı.
De Kud da bütün fransızlar kimi çılğın idi. O, Tarzanı qucaqlayıb öpdü.
– Siz, həqiqətən, çox cəsur və alicənab insansınız!
Floberlə d'Arno da qucaqlaşdılar. Tək qalmış həkim qrafa yaxınlaşdı və Tarzanın yaralarını sarımağa icazə istədi.
Güllələrdən biri Tarzanın sol çiynindən, digəri sol böyründən dəymişdi. Amma yaralar ölümcül deyildi. Həkim qanaxmanın qarşısını vaxtında aldı.
Şəhərkənarı düzənliyə ölüm savaşına çıxmaq üçün gəlmiş iki nəfər buradan dost kimi ayrıldı. Xüsusilə de Kudun kefi kök idi: arvadının ona xəyanət etmədiyi sübuta yetirilmişdi.
Həkimin təkidi ilə Tarzan bir neçə gün yataqda qaldı. Meymun-adam razılaşmaq istəmirdi:
– Gülünc iynə deşiyinə görə məni yerimdən qalxmağa qoymursunuz. Bir vaxtlar Bolqani bədənimi tikə-parça edəndə heç başımın altında belə yumşaq balış yox idi. Kala milçəklərimi kol budağı ilə qovurdu, içməli suyu ağzında gətirirdi. Həkim görsəydi, dəli olardı.
Həmin günlər de Kud tez-tez Tarzana baş çəkirdi. Onun sağalandan sonra işə düzəlmək istədiyini biləndə qraf kömək edəcəyinə söz verdi. Gənc dostu yataqdan qalxan kimi onu yanına çağırdı.
– Sizə çox maraqlı və məsuliyyətli bir iş tapmışam. Bu işdə sizə tək ağlınız deyil, cəsarətiniz və fiziki qüvvəniz də lazım olacaq. Səfərlərə çıxacaqsınız, bilirəm ki, gəzməyi xoşlayırsınız. Hələlik kiçik vəzifədən başlayaq, ardına baxarıq.
Qraf Tarzanı çalışdığı nazirliyin idarə rəisi general Roşerin yanına apardı. Yarım saatdan sonra Tarzan generalın otağından Fransanın hərbi nazirliyinin əməkdaşı kimi çıxdı. İlk tapşırığını da almışdı. Günü sabah Parisi tərk etməliydi: qarşıda onu çox maraqlı səfər gözləyirdi.
Təbii ki, Tarzan sevincini birinci növbədə ən yaxın dostu ilə bölüşdü. Amma d'Arno onun sevincinə şərik çıxmadı.
– Bunun nəyi şad xəbərdir? Parisdən gedirsiniz və biz aylarla görüşməyəcəyik. Mənə elə gəlir ki, siz mənə qarşı, ən azı, hörmətsizlik edirsiniz.
– Yox, Pol. Sadəcə, mən uşaq kimiyəm. Özümə təzə oyuncaq tapmışam və bundan çox məmnunam.
Ertəsi gün Tarzan Parisdən Marselə yola düşdü. Oradan gəmi ilə Afrikaya gedəcəkdi.
VII fəsil
Sidi-Aissa rəqqasəsi
İlk tapşırıq Tarzanı çox da maraqlandırmadı. Jernua adlı bir leytenant əvvəl qərargahda işləmiş, sonra Əlcəzairə, Sidi-bəl-Abbas şəhərinə təyinat almışdı. Qərargahda olanda əlindən çox mühüm məxfi sənədlər keçirmiş. Fransızlar leytenantın bu sənədlərin üzünü çıxarıb Avropa ölkələrindən birinin kəşfiyyatına ötürdüyündən şübhələnmişdilər.
Xəyanət – ağır cinayətdir. Tam əminlik olmadan zabitə qarşı belə ittiham irəli sürmək olmaz. Ona görə də Tarzan amerikalı ov həvəskarı adı ilə Əlcəzairə getməli, orada Jernuanı gözdən qoymamalı idi.
Afrikaya qayıtmağı Tarzanı sevindirirdi, düzdür, qitənin şimal sahilləri onun doğulub-böyüdüyü cəngəllikllərə az oxşayırdı, amma, hər halda, burnuna vətənin iyi dəyirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.