Yalnız indi mən it ulartısını xatırladan bir səs eşitdim. Əvvəlcə mənə elə gəldi ki, bu səsi çıxaran alliqatordur. Ancaq bu sürünənlər yalnız körpə vaxtı küçük kimi zingildəyir. Mulatın arxasınca sürünən alliqatorsa böyük idi. Bundan başqa, səs Sarı Cek tərəfdən gəlirdi. Deməli, onun arxasınca çəkib apardığı opossum deyil, it imiş.
Yenidən həmin səs gəldi və mulatın qarğıdalıların arasından çıxdığını gördüm. O, qarğıdalı sahəsindən çıxmazdan əvvəl dikəlib ətrafa göz gəzdirdi. Güman ki, kənardan görünməsini istəmirdi. Bunun səbəbi nə idi?
Qarğıdalı tarlasından sonra indiqo plantasiyası gəlirdi. Plantasiyada indiqonun hündürboy “yalançı Qvatemala” növü bitirdi. Onun arasında əyilərək gözə görünmədən getmək olar. Görünür, mulat da elə bu fikrə gəlmişdi. Bir qədər tərəddüddən sonra o, iməkləməyə başladı. Sarı Cek arabir dayanıb küçüyü özünə tərəf dartır, heyvansa ağrıdan zingildəyirdi.
Alliqator mulatdan cəmi əlli addım aralı idi və birdən mən hər şeyi başa düşdüm. Sən demə, mulat alliqatoru küçüklə tovlayırmış! Mən alliqator ovçularının özlərindən eşitmişdim ki, alliqatorlar zingildəyən itin arxasınca çox uzun məsafə qət etməyə hazırdırlar. Onların fikrincə, bu amansız canlılar it zingiltisini məmnuniyyətlə yedikləri balalarının səsinə bənzədirlər.
Belə çıxırdı ki, mulat hansısa məqsədlə alliqatoru evə tərəf aparırdı. Amma onun göstərdiyi səy tənbəl təbiəti ilə heç cür uyuşmurdu. Bəs o, alliqatorun köməyi ilə hansı şər işi törətmək istəyirdi? Axı quruda alliqatordan qorxan yoxdur. Burada o heç kim üçün təhlükəli deyil.
Portağallıq ilə böyük nohur arasında süni, tısbağaların süfrə üçün bəsləndiyi “tısbağa yuvası” adlanan kiçik bir nohur vardı. Sarı Cek onun yanından keçib böyük nohura yaxınlaşdı. Əvvəlcə evə tərəf, sonra isə hiss olunan bir məmnunluqla dönüb gəldiyi tərəfə baxdı və küçüyü suya tolazladı. Sonra portağallığa girib gözdən itdi.
Soyuq suya düşən küçük dayanmadan zingildəyir və var gücü ilə çapalayırdı. İt zingiltisinə gələn alliqator cəld suya atıldı və öz qorxunc dişləriylə qurbanını tutub bir andaca suyun altına çəkildi.
Virciniyanın xilası
Mən elə fikirləşirdim ki, mulatın niyyətinin üstünü açmışam. Nohur bacımın sevimli xırda bəzəkli balıqları ilə dolu idi. Balıq isə alliqatorların sevimli qidasıdır. Belə qorxunc bir yırtıcı bütün nohuru boşaldar və bu, balıqların yiyəsinə böyük kədər, Sarı Cekə isə fərəh bəxş edərdi. Ancaq sonra bəlli oldu ki, mən ancaq yarıyadək düz fikirləşmişəm. O zaman elə gənc və təcrübəsiz idim ki, insan kininin hansı həddə çata biləcəyindən xəbərsizdim.
Birdən ağlıma gəldi ki, tez evə gedib gördüklərimi xəbər verim. Amma elə bu an maral sürüsünün olduğum yerə lap yaxınlaşdığını gördüm. Qərara gəldim ki, evə əliboş qayıtmayım. Qayadan endim və itləri qayışdan açıb buraxdım. Özüm də qışqıraraq irəli yüyürdüm.
Marallar elə sürətlə qaçırdılar ki, itlərdən ən cəldi yalnız savannanın kənarında marallardan birinə çatıb onun boğazından yapışa bildi. Bu, qiyamət bir ov idi. Mən itlərdən, ovdan və şəxsi rəşadətimdən çox razı halda öldürülmüş dişi maralı çiynimə aşırdım və evə tələsdim. Elə bu an səmada iki böyük quşun uçduğunu gördüm. Onlar çalağan idi, özü də bu quş növünün ən gözəl nümayəndələri olan “Kral çalağanları”. Floridanın vəhşi savannalarında yaşayan bu quşların plantasiyanın üzərin- dən uçması qəribə idi. Mənə elə gəldi ki, onları çiynimdəki maral cəmdəyi cəlb edir, ona görə də cəmdəyi yerə qoyub özüm bir az aralıda ağacların arxasında gizləndim. Quşlar heç nədən şübhələnmədən aşağı enməyə başladılar. Onlardan birinin ayağı yerə dəyər-dəyməz atəş açdım və quş cansız halda otların üstünə sərildi.
Ürəyim gizli bir fərəhlə döyünürdü. Maralı da, quşu da çiynimə aşırıb evə sarı tələsdim. Elə xoşbəxt idim ki, yüküm mənə bir qu tükü kimi yüngül gəlirdi. Evə çatanda məni eyvanda dayanmış anam qarşıladı.
– Bu nə quşdur? – o soruşdu.
– Kral çalağanıdır. Virciniya üçün hədiyyədir. Hanı o?..
– Bir az bağda oynayıb getdi.
– Bəs indi haradadır?
– Çimməyə getdi.
– Çimməyə?
– Hə, Viola ilə getdi. Nə olub ki?
– Ah, ana, ah!
– Corc, nə olub?
– Aman Tanrım! Alliqator! Sarı Cek! Alliqator!
Mən bircə bunları deyə bildim. Nohura tərəf əyri-üyrü cığırla deyil, bütün maneələri hoppanıb keçərək ən qısa yolla qaçırdım. Arxadan anamın ümidsizliklə dolu fəryadı eşidildi. Mənimsə diqqətim nohurdan gələn səslərdə idi. Budur, suyun şappıltısını və onun gülüşünü eşidirəm. O, cingiltili səslə gülür. Tanrıya şükür! Bacım salamatdır!
– Virciniya! Virciniya!
– Məni çağıran kimdir? Corc, sənsən?
– Bacı, tez sudan çıx!
– Nə üçün? Mən hələ bir az üzəcəyəm.
Yenidən suyun şappıltısı və bacımla qulluqçusunun şən gülüşləri eşidildi. Lakin səslər qəflətən kəsildi, ardınca isə çarəsiz bir qışqırıq eşidildi.
– Viola, bax! Aman Allah, o, bura üzür! Köməyə gəlin! Corc, kömək et! Xilas et, xilas et məni!
– Gəlirəm, bacı, gəlirəm!
İldırım sürətiylə məni nohurdan ayıran kolluğa atıldım. Tüfəngimi götürüb nişan aldım. Alliqatorun bədənində yalnız iki zəif yer var – göz və sol qolun altı, ürəyə yaxın yer. Mən onun gözünü nişan alsam da, güllə çiyninə dəyib sərt pullu dəridən geri sıçradı. Ona atılan güllədən lap qəzəblənən alliqator enli quyruğunu suya çırparaq irəli atıldı. Onun nəhəng çənəsi açıldı və bacımın paltarının ətəyi vəhşinin dəhşətli cəhənginə keçdi. Özümü suya atdım və Virciniyanı lap vaxtında – alliqator onu suyun altına çəkmək istəyəndə tuta bildim. Mən vəhşini qorxutmaq və qənimətini buraxmağa vadar etmək ümidiylə var gücümlə qışqırırdım. Ancaq o öz qurbanını möhkəm tutub saxlayırdı.
Virciniyanı dartıb çıxarmağa gücüm yetmirdi. Anladım ki, alliqator hər ikimizi suyun altına çəkib tikə-tikə edəcək!
Qəfildən kimsə nohura tullandı. Onun uzun qara saçları və qarabuğdayı çöhrəsi vardı. O bizə yaxınlaşırdı. Bir kəlmə də demədən bu adam bir əlini alliqatorun çiyninə söykəyib onun belinə tullandı. Oğlanın əlində bıçaq parladı və onun tiyəsi alliqatorun gözünə sancıldı. Yırtıcı bacımı buraxaraq ağrıdan nərildədi və belindəki oğlanla suyun dibinə cumdu. Mənsə