– Xeyr, ser. Pul üçün gəlməmişdilər. Onların axtardıqları şey burada, mənim yan cibimdədir. Doğrusu, mən bunu etibarlı bir yerə qoymaq istəyirəm.
– Düz deyirsən, oğlum. Ver onu mən gizlədim.
– Mən onu həkim Livsiyə vermək istərdim.
– Lap yaxşı, düz eləyirsən. Gərək mən özüm də onun yanına gedib baş vermiş əhvalat barədə müfəssəl məlumat verim. Gəl bir yerdə gedək.
Biz yola düzəlib həkim Livsinin evinə yollandıq.
Kapitanın kağızları
Bütün yolu çaparaq həkim Livsinin evinə çatdıq. Qapını qulluqçu qız açdı. Həkimin yaxınlıqda, skvayr Treloninin malikanəsində olduğunu söylədi və bizi oraya apardı. Biz içəri girəndə həkimlə skvayr gurhagur yanan ocağın qırağında oturub çubuq çəkirdilər.
Skvayr kübarlara xas təmkin və ləyaqətlə dilləndi:
– Buyurun, mister Dans, axşamınız xeyir.
Həkim də salamlaşdı:
– Axşamınız xeyir, Dans. Cim, dostum, səni də xoş gördük. Siz hara, bura hara?
Mühafizə dəstəsinin rəisi şax dayanıb başımıza gələn əhvalatı təfsilatı ilə onlara danışdı. Skvayr dedi:
– Mister Dans, qəddar quldurun axırına çıxmaqla siz şərəfli bir iş görmüsünüz. Belə adamları tarakan kimi əzmək lazımdır. Zənnimcə, Cim Houkins özü də cəsarətli oğlandır.
Həkim dedi:
– Cim, deməli, onların axtardıqları şey indi səndədir?
– Bəli, budur! – deyib müşəmbəyə bükülü bağlamanı ona uzatdım.
Həkim bağlamanı nəzərdən keçirdi. Üzündən görünürdü ki, açıb içinə baxmaq istəyir. Lakin özünü saxlayıb təmkinlə cibinə qoydu və dedi:
– Skvayr, Dans iş başına qayıtmalıdır. Cim Houkins isə gecəni mənim yanımda qalacaq. Onun etdikləri yaxşı bir şam yeməyinə layiqdir.
– Əlbəttə, Houkins daha böyük mükafata layiqdir, – deyə skvayr Treloni cavab verdi.
Beləcə, mənə bir böyük nimçədə göyərçin qızartması gətirdilər. Çox acmışdım. İştahla yedim.
Həkim skvayrdan soruşdu:
– Flint haqqında eşitmisən?
– O bu vaxta kimi dənizdəki quldurların ən qaniçəni idi. Flintlə müqayisədə Qara Saqqal uşaqdır.
Həkim dedi:
– Yaxşı, onun pulu vardımı?
– Pulumu? – skvayr ucadan soruşdu. – Əgər o, qarət etdiklərini qumarda uduzmayıbsa, onun puluna İngiltərənin ən zəngin adamları belə həsəd apara bilərlər. Ancaq onun pulları harada gizlətdiyini heç kim bilmir.
– Yaxşı, fərz edək ki, Flintin gizlətdiyi dəfinənin yerini göstərən xəritə əlimdəki bağlamanın içindədir. Məncə, mehmanxanaya hücum edən quldurları maraqlandıran yalnız bu ola bilərdi.
– Qulaq asın! – skvayr qışqırdı. – O dəfinənin xəritəsi sizin dediyiniz kimi əlimizdə olsa, mən Bristol gəmiçilərindən bir gəmi kirayəyə alıb sizi də, Houkinsi də özümlə dəfinəni axtarmağa apararam.
Həkim dedi:
– Çox yaxşı, əgər Cim etiraz etmirsə, gəlin bağlamanı açaq.
Bağlamada iki şey var idi: bir dəftər və bağlı bir zərf.
– Əvvəlcə gəlin dəftərə baxaq, – deyə həkim təklif etdi.
Birinci səhifədə cürbəcür cızma-qara sözlər var idi. Sanki kimsə qələminin ucunu yoxlamaq üçün səhifəni qaralamışdı. Amma kapitanın qoluna döydürdüyü "Billi Bonsun arzusu yerinə yetsin", "Şturman, mister U.Bons", "Bəsdir, o qədər rom içdin" kimi mənası anlaşılmayan cümlələr də var idi.
Həkim:
– Bu səhifədən bir şey anlamaq olmur, – deyib o biri səhifəni çevirdi.
Bundan sonrakı on-on iki səhifə mühasibat hesabatlarına oxşar səhifələr idi. Sətrin bir başında tarix, o biri başında isə pulun məbləği qeyd olunmuşdu. Arabir yer adları, uzunluq və en dairələri qeyd olunmuşdu. Tarixlərdən görünürdü ki, bu hesabat təxminən iyirmiillik bir müddətdə aparılmışdı. Lap axırda isə beş və ya altı yanlış hesablama pozulub təzədən düzəldilmiş, nəticə yekunlaşdırılmış və "Bonsun qazancı" sözü yazılmışdı.
Həkim Livsi:
– Mən buradan bir şey başa düşmürəm, – dedi.
– Hər şey gün kimi aydındır! – deyə skvayr dilləndi. Bu həmin yaramazın haqq-hesab dəftəridir. Gəlin indi də o birisinə baxaq.
Zərf bir neçə yerindən möhürlənmişdi. Həkim möhrü üsulluca qırdı. İçindən bir adanın xəritəsi çıxdı. Burada adanın uzunluq və en dairəsini, dənizin sahilə yaxın yerlərində dərinliyi göstərən rəqəmlər, limanların, təpələrin və burunların adları qeyd olunmuşdu.
Ada on beş kilometr uzunluğunda, 8 kilometr enində idi. Özü də dal ayaqları üstünə qalxmış bir əjdahanı xatırladırdı. Hər cür fırtına və qasırğadan qorunan iki körfəz və bu körfəzlərin arasında – "Müşahidə borusu" adlanan bir təpə nəzərimizi cəlb etdi.
Xəritədə sonradan qoyulmuş müxtəlif işarələr var idi. Qırmızı mürəkkəblə edilmiş üç xaç işarəsindən biri adanın şimalında, biri isə cənub-qərbində idi. Üçüncü xaç işarəsinin yanında isə aydın, xırda hərflərlə bu sözlər yazılmışdı: "Dəfinənin əsas hissəsi buradadır".
Xəritənin arxa tərəfində isə izah verilmişdi:
"Müşahidə borusu"nun şimal yamacında uca bir ağac. Şimal-şərq istiqamətində.
Skelet adasında. Cənub-şərqə sarı on fut.
Gümüş külçələr. Şimal cinahdakı çalada, şərq tərəfdəki təpənin döşündədir. Üzü qayaya sarı dursan, Qara Qayadan cənuba doğru on sajin getmək lazımdır.
Silahları Şimal burnunun şimal ucunda qumsal təpədə tapmaq olar. Bunun üçün dörddə bir kompas şimala meyil edərək şərqə getmək lazımdır. C.F."
Məlumat bununla bitirdi.
Skvayr dedi:
– Livsi, mən sabah səhər Bristola gedirəm. On gündən sonra bütün İngiltərədəki ən yaxşı gəmilərdən biri öz seçmə heyəti ilə birlikdə bizim ixtiyarımızda olacaq. Houkins də bizimlə gedəcək. Siz gəminin həkimi, mən isə admiral olacağam. Biz Redrutu, Coysu və Günteri də özümüzlə götürərik. Bu xəritənin köməyi ilə dəfinəni tapmaq o qədər çətin olmayacaq. Biz qızıl pullar içində üzəcəyik.
Həkim dedi:
– Treloni, mən sizinlə getməyə hazıram. Güman edirəm ki, Cim də etiraz etməz. Amma mən bir şeydən qorxuram…
– Nədən? – deyə skvayr ucadan soruşdu.
Həkim dedi:
– Mən sizdən qorxuram, çünki sizin ağzınızda