– Yəni sizin “ağıllı ev”ə də girə bilməzlər?
– Qətiyyən! Amma orada heç kim yoxdur. Kimsə olsa, ev mənə bu barədə məlumat verərdi.
Bu xəbər uşaqları o qədər də sakitləşdirmədi.
– Yaxşı, indi neyləyək? – Rüstəm qayğılı görünürdü.
– İlk növbədə, mən sizi Yer planetinə göndərməliyəm, – Lemi qəti şəkildə bildirdi.
Kənan tərəddüd etdi:
– Biz səni bu vəziyyətdə tək qoyub gedə bilmərik axı.
– Siz mənə heç cür kömək edə bilməzsiniz. Əksinə, işim artacaq: həm özümü, həm də sizi qorumalı olacam.
– Əvvəl sizinkiləri axtarıb tapaq, – Rüstəm də Lemini tək qoymaq istəmirdi.
– Uşaqlar, kiborqlar Daş dövründə gördüyünüz vəhşi heyvanlardan daha təhlükəli ola bilər, – Lemi israr etdi. – Buradan getməlisiniz! Nə qədər tez, bir o qədər yaxşı.
Uşaqlar baxışdılar.
– Yağışdan çıxıb yağmura düşmüşük ki… – Rüstəm mızıldandı.
– Vaxt itirməyək. Kiborqların sensorları güclüdür – uzaqdan bizi görüb eşidə bilərlər. Onlar bizi aşkar edənədək sizi buradan göndərim, – Lemi ağır çantasını belindən açıb yerə qoydu. Zamanı idarə edən cihaz çantanın içində idi.
– Təzədən Daş dövrünə qayıdacağıq? – Rüstəm intizarla soruşdu.
– Yox, Yer planetinə, evinizə gedəcəksiniz. Sonuncu dəfə fizika laboratoriyasında zaman maşınına baxdığınız an yadınızdadı? O ana qayıdacağıq. Oradan həyatınıza davam edəcəksiniz.
– Bəs bütün olub-keçənlər? Başımıza gələnlər?
– Onlar sizə yuxu kimi gələcək. Yer insanları, sizi axtaranlar… Hamı elə biləcək ki, hər şeyi yuxuda görüb.
Rüstəm təəccübləndi. Leminin sözlərinə inana bilmədi. Daha doğrusu, inanmaq istəmədi:
– Biz baş verənlərin yuxu olmadığını bilirik.
– Amma bu barədə danışsanız, Yer planetinin insanları inanmayacaqlar. İndiyədək yadplanetlilərlə görüşmüş hər kəs kimi sizi də ciddi qəbul etməyəcəklər.
Rüstəm fikrə getdi: ”Görəsən, insanlar niyə inanmırlar? Yadplanetlilərin mövcudluğuna, başqa planetlərdə həyatın olduğuna niyə şübhə edirlər? Radio və televiziyada, qəzet və jurnallarda, sosial şəbəkələrdə – hər yerdə bu məsələ müzakirə olunsa da, kainatı səyahət etmiş insanlara şübhə ilə baxırlar”.
Lemi zaman maşınını lazım olan vəziyyətə gətirməyə başladı.
Rüstəm başını qaldırıb günəşə baxdı, gözləri qamaşdı:
– Lemi!
– Bəli.
– Yer planeti Süd yolu qalaktikasındadır. Bəs bu sizin planet? O hansı qalaktikadadır?
– Kainat nəhəng və sonsuz olsa da, onun bir xəyali mərkəzi var. Kainatda hər şey həmin mərkəzə görə simmetrikdir. Yəni hər şeyin o üzdə əkizi var. Bizim qalaktikamız Süd yolunun əkizidir. Onlar kainatın mərkəzindən əks tərəflərdə yerləşir.
– Yəni buranın da öz Günəşi, öz Ayı var? Planetlərin düzülüşü də eynidir?
– Bəli!
İl qədər uzun çəkən dəqiqələr keçir, Lemi zaman maşını üzərində işləyirdi. Amma…
Hər şey bircə anda baş verdi.
Kənan və Leminin biləyindəki smartfon-saatların işıqları qəflətən yandı və qulaqbatırıcı sirena eşidildi. Səs o qədər güclü idi ki, qulaqların pərdəsini yırta bilərdi. Sonra saatlar susdu və bütün işıqları söndü.
Leminin gözlərində qırmızı qığılcımlar parladı. O, təlaşla qışqırdı:
– Gecikdik! Bizi aşkar etdilər!
– Onlar bizi necə tapdılar? – Rüstəm soruşdu.
– Mən axmaq bir səhv elədim… – Lemi təəssüf etdi. – Sizi axtaranda Kənana siqnal göndərdim. Ana kompüter – SUPERİNTELLEKT vasitəsilə verilənlər bazasında olan bütün sistemləri izləmək olur. Mənim zəngimi tutublar… Ah! Ağlım harada idi?! İndi onlardan qaçmaq çətin olacaq!
Kənan təəccüblə soruşdu:
– Amma burada heç kim yoxdu. Bizi axtaran, izləyən görmürəm mən. Kimdən qaçırıq?
Lemi narahat idi:
– Kənan, SUPERİNTELLEKT deyilən ana kompüter üçün heç bir sərhəd yoxdur. O, nəhəng kompüter şəbəkəsi vasitəsilə kosmosun dərinliklərinə nüfuz edir, ultrabənövşəyi və ya infraqırmızı diapazonlarda ulduzları müşahidə edə bilir, radiasiya burulğanlarının səsini duyur. Varlığımızı bildiyi üçün bütün planeti axtarıb bizi tez bir zamanda tapacaq.
– Nə etməliyik?
– Mən sizi buraya gətirmişəm, mən də sizi qurtarmalıyam. Vaxtımız çox azdır. Getməliyik!
– Hara?!
– “Ağıllı ev”ə! Ev bizi qoruyacaq!
Lemi zaman maşınını cəld çantanın içinə yerləşdirdi. İti addımlarla yola düzəldilər.
Hər ehtimala qarşı səkiyə çıxmırdılar. Səki ilə paralel, nizamla əkilmiş və yolboyu uzanıb gedən ağacların, kolların arası ilə gedirdilər.
– Bu yolu düz gedib birinci döngədən sola burulsaq, bizim ”ağıllı ev”in üstünə çıxacağıq. Lotos çiçəyini xatırladan ağ evdir, – Lemi dedi.
Rüstəmlə Kənanın nəfəsi təngiyirdi. Amma öz planetində özünü gözəl hiss edən, yorulmaq bilməyən Lemidən geri qalmamağa çalışırdılar.
Qəflətən uğultu eşidildi. Ardınca göydə uçan obyekt peyda oldu.
– Bu nədir?
Leminin qolları yanına düşdü. Artıq qaçmağın mənası yox idi:
– Aerobus! Bu, aerobusdur – uçan nəqliyyat vasitəsi. Bizi axtarırlar.
Rüstəm susmağı işarə etdi: ehtiyatlı olmaq lazım idi. Oğlanlar kolların arasında əyilib gizlənməyə çalışdılar.
Lemi başını buladı:
– Gizlənməyin! Onlar bizim yerimizi bilirlər.
Avtobusu xatırladan obyekt meydanın kənarında ehmalca yerə endi. Qapılar açıldı və… insandan heç fərqlənməyən varlıqlar göydələnin qarşısında meydana tökülüşdülər.
Kənan və Rüstəm gözlərini bu varlıqlardan çəkmirdilər. Kənan pıçıltı ilə soruşdu:
– Demək