Aysu. Reyhan Yusifqızı. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Reyhan Yusifqızı
Издательство: Altun Kitab
Серия: Müasir Azərbaycan ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241167 
Скачать книгу
Sonra uşaqlara sərbəstlik vermək üçün əl ağacına söykənə-söykənə gedib, həyətin o başındakı çarpayının üstündə uzandı. Nəhayət, Aysu kartof və düyünün yaxşı bişdiyinə əmin olandan sonra təntənəli şəkildə elan etdi: “Şorba hazırdır!” Yeməyi çömçə ilə dərin boşqablara çəkib, süfrə arxasına əyləşdilər. Bir qədər soyumasını səbirsizliklə gözləyib ləzzətlə yeməyə başladılar. Bir azdan qıpqırmızı qızarmış Leyla uşaqların üzünə baxdı:

      – Deyəsən, bir az acıdır.

      – Hə, yəqin, bibər acı imiş, – deyə Aysu təsdiq etdi.

      – Orqanizmimizi yaxşı dezinfeksiya edir, yeyin, – Fərid yekə-yekə danışdı. O, son vaxtlar özü də hiss etmədən, atasının sözlərini təkrarlayır, gələcəkdə özünü onun kimi həkim-cərrah təsəvvür edirdi. Aysu bu sözlərin mənasını başa düşməsə də, bir şey soruşmadı.

      Bibərin acılığı getdikcə daha çox hiss olunurdu. Ağızları yandıqca pörtüb qızaran uşaqlar tez-tez “hoo” eləyir, bir-birinə baxıb gülüşürdülər. Onlar gözləri yaşarmış, pörtmüş halda şorbanı yeyib qurtardılar. Yalnız bu zaman pişiyin yazıq-yazıq miyoldayaraq, bir küncdə dayanıb onlara baxdığına fikir verdilər. Aysu bir tərəfi əzilmiş dəmir qabda ona bir az şorba tökdü. Pişiyin acgözlüklə yeməsinə baxıb əyləndilər. Bir azdan Leyla qardaşının yadına saldı: “Anam narahat qalar”. Uşaqları yola salandan sonra Aysu boşqabları iç-içə yığıb yumağa apardı…

      Sirli otaq

      Saat on ikiyə az qalırdı. Yuxudan durandan çardaqda eşələnən Aysu nənəsinə tapşırmışdı ki, həyətə çıxmasın, evdə otursun. O, yuxarıdakı otağını yığışdırmaq, qonaq qəbul etməyə hazır vəziyyətə gətirmək qərarına gəlmişdi. Çardağın pəncərələrindən həyətə taxta, karton, sınıq stul, kəndir, təkər və s. lazımsız əşyalar atılır, həyət zir-zibillə dolurdu. Nənə dözə bilməyib, başını qapıdan çıxararaq qışqırdı:

      – Ay qız, həyəti gör nə günə qoydun! Yenə sənin beyninə nə dolub?

      Pəncərədən Aysunun pırpız başı göründü:

      – Nənə, həyətə çıxma ha! Zibilin altında qalarsan!

      – Axı niyə həyəti bu günə qoyursan?

      – İndi düşüb özüm yığışdıracağam, – deyə Aysunun təngnəfəs səsi eşidildi.

      Nənə əllərini dizinə vurdu:

      – Rəhmətlik anası kimi tərsdir. Başına bir şey doldumu, qurtardı. Torpağı sanı yaşasın. Heyif, yuxarı dırmaşa bilmirəm, baxardım bir orada neyləyir.

      Bir azdan çardaqda tappıltı kəsildi. Nənə şübhə ilə qulağını şəklədi. Mətbəxin qapısının çırpıldığını eşidincə əl ağacına söykənərək yerindən qalxıb yataq otağından çıxdı və mətbəxə getdi. Heç kəs gözünə dəymədi, sakitlik idi. Nəvəsinin xasiyyətinə yaxşı bələd olan nənə tez yataq otağına dönəndə, Aysunun sandığın üstündəki kilimlərdən birini qoltuğuna vurub, çardağa söykədilmiş nərdivana tərəf apardığını gördü. Nənə kilimin bir ucundan yapışıb dartdı:

      – Ay kələkbaz, qaytar yerinə! Tez ol!

      Aysu nənəsinin fikrinin qəti olduğunu başa düşdüyündən, onun qılığına girməyi qərara aldı:

      – Can nənə, yuxarıdakı otağı elə yaxşı düzəltmişəm ki. Qonaqlarım olacaq, orada oynayacağıq. Nə olar, kilimi ver də! Qurban olum, nənə!

      Bu sözlərin qarşısında aciz qalan qarının ürəyi mum kimi yumşaldı. Əllərini yanına salıb, nəvəsinə güzəştə getməli oldu. Öz-özünə danışdı: “Götürsün də, neynirəm, goruma aparmayacağam ki”.

      Aysu söz verdiyi kimi həyəti də yığışdırdı, sulayıb tərtəmiz süpürdü, zibili yığıb yandırdı. O, dəsmalını götürüb hamama girəndə artıq hava qaralırdı. Nənəsi narahatlıqla soruşdu:

      – Ay Aysu, axşam düşür, qonaqların gəlmədi axı.

      – Nənə, onlar bu gün evdə yoxdurlar, qonaq gediblər, yəqin, sabah gələrlər. Can nənə, otağım elə yaxşı oldu ki. Gəl səni qaldırım, bax.

      – Sən istəyirsən ki, mən bu nərdivandan yıxılım ölüm?!

      – Niyə yıxılırsan ki? Mən sənə kömək edəcəyəm.

      – Qoy oturmuşam, sən canın. Sonra deyərlər nədən öldü? Nərdivandan yıxıldı öldü. Qocanın nərdivanda nə işi var?! Bu yaşımda biabır olaram.

      Sabahı gün səhər, hələ səhər yeməyindən sonra stolun üstü yığışdırılmamış, Aysugilin həyət qapısı cırıldayıb açıldı. Qapının arasından bir-birinin üstündə iki baş göründü. Aysu gülə-gülə onları içəri dəvət etdi. Qızın əlində üstünə kağız salfet salınmış boşqab vardı.

      – Sənə tort gətirmişik, – deyə o, boşqabı Aysuya uzatdı. Bu qayğıdan mütəəssir olan Aysu təşəkkür etməyi belə unudaraq, boşqabı alıb, stolun üstünə qoydu və tortdan iri bir hissə kəsərək ağzına dürtüşdürdü. Uşaqlar ikisi də ağzını ayırıb ona baxırdı. Aysu ağzındakını çeynəyib udandan sonra başını tərpətdi:

      – Çox dadlıdır, sağ olun.

      O, boşqabları iri mis siniyə yığıb mətbəxə apardı. Uşaqlar bir az gözlədilər, amma Aysu görünmədi. Onlar darıxmağa başladılar. Birdən yuxarıdan Aysunun səsi eşidildi:

      – Qalxın çardağa, buradayam!

      Çardağın pəncərəsindən Aysunun başı göründü və tez də yox oldu. Uşaqlar haraya gedəcəklərini bilmədilər. Artırmaya daxil olub düz çardağa qalxan uzun nərdivanın yanına gəldilər. Tərəddüdlə yuxarı baxdılar.

      – Səncə, oraya başqa yol yoxdur? – deyə Fərid pıçıltı ilə soruşdu.

      – Başqa yol yoxdur, qalxın yuxarı, – Aysunun cingiltili səsi eşidildi.

      Uşaqlar ehtiyatla qalxmağa başladılar. Fərid qabağa düşdü. O, hər dəfə ayağının altını yoxlayır, nərdivan silkələnəndə isə dayanır, yavaş hərəkət etməyə çalışırdı. Leyla onun arxasınca qalxırdı. Birdən Fərid dayandı, diqqətlə nəyəsə qulaq asdı:

      – Eşitdin?

      – Nəyi? – Leyla çiyinlərini çəkdi.

      Xorultuya oxşar bir səs eşidildi. Uşaqlar bir-birinə baxdılar. Səs bir az da artdı. Fərid pıçıldadı:

      – Bəlkə geri qayıdaq?

      Leyla cavab verməyə macal tapmamış Aysunun cingiltili səsi yenə də eşidildi:

      – Gəlin! Buradayam!

      Uşaqlar cəsarətlənib yuxarı qalxdılar. Fərid bacısına kömək etdi. Çardaq böyük və boş idi. Sağ tərəfdə üst-üstə yığılmış yeşiklərdən başqa heç nə gözə dəymirdi. Uşaqlar yavaş-yavaş yeşiklərə tərəf getməyə başladılar. Onlar əl-ələ tutmuşdular, heç nə danışmırdılar. Birdən… yeşiklərin arxasından ağ-qara bir pişik çıxıb onların