Çarli Çaplin. Питер Акройд. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Питер Акройд
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244595
Скачать книгу
Yeməyi isə xırda dükanlardan oğurlayırdılar. Pulsuz yemək üçün kilsə yeməkxanasına gedirdilər. Uşaqlıqda kərə yağının və qaymağın dadına həsrət qalan Çarli böyüyüb yaxşı pul qazandıqdan sonra onları acgözlüklə yeyirdi…

      Londonun məşhur Leyçester meydanında kitabımızın qəhrəmanına qoyulan abidənin müəllifi Con Dabldey deyir ki, uşaqlıqda pis qidalandığı üçün Çaplinin döş qəfəsi yaxşı inkişaf etməmişdi. Yeri gəlmişkən, Çarlini məşhurlaşdıran Avara obrazının şərəfinə oxşar abidələrdən biri də İsveçrədə, Cenevrə gölünün kənarında ucaldılıb.

      Şübhəsiz ki, Çarlinin həyatında xoşbəxt məqamlar da var idi: bu balaca oğlan pabların5 qapısı ağzında akkordeon sədaları altında oynayaraq bir neçə pens qazanır və çox sevinirdi. Bir dəfə isə qəzet satmaqla məşğul olan Sidni avtobusda pul kisəsi tapdı. Kim bilir, bəlkə də, oğurlamışdı – dəqiq məlum deyil. Nəticədə bütün ailə Saytendə getmək imkanı əldə etdi və Çaplin ilk dəfə dəniz gördü…

      Çaplin yetimxanada

      Hanna ağrımayanda, ovqatı yaxşı olanda küçədən keçən adamların üz ifadəsini və yerişini yamsılayırdı. Onun bu istedadını biz sonralar Çaplində görəcəkdik. Bir sözlə, anadan oğula qeyri-adi miras!

      1915-ci ildə Çaplin oçerklərinin birində yazırdı: «Anam tanıdığım bütün qadınların ən gözəli idi. Onun necə füsunkar, ədəbli olduğu yadımdadır. O, dörd dildə babat danışırdı və yaxşı təhsil almışdı… Anam kimi kövrək qəlbli qadına heç vaxt rast gəlmədim». Əlbəttə, Çaplin anasının istedadını və məziyyətlərini şişirdirdi. Elə aktyorun qonşularından biri də bunu belə xatırlayırdı: «Çarli fikirləşirdi ki, dünyada anasına tay olan adam yoxdur. Anası dünyanın ən yaxşı aktrisası, ən yaxşı qadınıdır və onu öz idealı hesab eləyirdi». Anası isə Çaplini «kral» adlandırırdı.

      Tezliklə ana-bala ayrılmaq məcburiyyətində qalır. 1896-cı ilin yazında Hanna icarə haqqını verə bilmədiyinə görə tikiş maşınını qaytarmalı olur və gəlir imkanını tamam itirir. Ardınca isə naxoşlayıb yenidən xəstəxanaya düşür. Uşaqları internata verməli olurlar. Qeydiyyat kitabçasında onların internata düşməsinə səbəb kimi bunlar göstərilib: «…ataları olmadığına, həmçinin kasıblıqlarına və anasının xəstəliyinə görə».

      Çaplin müsahibələrinin birində deyir: «İngilislər internatdan qorxurlar, mənsə bunda elə bir dəhşətli şey görmürəm». Onun internatla bağlı ən çox yadında qalan, binadan gizlincə çıxıb gəzməyi, özünü varlı, tanınmış adam kimi təsəvvür etməsi olub… «Mən xəyalpərəstdim. Özümü həmişə başqa adamların yerində təsəvvür eləyirdim…»

      Uşaqlar internatda üç həftəyə yaxın qalırlar. Sonra qəyyumlar şurası onların atası Çarlz Çaplini axtarıb tapa bilir. Atası Çarlini götürməyə razı olur. Lakin Sidninin qeyri-qanuni evlilikdən doğulduğunu əsas göstərib ondan imtina edir. Di gəl qəyyumlar şurası uşaqların bir yerdə qalmalarını daha münasib sayır. Çarlz uşaqların yetimxanada qalmaq pulunu boynuna götürür. Ancaq orada uşaqları bir-birindən ayırırlar. On bir yaşlı Sidni böyüklər üçün, yeddi yaşlı Çarli isə balacalar üçün olan bölməyə göndərilir. Sonralar Çaplin jurnalistlərdən birinə müsahibə zamanı belə demişdi: «Mən uşaqlıqla yeddi yaşında vidalaşmışam».

      Əlbəttə, məişət baxımından yetimxana küçədə qalmaqdan daha yaxşı idı. Orada, heç olmasa, isti paltar, çəkmə verirdilər, qarınları doyurdu.

      İnternat tezliklə balaca Çaplin üçün əzab çəkdiyi, tez-tez alçaldığı bir yerə çevrilir. Bu səbəbdən də yetimxanada keçən günlərini sonralar məhbus həyatı adlandıracaqdı. Bir müddət sonra onu anasından və qardaşından tamamilə ayırırlar. Sidnini hərbi dəniz donanmasının təlim gəmisinə göndərirlər. Hanna isə, demək olar, bir il ona baş çəkmir. Bu balaca oğlana elə gəlir ki, dünyada daha heç kimi yoxdur…

      Nəhayət, 1897-ci ilin yayında anası uzun müddətdən sonra ona baş çəkir. Hannanın divanə görkəmi balaca Çaplini utandırır. Anasını kiminsə görməsini istəmir. Sonralar Çaplin bunları dostu Harri Krokerə danışıb. Ancaq «Mənim bioqrafiyam» kitabında Çaplin həmin görüşü tamam başqa cür nəql edir – gümrah, gözəl-göyçək qadın öz oğlunu yoluxmağa gəlib. Görəsən, deyilənlərin hansı həqiqətdir?!

      Çaplinin anasına qarşı ziddiyyətli münasibəti onun yaradıcılığından da yan keçməyib. Onun ilk filmlərindən birində belə bir səhnə var: yaşlı qadın əlində su dolu vedrə pilləkənlə qalxır. Dördüncü, ya beşinci mərtəbədə qapı qəfil açılır və bir kişi onun sifətinə şillə vurur. «Ay! – kişi qonşu qadını görüb qışqırır. – Elə bildim, anamsınız!»

      «Sizin ananız var?» – qadın soruşur. «Hə, – kişi ağlaya-ağlaya deyir. – Mənim anam var».

      Bu səhnənin çəkildiyi film komediya janrındadır. Ancaq məhz həmin səhnədə gülməli heç nə yoxdu…

      Çaplin heç vaxt qadınlara inanmayıb. İtkidən, tənhalıqdan, biganəlikdən qorxub, kiçik bir hərəkət onda qısqanclıq yaradıb. O hətta birlikdə yaşadığı qadınlara da həmişə şübhə ilə yanaşıb, onlarla yola getməyib.

      Yetimxanada yaşaya bilmək üçün Çaplin özünü dözümlü olmağa öyrədir. «Hətta mən yetimxanada olanda belə, – Çaplin sonralar böyük oğluna danışırdı, – özümü dünyanın ən böyük aktyoru hesab edirdim. Bil ki, içində özünə əminlik olmasa, məğlubiyyətə məhkumsan».

      Bu dözümlülük onun ekran personajının xarakterik xüsusiyyətinə çevriləcəkdi. Avara həmişə təmkinli və məğlubedilməz olacaqdı. Uğursuzluq onu sındırmayacaq, ləyaqətini alçaltmayacaqdı. Və nadir hallarda başqalarına yazıq təsiri bağışlayacaqdı.

      Beləcə, balaca Çaplinin həyatında gələcək ekran personajı Avaranın cizgilərini görə bilirik. Onun ilk filmlərində Avara çox vaxt kinli və qəddardır, xüsusilə də varlılardan, hər nə yolla olur olsun, əvəz çıxmaq istəyir. Ona yemək lazımdır. Həmişə sevgi axtarır, ancaq onu heç yerdə tapmır. Onun nə evi, nə ailəsi var. Bu bəxtsizlikdən yeganə çıxış yolu özünü laqeyd göstərməkdir…

      Çaplin və qardaşı atasının yanında

      1898-ci il yanvarın 18-də səkkizyaşlı Çaplin yetimxananı tərk edib anasının yanına qayıdır. İki gün sonra Sidni də təlim gəmisindən evə dönür. Ailə yenə bir yerdədir. Onların həmin vaxt necə yaşadığı məlum deyil. Sonralar Çaplin sevgilisi Mey Rivzə kirayə pulunu verə bilmədikləri üçün tez-tez evdən qovulduqlarından danışırdı. Az qala, ayda bir dəfə yorğan-döşəklərini götürüb yeni mənzilə köçməyə məcbur olurdular.

      Bu böyük dünyada birgə yaşamaq ailə üçün problemə çevrilir. Həmin il iyulun 22-də uşaqları bu dəfə Sidninin əvvəllər bir müddət qaldığı Vest-Norvud yetimxanasına verirlər. Ardınca qəribə hadisə yaşanır: avqustun 12-də Hanna yetimxanaya gəlib müdiriyyəti inandırır ki, o, sağlamdır, uşaqları ona etibar etmək olar. Qadına inanırlar. Bundan sonra ana öz uşaqları ilə bütün gününü Kenninqton parkında keçirir. Orada gilənar yeyirlər, qəzetdən top düzəldib oynayırlar. Bu, firavanlıq illüziyası, gerçəklikdən qısa müddətliyə qaçışdan başqa


<p>5</p>

Pab – Avropanın bir çox ölkələrində pivə içilən ictimai-kütləvi iaşə yeri pivəxana