Bunun ardınca quldurbaşı Məhəmmədgilin hərəsinə bir dənə təndir çörəyi, bir də ağ məcdiyə (pul) verib iki tərəfi göstərdi:
– Bax, belə getsəniz, Həsənqalaya çatarsınız, beləsinə getsəniz, düz Ərzuruma çıxacaqsınız. Xoş gəldiniz…
Bundan sonra soyğunçular şərqə tərəf getdilər.
Tacirlər isə öz aralarında xeyli məsləhətləşəndən sonra Ərzuruma getməli oldular. Yolu min bir müsibətlə qət etdilər. Müsafirlər nə olur olsun, özlərini İran konsulxanasına yetirmək istəyirdilər. Çünki soyğunçuların apardığı malları geri qaytarmaq üçün başqa kimdən kömək istəyəcəklərini bilmirdilər.
«Burada əcəm4 konsulu olmaz» sözünü eşidəndə isə elə bil karvandakıların başlarına qaynar su tökdülər. Nəhayət, soraqlaşa-soraqlaşa gəlib Qanbur karvansarayını tapdılar. Bura iranlıların düşərgəsi kimi bir yer idi. Karvansara sahibi Əhməd əfəndi gələn yeni müsafirləri gülərüzlə qəbul edib onların rahatlığını təmin elədi.
Onlar pasportlarını Əhməd əfəndiyə göstərərək başlarına gələn macəranı da danışdılar.
– Ağalara çay verin, – deyə Əhməd əfəndi qulluqçulara səsləndi, sonra isə tələsik karvansaranın çayxanasından çıxdı.
Çox çəkmədi ki, o, başqa bir adamla qayıtdı. İran tacirlərinə məxsus qiyafədə olan bu şəxsin qırx-qırx beş yaşı ancaq olardı. Bu, xoylu Hacı Abdulla idi. O, İran tacirlərinin Ərzurumdakı nümayəndəsi sayılırdı.
Hacı onlara əlindən gələn qədər yaxşılıq etdi.
– Bizlərdə adət belədir ki, qonaqdan haçan gedəcəyini soruşmazlar. Ancaq siz gərək özünüzü ya Təbrizə yetirib xarici işlər idarəsi vasitəsilə mallarınızı tələb edəsiniz, ya da Trabzona gedərək İran konsuluna şikayət edəsiniz. Ərzurum valisinə isə şikayət etməyi məsləhət bilmirəm. Bunun onsuz da faydası olmayacaq.
Belədə tacirlər uzun götür-qoydan sonra Nəhayət, Trabzona gedib konsul vasitəsilə şikayət etməyi qət etdilər. Elə həmin günün səhəri yerli əhalinin «yaylı» adlandırdığı arabasayaq miniklə yola düşdülər. Hacı Abdulla onlara bir neçə lirə verdi. Utana-utana əlindən bu qədər kömək gəldiyini söyləyib üzr istədi. Sonra onları Trabzonda İran tüccarlarının nümayəndəsi sayılan Hacı Məhəmməd Cəfər ağa İsfahanlının yanına göndərdi.
Hacı Cəfər İsfahanlı arıq, uzun, ovurdları batıq bir kişi idi. Qonaqları görüncə soruşdu:
– Ağalar haradan təşrif gətiriblər?
– Vətəndən.
– Bəh, bəh! Yenə əziz vətənin ətri hücrəni doldurdu, – deyə hacı döşəkçənin üstündən durub müsafirləri gülə-gülə qarşıladı.
Mir Hadı ağa hamının əvəzindən təşəkkür edib Hacı Abdullanın yazdığı məktubu ona təqdim elədi. Məktubda Hacı Abdulla müsafirlərə üz verən bədbəxt hadisəni yazmış, Hacı Cəfərin onlara yardım etməsini xahiş istəmişdi.
Kağızda yazılanları oxuduqca Hacının üzündəki bayaqkı şadlıq yavaş-yavaş əriyib yox oldu.
– Siz gərək oradan İrana qayıdaydınız… Lakin artıq iş-işdən keçib. İndi ki buraya kimi gəlibsiniz, gedib Darülsəadətdə (İstanbulda) şikayət edin. Çünki buradakı İran konsulluğu ləğv olub. Hansı vaporla (gəmi ilə) getmək istəsəniz, sizlər üçün bilet ala bilərik. Yenə də deyirəm, nə qədər tez getsəniz, sizin üçün bir o qədər yaxşıdır.
Müsafirlər bir-birinin üzünə baxdılar. Mir Hadı ağa bir daha hamının əvəzindən hacıya təşəkkür etdi:
– İnşallah, İstanbula çatıb sizə köməyinizin müqabilində pul yollayarıq. Orda qohumumuz var.
Məhəmməd onun sözünü kəsdi:
– Mənim İstanbulda qohumum yoxdur, mən Batuma getməliyəm. Batumdakı İslamiyyə müsafirxanəsinin sahibi bizim qohumdur.
– Lap yaxşı, onda sən Batuma gedərsən, – Hacı Cəfər ağa dilləndi. Sonra isə üzünü Mir Hadı ağaya tutub əlavə elədi: – Siz isə İstanbula nisyə vaporu ilə gedə bilərsiniz. Amma bilməlisiniz ki, əgər İstanbulda adamınız gəlib pul verərək sizi vapordan çıxarmasa, heyət sizi Zonquldağdakı daş-kömür mədənlərinə təqdim edəcək. Onlar da borcunuz ödənənə qədər sizi mədəndə işlədəcəklər.
Mir Hadı ağa dilləndi:
– Bizdən dörd nəfəri İstanbula yazın. Bu cavan oğlan isə Batuma gedəcək.
– Oho, bax bu heç yaxşı olmadı. Bu oğlana Batuma getmək üçün mütləq nəqd para lazımdır. Yaxud…
Məhəmməd onun sözünü kəsdi:
– Olmaz ki, mən gəmi ilə İstambula kimi gedəm, oradan məni Batuma qaytarıb yol kirəsini də elə orada alasınız? Batumda mənim qohumlarım çoxdur. Hamısı da varlı-hallı.
– Hə, bax bu başqa məsələ!
– Çox yaxşı, belə də edərik, – deyə Mir Hadı ağa da razılığını bildirdi…
12
Məhəmməd Batumda iki gündən artıq qalmadı. Üçüncü gün bilet alıb Tiflisə getdi. Təbrizdən çıxalı ikinci dəfə idi ki, Məhəmməd səfər yoldaşlarından ayrılırdı…
İstanbul da hesaba alınsa, Tiflis onun gördüyü beşinci şəhər idi. Bu şəhərdə onun ən vacib işi Mirzə Fətəli Axundzadənin qalan əsərlərini tapıb oxumaq idi. Axı dostu Badamçıya söz vermişdi ki, imkan olan kimi əsərlərin üzünü köçürüb ona da göndərəcək.
Məhəmməd Tiflisdə qaldığı müddətdə əsərlərinə məftun olduğu o böyük şəxsiyyətin məzarını ziyarətə də getdi.
13
Tiflisdən Mahaçqalaya – əmisinin yanına gələn Məhəmməd burada bütün vaxtını Qərb ədəbiyyatını mütaliəyə sərf etdi. Daha sonra isə Təbrizə qayıdıb arzuladığı Talibiyyə mədrəsəsinə daxil oldu. Bu vaxtacan o, iki alimin yanında dərs almışdı: Hacı Mirzə Həsəndən fiqh-üsul elmini, Mirzə Əbdüləli Təbrizidən isə nücum elmini öyrənmişdi.
Günlər ötür, hər ötən gün isə ona bir yenilik gətirirdi. Təbriz gəncləri arasında özünə yeni dostlar, yeni həmməsləklər tapmışdı…
14
Üç atlı toz-torpaq yolla çapırdı. Qabaqdakı atlı iyirmi beş yaşlı gənc idi. Arxadan gələn iki atlı isə ondan xeyli yaşlı idilər.
Atlılar Paşa bəyin çadırlarına gəlib çatdılar. Paşa bəy onları görən kimi qarşılarına üç nəfər göndərdi ki, qonaqların atını tutsun.
Gələnlər çadırın qabağında atlarından düşdülər. Paşa bəy onlarla mehriban görüşüb çadırlardan birinə dəvət etdi. İçəri keçən atlılar təklif olunan yerdə oturdular. Gənc atlı Paşa bəylə üzbəüz döşəkçə üstündə əyləşdi. Ona yoldaşlıq eləyən digər iki atlı