O, yenə gözlərini yumub sükuta daldı.
– Mən üzümlüyün yaşını müəyyənləşdirməyə çalışıram, – o dedi. – Buna müvəffəq olsam, hesab edin, işin yarısı geridə qalıb. Belə-belə işlər, icazənizlə bir az düşünüm. Şərab dəqiq birinci məhsuldan hazırlanmayıb, hətta ikincisinin də buna heç bir dəxli yoxdur. O ən yaxşılarından deyil. O, belə demək olarsa, işıqdan, enerjidən məhrumdur. Amma bax üçüncü məhsul ola bilər. Amma yenə də şübhə edirəm. Bizə məlumdur ki, yığım ili ən yaxşılardan biri olub – ev sahibimiz belə dedi, – bu da çox güman ki şərabın xeyrinədir. Mən ehtiyatlı olmalıyam. Mən çox ehtiyatlı olmalıyam.
O, qədəhi götürüb bir udum da içdi.
– Deyəsən, – o, dodaqlarını yalayaraq dedi, – mən haqlı idim. Bu, dördüncü məhsuldan hazırlanan şərabdır. İndi buna əminəm. Ən yaxşı illərdəndir, deyərdim çox yaxşı illərdəndir. Elə buna görə də hansısa an şərabın dadı üçüncü, hətta ikinci məhsulu xatırlatdı. Nə deyirəm ki! Bu özü də yaxşıdır! İndi biz açmaya lap yaxınlaşmışıq. Sen-Jülyendə bu yaşda nə qədər üzümlük var?
O yenə susdu, qədəhi qaldırıb onun qırağını öz sallaq aşağı dodağına yaxınlaşdırdı. Elə bu vaxt çəhrayı və ensiz dilinin qəfil çıxdığını, ucunun şəraba batdığını və yavaş-yavaş geri çəkildiyini gördüm – iyrənc səhnə idi! O, qədəhi masaya qoyanda gözləri yumulu idi, üzündə sakit bir ifadə vardı, bircə iki nəm ilbizi xatırladan dodaqları tərpənirdi.
– Yenə eyni şey! – o ucadan dedi. – Ağızda tanin hiss olunur və bir an elə təəssürat yaranır ki, sanki dilini nəsə büzüşdürür. Hə-hə, əlbəttə! İndi anladım! Bu, Beyşevel ətrafında yerləşən balaca üzümlüklərdən biridir. İndi xatırladım. Beyşevel rayonu, çay və kiçik körfəz. Körfəz o qədər çirklənib ki, şərab daşıyan gəmilər ondan daha istifadə edə bilmir. Beyşevel… Amma, görəsən, bu, Beyşeveldir? Yəqin ki, yox. Çətin ki. Amma hardasa onun yaxınlığında bir yer olmalıdır. Şato Talbo? Bəlkə, bu Talbodur? Hə, yəqin ki. Amma bir dəqiqə gözləyin.
Riçard Pratt yenə şərabdan bir udum aldı və gözünün ucu ilə Mayk Skofildə baxdı. Ağzı ayrıq qalan ev sahibi get-gedə masanın üzərinə əyilir və baxışlarını Riçard Prattdan çəkmirdi.
– Yox, mən haqlı deyiləm. Bu, Talbo deyil. Talbo özünü dərhal bildirir. Əgər bu şərab min doqquz yüz otuz dördüncü ilin məhsuludursa, – mənsə elə bu cür olduğunu düşünürəm, – onda Talbo deyil. Belə-belə işlər. İcazənizlə bir az da düşünüm. Bu nə Beyşeveldir, nə də Talbo, amma yenə də şərab hər ikisinə elə yaxındır ki, üzümlük, yəqin ki, onların arasında yerləşir. Bu hansı üzümlük ola bilər ki?
Pratt fikrə getdi, biz isə baxışlarımızı ona dikib durmuşduq. Hətta Maykın arvadı da indi ona baxırdı. Mən qulluqçu qadının tərəvəz boşqabını arxamda necə bufetə qoyduğunu eşitdim, hərçənd o, araya çökmüş sükutu pozmamaq üçün bunu çox ehtiyatla etdi.
– Aha! – o çığırdı. – Anladım! Hə-hə, anladım!
O, ağzını sonuncu dəfə əlindəki qədəhə yaxınlaşdırdı. Sonra hələ də qədəhi ağzının yanında saxlayıb Mayka tərəf çevrildi, bic-bic gülümsündü və dedi:
– Bilirsiniz bu şərab hardandır? O, kiçicik Braner-Dükrü kəndindəndir.
Maykın tükü tərpənmədi.
– O ki qaldı ilə, bu, min doqquz yüz otuz dördüncü ildir.
Hamımız baxışlarımızı Mayka zilləyərək, onun butulkanı çevirərək etiketini göstərməsini gözlədik.
– Bu sizin qəti cavabınızdır? – Mayk soruşdu.
– Hə, düşünürəm ki, qəti cavabımdır.
– Düşünürsünüz, ya əminsiniz?
– Əminəm.
– Adını bir daha söyləyə bilərsiniz?
– Şato Braner-Dükrü. Kiçik, amma son dərəcə əla üzümlük. Qədimlərdən qalma, füsunkar təbiəti olan kənd. Ona çox yaxşı bələdəm. Heç bilmirəm, niyə əvvəldən anlamadım.
– Hə, ata, – qız dedi. – Butulkanı çevir ki, biz də işin əslini bilək. Mən öz evlərimi əldə etmək istəyirəm.
– Bir dəqiqə, – Mayk dedi. – Bir dəqiqə. – O, tamamilə çaşqın vəziyyətdə idi, üzü kağız kimi ağarmışdı, əvvəlki əminliyindən əsər-əlamət qalmamışdı.
– Mayk! – masanın o biri başında oturmuş arvadı ucadan dedi. – Hə, nə məsələdir?
– Marqaret, lütfən, müdaxilə etmə.
Riçard Pratt üzündə təbəssüm Mayka baxırdı, onun gözləri parıldayırdı. Mayk baxışlarını hər kəsdən qaçırırdı.
– Ata! – qızı dəhşət içində qışqırdı. – Ata, o tapmadı, tez ol, haqlı olduğumu təsdiqlə!
– Qızım, təlaşlanma, – Mayk dedi. – Təlaşlanmaq lazım deyil.
Zənnimcə, Mayk doğmalarından yaxa qurtarmaq üçün Riçard Pratta tərəf çevrilib dedi:
– Riçard, zənnimcə, qonşu otağa keçib ikilikdə danışsaq yaxşıdır.
– Məndən bu qədər, daha heç nə danışmaq istəmirəm, – Pratt dedi. – Yeganə istədiyim şey butulkanın etiketini görməkdir.
O, mərci udduğunu bilirdi, üz-gözündən təkəbbür qarışıq qalibiyyət yağırdı. Anladım ki, o, qələbəsi təkzib olunacağı halda hər şeyə getməyə hazır idi.
– Nə gözləyirsiniz? – o, Maykdan soruşdu. – Buyurun, butulkanı çevirin.
Elə bu vaxt heç kəsin gözləmədiyi şey baş verdi: əynində səliqəli qara don və ağ önlük olan qulluqçu qadın Riçard Pratta yaxınlaşdı. Onun əlində nəsə vardı.
– Cənab, mənə elə gəlir ki, bu sizindir, – o dedi.
Pratt geri çevrilib qulluqçunun əlindəki buynuzlu çərçivəli eynəyi ona uzatdığını gördü və bir anlıq tərəddüd etdi.
– Doğrudan? Bəlkə də, mən bilmirəm.
– Hə, cənab, bu sizindir.
Yaşı yetmişi haqlamış bu qadın uzun illərdir ki, evin sadiq qulluqçusu idi. O, eynəyi masaya, Prattın qarşısına qoydu.
Pratt qulluqçuya minnətdarlıq etməyib eynəyi döş cibinə, burun dəsmalının arxasına soxdu.
Qulluqçu qadın öhdəsinə düşəni yerinə yetirsə də, nədənsə getmirdi. O, Riçard Prattın arxasında dayanmağa davam etdi və yerindən qımıldanmayan bu balaca qadının davranışında nəsə qeyri-adi bir şey vardı. Başqalarını bilmirəm, məni birdən əcaib bir narahatlıq bürüdü. Qadının qırışlı və bozarmış üzündə soyuq və qətiyyətli ifadə vardı, dodaqları bir-birinə möhkəm sıxılmış, çənəsi irəli gərilmiş, əl barmaqları bir-birinə bərk keçirilmişdi. Məzəli papağı və ağ önlüyü onu hansısa balaca, pırtlaşıq, ağ sinəli quşa oxşadırdı.
– Siz onu mister Skofildin kabinetində unutmusunuz,