– Lakin məhəbbət bir anda doğulmur, özü də harada-harada – ölüm yatağında!
– Sən axı məhəbbət barədə nə bilirsən, ay qəlbidaş? Heç olmasa, sonuncu minnətdarlığını o qadın qəbul edəcək və Allaha, peyğəmbərə, sənin peyğəmbərinin anası Bibi Məryəmə and içirəm ki, buna tab gətirə bilmərəm. Ey mənim ağam və məhəbbətim, bu mənasız səfər söhbəti qoy aramızda bir daha olmasın. Sən haradasansa, mən də orada olacağam. Bəsdir.
Qadın bir qoluyla onun boynunu qucaqladı, digəriylə isə ağzını qapadı.
Taleyin Damokl qılıncının altından oğurlanan anlar qədər mütləq xoşbəxtlik dəqiqələri insan həyatında nadir hallarda olur. Onlar oturub bir-birini cürbəcür mehriban adlarla çağıraraq elə gülürdülər ki, Tanrının qəzəbinə gələ bilərdilər. Şəhər öz dərdini divarları arxasında gizləmişdi. Yanan kükürdün şöləsi küçələri ağuşuna almışdı; hind məbədlərindəki balıqqulağılar ona görə belə ucadan nalə çəkirdi ki, Tanrı həmin günlər insanlara qarşı çox biganə idi. Böyük müsəlman məscidində namaz vaxtı idi, minarələrdən isə arasıkəsilmədən azan verilirdi. Onlar ölüsü düşmüş evlərdən şikayətli ağlamaq səsləri eşidirdilər; bir dəfə isə övladını itirən və indi də onun qayıtması üçün yalvaran ananın nalələri yetişdi qulaqlarına. Sübh çağının boz dumanında gördülər ki, şəhər darvazalarından meyitlər çıxarılır; hər tabutun yanında cəmi bir neçə nəfər müşayiətçi vardı. Bu yerdə onlar öpüşdülər və vücudlarından bir üşütmə keçdi.
Təbiət haqq-hesabını böyük qırmızı qələmlə çəkirdi. Ölkə çox xəstə idi və heç olmasa, kiçik bir fasiləyə ehtiyac vardı ki, qiymətdən düşmüş həyatın yeni dalğası onu suvarsın. Yetkinləşməmiş ataların, böyüməmiş anaların övladları heç bir müqavimət göstərmirdilər. Onlar sarsılmışdılar və müticəsinə gözləyirdilər ki, qılınc yenidən qınına girsin – əgər qismət olsa, noyabrda baş verəcəkdi bu. İngilislər arasında da itkilər oldu, amma bu itkilərin yerini tez doldurdular. Aclıq çəkənlərə yardımlar, vəbalı xəstələrin qaldığı baraklara nəzarət, dərmanların paylanılması və həyata keçirilməsi mümkün olan sanitar tədbirlər öz qaydasında davam edirdi.
Holdenə tapşırılmışdı ki, birinci şəxsin müavini yatağa düşən kimi onu əvəzləməyə başlasın. Hər gün düz on iki saat ərzində Əmirəni görə bilmirdi, o isə üçcə saata ölə bilərdi. Fikirləşirdi ki, onu üç ay görməsə, yaman çətin olar, amma qadını gözlərinin qabağında ölsəydi, daha dözülməz olardı. Tam əmin idi ki, onun ölümü labüddür. O qədər əmin idi ki, gözlərini qarşısındakı teleqramdan ayırarkən qapının ağzında durmuş Pirxanı görəndə ucadan güldü:
– Hə?.. – soruşdu.
– Gecələr çığırtı eşidiləndə və nəfəs boğazda donanda kim sağalda bilər azarını? Tez ol, ey Tanrının sevimlisi! Bu, qara vəbadır.
Holden çaparaq özünü evlərinə yetirdi. Göy üzü ağır buludların əlində əsir idi, çünki nə vaxtdan bəri gözlənilən yağış yaxınlaşırdı və isti artıq adamı boğurdu. Əmirənin anası onu həyətdə şikayətli hıçqırıqlarla qarşıladı.
– O ölür. Canını tapşırmağa hazırlaşır. Demək olar ki, ölüb artıq. Mən başıma haranın daşını tökəcəyəm, sahib?
Əmirə Totanı doğduğu otaqda uzanmışdı. Holden içəri girəndə heç bir həyat nişanəsi göstərmədi, çünki insan ruhu son dərəcə tənha olur, bədəni tərk etməyə hazırlaşanda isə bu dünya ilə o dünyanın sərhədindəki dumanlı diyarda gizlənir və ora dirilərdən heç kim qədəm basa bilməz. Qara vəba öz işini sakitcə, izahatsız görür. Əmirə bu dünyadan elə itələnirdi, sanki ölüm mələyi özü ona sahib çıxmışdı. Kəsik-kəsik nəfəsi ya içindəki qorxuya, ya da ağrıya dəlalət edirdi, amma nə gözləri, nə ağzı Holdenin öpüşlərinə cavab verirdi. Nə bir şey etmək, nə də bir söz demək mümkün idi. Holdenə yalnız gözləmək və əzab çəkmək qalırdı. Yağışın ilk damlaları damı döyəcləməyə başladı və susuzluğun haldan saldığı şəhərdən sevincək nidalar ucaldı.
Ruh qayıtdı və dodaqları tərpənməyə başladı. Holden əyilib onu dinləməyə başladı.
– Özünə məndən qalan heç nə saxlama, – Əmirə dedi. – Başımın tükündən də götürmə. Arvadın məcbur edəcək ki, yandırasan tükümü. Onda mən bu alovu duyacağam. Aşağı! Bir az da aşağı əyil! Bircə bunu unutma ki, mən sənin olmuşam və səninçün oğlan doğmuşam. Hətta sabah ağdərili bir qadınla evlənsən də, ilk övladını qucağına almaq ləzzətini həmişəlik itirmisən artıq. Sənin adını hamının qarşısında aşkar daşıya biləcək oğlun doğulanda məni yada sal. Qoy onun bütün bəlaları mənim başıma yağsın. Mən şahidəm ki… – onun dodaqları sözləri düz qulağının dibində deyirdi. – Şahidəm ki… səndən başqa ilahi yoxdur, sevgilim!
Sonra o öldü. Holden sakit oturmuşdu; düşünmək bacarığını tam itirmişdi. Əmirənin anası pərdələri qaldırıb otağa girəndə özünə gəldi.
– Sahib, o öldü?
– Öldü.
– Onda ağlayım onun üçün. Sonra bu evin əşyalarının siyahısını tutacağam. Axı ev mənim olacaq. Yəqin, sahib evi məndən almaz, elə deyil? Çox balaca evdir, lap balaca. Mən də qoca arvadam. Yumşaq yerdə yatmaq istəyirəm.
– Sən Allahın, sus bir az. Get, elə yerdə ağla ki, səsin qulaqlarıma dəyməsin.
– Sahib, onu dörd saatdan sonra basdıracaqlar.
– Adətləri bilirəm. Onu aparmamışdan gedəcəyəm. Bu işlər sənin öhdənə düşür. Diqqət yetir ki, çarpayı… onun uzandığı çarpayı…
– Hə! Əla çarpayıdır. Çoxdan istəyirdim.
– Bu çarpayı elə yerindəcə, əl vurulmamış qalacaq – mənə qalacaq. Evdəki qalan şeylər isə sənindir. Araba tut, hər şeyi götür, buradan get. Dan yeri sökülənədək bu evdə əl vurmağı qadağan etdiyim şeydən başqa heç nə qalmamalıdır.
– Mən qoca qarıyam. İstərdim ki, heç olmasa, yas müddətində burada qalım. Yağışlar da təzə başlayıb. Hara gedəcəyəm?
– Bunun mənə dəxli var? Sənə əmr edirəm ki, buradan gedəsən. Evin əşyaları min rupi edir, axşam isə köməkçim sənə daha yüz rupi gətirəcək.
– Bu çox azdır. Elə araba kirayələmək bir aləm pul aparacaq.
– Buradan təcili getməsən, heç bunu da almayacaqsan. Ay arvad, rədd ol və imkan ver mərhumla qalım.
Ana ayaqlarını sürüyə-sürüyə pillələri endi və fikri-zikri bütün əşyaları toplamaqda qaldığından qızını ağlamağı da unutdu. Holden Əmirənin yatağı yanında qaldı, yağış isə damın tənəkəsini döyəcləyirdi. Bu səsin ucbatından o, fikirlərini bir sapa düzə