Hekayələr. Антон Чехов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Антон Чехов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241716 
Скачать книгу
Qurov tez-tez onu qucaqlayır və ehtirasla öpürdü. Bayram əhvali-ruhiyyəsi, günün günorta çağı ehtiraslı və gizli öpüşlər, isti, dənizin iyi, geyimli-kecimli, tox adamların orda-burda görünməsi sanki onu yenidən həyata qaytarırdı; o, Anna Sergeyevnaya qəşəng, şirin qadın olduğunu deyirdi. Dözümsüz dərəcədə ehtiraslı idi, yanından bir addım uzaqlaşmırdı, qadınsa tez-tez fikrə gedir və Qurovdan xahiş edirdi ki, etiraf eləsin, etiraf eləsin ki, ona hörmət eləmir, onu qətiyyən sevmir, onu pozğun sayır. Demək olar, hər gecə şəhərdən çıxır, ya Oreandaya gedir, ya da şəlaləyə baş çəkirdilər; gəzintiyə söz ola bilməzdi, təəssürat, bir qayda olaraq, həmişə qəşəng, həmişə yüksək olurdu.

      Anna Sergeyevnanın ərinin gəlməsini gözləyirdilər. Amma ondan məktub gəldi, o, gözünün ağrıdığını yazır və yalvarırdı ki, arvadı tez evə qayıtsın. Anna Sergeyevna əl-ayağa düşmüşdü, Qurova deyirdi:

      – Yaxşı oldu, getməyim çox yaxşıdı. Bu, taleyin özüdür.

      Qadın vağzala qədər atla getdi və Qurov onu yola saldı. Bütün günü yol getdilər. Anna Sergeyevna kuryer qatarının vaqonuna keçib oturanda və ikinci zəng vurulanda dedi:

      – Dayanın, qoyun sizə bir də baxım… Bir də baxım. Bax, belə.

      O ağlamadı, amma kədərli idi, elə bil, xəstələnmişdi, üzü əsim-əsim əsirdi.

      – Sizin haqqınızda fikirləşəcəyəm… sizi xatırlayacağam, – deyə qadın dilləndi. – Allah sizə yar olsun, siz qalın. Haqqımda pis fikirləşməyin. Biz həmişəlik vidalaşırıq, belə lazımdır, çünki biz heç görüşməməliydik. Di yaxşı, Allah amanatı.

      Qatar tərpəndi, bir azdan onun işıqları gözdən itdi və taqqıltı tamam kəsildi, sanki qəsdən danışılmışdı ki, bu şirin unutqanlığa, bu ağılsızlığa tələsik son qoyulsun. Platformada tək qalan Qurov cırcıramaların harayına və telefon məftillərinin uğultusuna elə qulaq asırdı ki, sanki yuxudan indicə durub. O fikirləşdi ki, budur, həyatında yeni bir sərgüzəşt, yeni bir macəra da başa çatdı, qalan ancaq xatirələr oldu. Qurov riqqətə gəlmişdi, kədərli idi və yüngül bir peşmançılıq keçirirdi; axı bir daha görüşməyəcəyi bu cavan qadın onunla xoşbəxt deyildi; o, qadına qarşı mehribandı, səmimi idi, amma bununla belə qadınla münasibətində, tonunda və əzizləmələrində yüngül kinayə, iki dəfə yaşlı bir kişinin kobud yekəxanalığı nəzərə çarpırdı. Anna Sergeyevna isə onu bütün tanışlıq vaxtı mərhəmətli, qeyri-adi, nəcib adlandırırdı; ehtimal ki, o, qadına əslində olduğu kimi görünmürdü, deməli, istər-istəməz onu aldadırmış…

      Stansiyadan artıq payız ətri gəlirdi, sərin axşam idi.

      “Şimala getmək vaxtıdır, – Qurov platformadan uzaqlaşaraq fikirləşdi. – Vaxtıdır”.

III

      Moskvadakı evdə hər şey qış qaydasında idi, sobanı qalayırdılar, səhərlər uşaqlar gimnaziyaya hazırlaşanda və çay içəndə hava qaranlıq olurdu və dayə qısa müddətə işığı yandırırdı. Artıq soyuqlar düşmüşdü. İlk qar yağan vaxt birinci dəfə kirşəyə minib yola çıxarkən ağappaq torpağı, ağappaq damları görməyin ayrı ləzzəti var, bu zaman nəfəs almaq da asanlaşır və yeniyetməlik çağları da elə bu zaman yada düşür. Qırovdan ağappaq ağarmış qədim cökə və tozağacında doğmalıq, mehribanlıq daha çoxdur, sərv ağacından, palmadan onlar daha yaxındılar ürəyə, bunların yanında dağlar haqqında, dəniz haqqında düşünmək istəmirsən.

      Qurov moskvalı idi, Moskvaya da xoş, şaxtalı bir gündə qayıtmışdı. Şubasını geyib, isti əlcəklərini taxıb Petrovkada gəzişdikdən, şənbə axşamı kilsə zənglərini eşitdikdən sonra bu yaxınlardakı səfəri və gördüyü yerlər ondan ötrü bütün gözəlliyini itirdi. Yavaş-yavaş Moskva həyatına alışırdı, artıq acgözlüklə gündə üç qəzet oxuyurdu və deyirdi ki, Moskva qəzetlərini prinsipə görə mütaliə etmir. Onu indi restoranlar, klublar, ziyafətlər çəkirdi, məşhur vəkillərin, artistlərin onunla əlaqə saxlamasından, həkimlər klubunda professorla kart oynamasından fərəhlənirdi. O, artıq bir qab selyankanı axıra kimi iştahla yeyə bilirdi…

      Ona elə gəlirdi ki, bir aymı, iki aymı keçəcək və Anna Sergeyevna yaddaşının dumanına qərq olacaq, özünün riqqətli təbəssümüylə başqaları kimi arabir yuxusuna girəcək. Amma aradan bir ay keçsə də, yaddaşında aydınlıqdı, Anna Sergeyevnadan, elə bil, dünən ayrılmışdı. Xatirələr isə uyumaq bilmirdi. Dərs hazırlayan uşaqlarının səs-küyü kabinetinə dolanda da, restoranda romansa, ya orqana qulaq asanda da, buxarıda çovğun ulayanda da qəflətən olub-keçənlərin hamısı xatirəsində canlanırdı: bənddə olanlar da, dumanlı dağlardakı ala-toran da, Feodosiyadan gələn gəmi də, öpüşlər də. O, uzun müddət otaqda gəzişir, xatirələri yadına salır, gülümsəyirdi; sonra xatirələr arzuya çevrilir və olmuşlar təsəvvürdə olacaqlara qarışırdı. Anna Sergeyevna onun yuxusuna girmirdi. Anna Sergeyevna kölgə kimi onun arxasınca gəzirdi, onu izləyirdi. Gözünü yumanda onu diri kimi görürdü və Anna Sergeyevna əvvəl olduğundan da daha qəşəng, daha cavan, daha zərif təsir bağışlayırdı. Özünü isə Yaltadakından daha yaxşı hiss edirdi. Axşamlar Anna Sergeyevna kitab şkafından, buxarıdan, küncdən ona baxırdı, Qurov onun nəfəsini duyurdu, onun paltarının xoş xışıltısını eşidirdi. Küçədə qadınlara göz qoyurdu, ona oxşar qadın axtarırdı… Xatirələrini kiminləsə bölüşmək istəyi onu üzürdü. Sevgisini evdə aça bilməzdi, evdən qıraqda isə ürək qızdırdığı adam yox idi. Qonşularamı, bankdamı? Nədən danışmalı? Məgər onda sevirdimi? Məgər onun Anna Sergeyevnaya münasibətində qəşəng, poetik, ibrətli, yaxud da, sadəcə olaraq, maraqlı nəsə vardımı? Belə hallarda məhəbbətdən və qadınlardan ümumi sözlər danışırdı ki, heç kəsin baş vermişlərdən xəbəri olmasın. Yalnız arvadı qara qaşlarını tərpədərək deyirdi:

      – Dimitri, ədabazlıq sənə, qətiyyən, yaraşmır.

      Bir dəfə gecə həkimlər klubundan məmur yoldaşıyla çıxarkən özünü saxlaya bilməyib dedi:

      – Heç bilirsiniz, Yaltada necə füsunkar bir qadınla tanış olmuşam.

      Məmur kirşəyə oturub yola düzəldi, lakin qəflətən qanrılıb səslədi:

      – Dmitri Dmitriç.

      – Nədir?

      – Bayaq siz haqlı idiniz: nərə balığı iylənmişdi.

      Bu adi sözlər, nədənsə, birdən-birə Qurovu hiddətləndirdi, bu sözlər ona çirkin, həqarətli göründü. Belə də vəhşi adətlər olar, belə də sifətlər olar?!. Belə də mənasız gecələr, maraqsız günlər olar?! Azğın qumar oyunları, qarınqululuq, sərxoşluq, eyni məsələlər haqqında eyni söhbətlər. Lazımsız işlər və boşboğazlıq ömrün ən yaxşı anlarını, gücün çoxunu alır və axırda sənə qalan yarımçıq, qanadsız həyat olur. Uzaqlaşmaq və qaçmaq isə mümkün deyil, sanki dəlixanadasan, ya da cəza alayında.

      Qurov bütün gecəni yatmır, hiddətlənir, səhərisi bütün günü başı ağrıyırdı. Ertəsi gecəni də o baş-bu başa var-gəl edirdi. Uşaqlar onu bezdirmişdi, bank onu bezdirmişdi, bir yana getməyə, nəsə danışmağa həvəs qalmamışdı.

      Dekabr bayramında səfərə hazırlaşdı və arvadına dedi ki, bir cavana himayədarlıq etmək üçün Peterburqa gedir, amma S. şəhərinə yola düşdü. Niyə? Niyəsini heç özü də əməlli-başlı