Hekayələr. Чингиз Айтматов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Чингиз Айтматов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242058 
Скачать книгу
başa düşmədim! – Nurbek pıçıldadı. O, güzgüdən gözünü çəkə bilmirdi. Rəngi avazımış, uzunsov sifətini tük basmış, başı bintlə sarınmış birisi çarpayıda uzanıqlı halda güzgüdən ona baxırdı.

      – A-a! – Nurbek qışqırdı və onun sifəti ağrıdan və qorxudan tamam dəyişdi. Ona elə gəldi ki, ordan zəhləsi gedən, nifrət etdiyi bir adam boylanır. Nurbek zarıdı, əllərini üzünə tutub çevrildi. Qapı açılanda isə qorxudan diksindi və əllərini üzündən çəkdi. Otağa əyninə xizəkçi kostyumu geyinmiş, ayağında qalın altlıqlı çəkmələri olan, uzun saçlarını səliqə ilə boynunun ardına yığmış bir qız daxil oldu.

      – İndi yaxşısınız? – qız soruşdu və gülümsəyərək əlindəki çaydanı stolun üstünə qoydu. Nurbekin sifəti allandı: qız yanında çarpayıda uzandığına görə utandı. O qalxmağa cəhd elədi.

      – Siz nə edirsiniz?! Uzanın, qalxmayın.

      Nurbek istədi cavab versin, ancaq bu zaman qabırğalarının altından dəhşətli bir ağrı qopdu və onu nəfəsini kəsən bir öskürək tutdu. O, aşağı əyilib sinəsini tutdu və xırıldadı. Qız nə edəcəyini kəsdirə bilmədiyindən təlaşla otaqda oyan-buyana vurnuxmağa başladı. Nəhayət, o, əlini Nurbekin başının altına keçirdi. Xəstənin öskürəyi kəsəndən sonra qız rahat nəfəs aldı və onun alnını dəsmalla sildi.

      – Sizin ciyərləriniz bərk soyuqlayıb. Siz özünüzü qorumalısınız. Dünəndən özünüzdə deyilsiniz. Hərarətiniz yüksəkdir. Bu gün də otuz doqquzdan düşməyib. Uzanın… Özünüzü evinizdəki kimi hiss edin… Mən isə bir qədər radioköşkdə olmalıyam.

      Öskürək onu təntidəndən sonra hələ də özünə gələ bilməyən Nurbek, ümumiyyətlə, qıza nə cavab verəcəyini də bilmirdi, yalnız tərəddüdlə, çaşqın halda ona baxırdı. Oğlan kimi geyinmiş bu qız nədənsə get-gedə ona tanış gəlirdi, elə bil onu çoxdan tanıyırdı. O isə adi və qarayanız bir qırğız qızı idi. Onun enli sifətini, geniş və gözəl alnını dağ küləkləri codlaşdırmış, günəş yandırmışdı, qalın dodaqları həmişə aralı olurdu, sanki bu dəqiqə gülümsəyəcəkdi. Görkəmi xeyirxah və sadəlövh bir uşağı xatırladırdı. Yalnız gözləri çox ciddi təsir bağışlayırdı, baxışları fikirli idi. Qız çox da böyük olmayan, amma bərk və güclü olduğu hiss edilən əlləri ilə onun yastığını düzəltdi, ana qayğıkeşliyi ilə Nurbekin ayaqlarını adyalla bükdü.

      – Çarpayı bir az gödəkdir, bəlkə, yastığınızı yuxarı qaldırım?

      – Yox, narahat olmayın… Bağışlayın, bacıcan, mən indi haradayam?

      Qız təəccüblə gözlərini ona dikdi:

      – Bura hidroloji məntəqədir.

      – Hidroloji məntəqə?

      – Elədir ki var! Siz Baydamtal çayı haqqında eşitmisinizmi? Sizi Bektemir ağa tapıb. Siz onu tanıyırsınız?

      – Yox… Xatırlamıram…

      – O bizim hidrotexnikdir.

      – Burada insanlar yaşayır?

      – Bəli. Ancaq biz burda çox azıq – Bektemirin ailəsi və mən…

      – Siz də burda işləyirsiniz?

      – Bəli, hidroloqam.

      – Xeyirxahlığınıza görə çox sağ olun, bacıcan, ancaq… – Nurbek sözünü tamamlaya bilmədi, dayandı. Sonra soruşdu: – Sizin adınız nədir?

      – Asiya. Sizin adınızsa Nurbekdir, elə deyil? Siz, yəqin ki, Baydamtala hansısa vacib iş dalınca gəlmişdiniz?

      Nurbek heç nə demədi. Yanı üstə çevrildi və adyalı üstünə çəkdi. Amma o dəqiqə də adyalı üstündən kənara atdı, qızın gözlərinin içinə baxdı və dedi:

      – Mən cinayətkaram!

      Asiya çaydanı yavaşca aşağı qoydu.

      – Siz cinayətkarsınız? Necə, bu necə olub axı? Deməli, siz qaçmısınız, dağlarda gizlənirsiniz?

      – Elədir, bacıcan! Yəqin, siz də fikirləşirsiniz ki, adam xilas etmisiniz… Bu belədir, mənim yerimə kim olsaydı, ömrünün sonuna qədər özünü sizə borclu hesab edərdi… Ancaq mən itkin düşsəydim, sümüklərim qurda-quşa yem olsaydı, taleyimdən daha razı qalardım.

      Asiyanı dəhşət bürüdü, ancaq özündə güc tapıb xəstəni sakitləşdirməyə çalışdı:

      – Siz nə danışırsınız? Sakit olun! Sizə həyəcanlanmaq olmaz. Qalxmayın!

      – Getməyin, bacıcan! Sizdən xahiş edirəm, yalvarıram sizə, məni axıra kimi dinləyin! – sanki Nurbek hər şeydən çox, qızın onu dinləmədən çıxıb getməsindən qorxurdu. – Dayanın, Asiya, mən sizə hər şeyi danışacam, heç nəyi gizlətməyəcəm…

3

      Yazın ilk günlərindən biri idi. Nurbek zavodun darvazasından çölə çıxdı, yun şərfini boynundan çıxarıb cibinə qoydu, enli kürəklərini gərib dərindən nəfəs aldı. O, fərəhli baxışlarla bütün ətrafı gözdən keçirdi: küçəyə, zavodun korpuslarına, səmaya, parka diqqət etdi…

      Nurbek ucaboy, yaraşıqlı bir oğlan idi, elə indi də o, çənəsini azca irəli verib sərt dodaqlarını bərk-bərk bir-birinə sıxanda və qürurla ətrafına baxanda yoldan ötənlərin diqqətini özünə cəlb edirdi.

      Yazın gəlişini bu gün Nurbek daha yaxından hiss edirdi. Baxmayaraq ki hava rütubətli və yapışqan idi, göyün üzünü boz-tutqun buludlar almışdı, günəş görünmürdü, amma asfaltın üstündəki qar örtüyü əriməyə başlamışdı, dərin gölməçələrə dolan qar suları şırıltıyla arxlara tökülürdü. Baharın ilk müjdəçisi olan ərik ağacının budaqları gillə hörülmüş divardan aşıb küçəyə çıxırdı, şişmiş tumurcuqlar ətrafa xoş ətir yayırdı.

      Nurbek trolleybusa mindi. Bahar düşüncələri onu tərk etmirdi. Qarşıda Nurbeki gözəl və maraqlı günlər gözləyirdi. O, uzaq dağ kəndlərinin birində, xam torpaqlarda təşkil olunmuş sovxozda mexanik kimi işə başlayacaqdı. O, həmin sovxoza ilk gedənlərdən olacaqdı. Xasiyyətnaməsində zavodun partiya təşkilat katibi onun təcrübəli mütəxəssis, bacarıqlı mexanik olduğunu yazmış və tamamilə əmin olduğunu bildirmişdi ki, o, zavodun etimadını doğruldacaq.

      Vilayət komsomol komitəsinin göndərişi artıq əlindəydi və bu günlərdə şəhər klubunda yolasalma mərasimi keçiriləcəkdi: çoxlu xoş sözlər, yaxşı arzular eşidəcəkdi, musiqiyə qulaq asacaq, rəqs eləyəcəkdi, gülüş səsləri bir-birini əvəz edəcəkdi, bərk-bərk əlini sıxıb ona yaxşı yol arzulayacaqdılar… Nurbek təsəvvüründə canlandırdıqlarının hamısını ifadə etməkdə çətinlik çəkirdi… Bir sözlə: yeni həyat tərzi, yeni iş, yeni dostlar hələ qarşıdaydı!..

      Nurbek xam torpaqları ilk fəth edənlərdən biri olacaqdı. Əsrlərlə insan əli toxunmamış torpaqlarda buğda əkiləcək, yollar salınacaq və xalq deyəcəkdi: “Bu bizim kəndimizdir, bu bizim məktəbimizdir, bu bizim emalatxanamızdır!..” Bəyəm bu, böyük xoşbəxtlik deyildimi? Bütün bunlar haqda fikirləşdikcə Nurbekin qollarına yeni güc gəlir, elə bu saat işə girişmək, qurub-yaratmaq istəyirdi.

4

      Dağlara