Çiynimə bir əl toxundu. Diksindim. Hər şey yoxa çıxdı. Yanımda oturanların sifəti silindi. Əzizənin pıçıltılı səsini eşitdim:
– Soldat, sualları bilirsənmi?
Köksümü ötürüb üzünə baxdım. Məni yoldaşlarım-dan, ilk gəncliyimdən ayırdığına yaman hirsləndim.
– İkisini bilirəm, birini yox.
– Nəyi?
Dedim. Əzizə yaxınlaşdı. Arxa cərgədə, düz kürəyimin dalında oturdu. Əyilib ağzını az qala qulağıma yapışdırdı. Nəyi isə izah elədi, rəqəmləri dedi. Mən işarə ilə anlatdım ki, çox sağ ol, nahaq yerə zəhmət çəkmə, heç nə yadıma düşmür. O daha da həyəcanlandı. Səsini bir az da ucaltdı. Yarı əsəbi, yarı təlaşlı halda mövzunu yenidən izaha başladı.
Professor ayağa durub ehmal addımlarla Əzizəyə yaxınlaşdı. Mən xəcalətimdən, həm də sualın birini bilmədiyimdən özümü itirmişdim. Professorun məzəmmət dolu səsi elə bil məni qılınc kimi doğradı:
– Əzizə, nə edirsən, axı siz rəqibsiz?
– Bilirəm.
– Bəs nə üçün kömək edirsən?
– Nə olar?
– Axı yerimiz bircədir.
– Neynək.
– Qəribəsən.
– Mən yox, dünyanın işi qəribədir. Axı o, cəbhədən gəlib.
Mən professorun üzünü görməsəm də, Əzizəyə necə baxdığını hiss etdim. O mənim başımın üstündə dayandı, yazılarıma baxdı və heç nə demədən keçib yerində oturdu.
Çiynimin üstündən qabağıma bir kağız düşdü. Tərpənmədim. Əzizə kürəyimi dürtmələyib başa saldı ki, götür. Götürdüm. Açdım. Əzizə bilmədiyim sualın cavabını aydın və səliqə ilə yazmışdı. İlk cümləni oxuyan kimi unudulmuş hadisələr yadıma düşdü, əsərdəki surətlər gözüm önündə canlandı. Belə gözəl bildiyim bir mövzunu unutduğuma görə özümə acığım tutdu, həm də gülümsündüm ki, deyəsən, yaşa doluram, hafizəm mənə xəyanət edir.
Birinci mən cavab verdim. İki sualı danışdım. Hiss etdim ki, cavabımdan razı qalıbdır. Xüsusən professor, Əzizə də gülümsündü.
– Keç üçüncü suala.
Duruxdum. Ovcumdakı kağızı sıxdım.
– Üçüncü suala cavab vermək istəmirəm.
– Bilmirsən?
– Bilirəm.
– Bəs nə üçün?..
– Çünki öz zəhmətim deyil. Əzizənin yazdığından öyrənmişəm.
– Yaxşı fikirləş.
– Fikirləşmişəm.
Ayağa durdum. İmtahan götürənlərin təəccüblü baxışları altında keçib arxada əyləşdim.
Əzizə yerindən ləng tərpəndi. Ancaq ayağa duran kimi özünəməxsus ləngərli və qəti addımlarla irəli yeridi. Oturmadı. Təklif gözləmədən cavab verməyə başladı. Cavabının dəqiqliyindən daha çox, onun səsinin ahəngi, dilinin zənginliyi, fikrini ifadə edərkən çətinlik çəkmədən, duruxmadan, ən gözəl, ən zərif və ən obrazlı ifadələr tapması məni valeh edirdi. Onun cavabı elə bil hamını əfsunlamışdı. Heç kəs tərpənmir, əlavə sual vermirdi. Çünki Əzizə bütün məsələləri əlavələrlə birlikdə izah edirdi.
O, birinci sualın cavabını qurtardı, dayanmadan ikincisinə keçdi, sonra nəfəsini dərib susdu. Bileti sakitcə stolun üstünə qoydu.
– Bəs üçüncü sual?
Əzizə başını aşağı saldı. Onun qarabuğdayı çöhrəsi qızardı?
– Bilmirəm.
– Yalan deyir!
Deyəsən, yerimdən dik atılıb qışqırmışdım. Çünki hamının diksindiyini gördüm. Əzizə dabanı üstə fırlanıb tərs-tərs üzümə baxdı:
– Özümün dilim var.
İçəridə otura bilmədim. Stulları kənara itələdim. İri addımlarla, icazəsiz, nəzakət qaydalarını unudaraq qapını çırpıb bayıra çıxdım. Şinelimin cibini eşələdim. Bir papirosluq maxorka tapıb qəzeti lülələdim, eşməni birnəfəsə sümürüb yarıya çatdırdım. Dumana büründüm. Heç kəs, heç nə gözümə görünmürdü. Mən qəfəsə salınmış vəhşi kimi vurnuxur, çəkmələrimin dabanını yerə döyürdüm.
Qapı açıldı. Əvvəlcə professor, sonra da başqa müəllimlər otaqdan çıxdılar. Mən papirosu yerə atıb dabanımla əzdim. Ömrümdə ilk dəfə professorun təbəssümlü baxışlarından gözümü yayındırdım və qapını açıb hirslə içəri girdim. Əzizə oturmuşdu.
– Mənə mərhəmət lazım deyil.
O dinmədi, ayağa durdu. Sifəti tutulmuşdu. Elə bil heç əvvəlki şıltaq qız deyildi. Yanımdan keçərkən dayandı. Onun oynaq və dəcəl gözləri dəniz kimi lal, lakin təlatümlü idi. Bu təlatüm dərinliklərdə olduğundan zahirən sakit görünən su qabarmaları elə bil qurğuşun kimi ağırlaşıb ləngərlənirdi. Mən bu baxışların dərinliyində, balaca bir imkan tapan kimi, püskürüb hayqırmağa hazır olan bir insan qəzəbinin gizləndiyini gördüm.
– Kobud!
Yanımdan yel kimi ötdü.
Çox düşündüm. Dənizin kənarında neçə gündən bəri dərs oxuduğum dalda yerdə, hamının gözündən kənarda oturub yenə qəzet süfrəmi açdım. Talonla aldığım qara çörəyi qabağıma qoyub fikirləşdim. O, qəsdən belə edirdi. Məndən yüksək qiymət almamağa çalışırdı. İstəsəydi bir günün içində bütün imtahanları verər, hamısından əla qiymət alar və aspiranturaya minnətsiz qəbul olunardı. Əslində, onun imtahana hazırlaşmağa heç ehtiyacı yox idi. Birgə hazırlaşmaq istəməsi də mənə