Hekayələr. Cəlil Məmmədquluzadə. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Cəlil Məmmədquluzadə
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242201
Скачать книгу
bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim, gördüm, divarda genə haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçə əlif, yanında bir neçə yumru-yumru yazılar.

Bu dəfə uşaqlara bir söz dəxi demədim, öz-özümə fikir elədim ki, əgər mənim uşaqlarımın biri inada düşüb məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim, bəlkə, öz-özünə düşünə ki, bu iş özü hər babətdən pis işdir.

Digər tərəfdən də məni məşğul edən tərbiyə məsələsi idi ki, aya, görək mən uşaqlarıma verdiyim tərbiyənin hansı bir tərəfi yanlış yola düşüb; aya, görək mən kimi bir qoca mürəbbinin səhvi harada olub və bundan sonra uşaqlarım barəsində bəslədiyim rəftarın hansı tərəfinə təğyir14 verməliyəm…

Böyük şəhərdə yaşamaq çox babətdən rahatçılıqdır. Xüsusən bazar-dükanda cəm olan dünyanın hər bir neməti – yeməli və içməli qəbilindən – hamısı həməvəqt15 şəhər əhli üçün mühəyyadır16. Və bazar-dükandan əlavə heç bir məta17 yoxdur ki, onu əllərdə gəzdirməsinlər və, sənin öz qapına gətirib satmasınlar; meyvə, pencər18 yağ, pendir və qeyriləri.

Bizim də bir müştərimiz var ki, ayda bir, həftədə bir sağ əlində bir vedrə yağ, sol əlində bir səbət yumurta, çiynində tərəzi hıqqına-hıqqına pilləkənləri çıxar yuxarı və bizə salam verəndən sonra həmişə belə deyər:

– Qab gətirin.

Ev adamı və uşaqlar və gahdan bir mən özüm də həməvəqt çıxarıq bunun qabağına, salamını alarıq, kefini soruşarıq və sonra gətirdiyi əşyaya tamaşa edib qiymətini xəbər alarıq. Bu da həmişə belə cavab verər:

– A kişi, qiymətini bilirsiniz, qab gətirin.

Və bu növ sual-cavabın nəticəsində müştərimiz bizə bir neçə girvənkə yağ çəkib verər, bir qədər yumurta sayıb verər. Pulumuz olanda alar, olmayanda da nisyə qoyar gedər ki, bir də yolu düşəndə gəlsin.

Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırx-qırx beş, ucaboy, bir kasıb və fağır İran əhlidir.

Dünən Kəblə Əzim yenə yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, Dərbənd yağıdır, çıxarı çox az olacaq, özü də kəhrəba kimi, yeyəndə ətrindən doymaq olmayacaq; yumurtaları da guya Qurnaşın kəndindən gətirib, oranın toyuqları çəmənlərin otundan və çiçəyindən başqa bir şey yemirlər.

Yağdan beş-altı manat, yumurtadan da genə bir qədər borcumuz qaldı. Çünki o günü xırda pulumuz olmadı (yəni böyük pulumuz da yox idi). Kəblə Əzim şey-şüyünü götürdü və çıxdı dalana ki getsin, mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə tapşıra idim, Ərdəbildən təzəliklə gələn olsa, mənə xəbər versin. Ərdəbil fazili Mirzə Ələkbər ağa barəsində əhval bilmək istəyirdim (çünki Kəblə Əzim özü ərdəbilli idi).

Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə, keçib qapının dalına və bir gödək karandaşın ucunu ağzına soxub fikrə gedib. Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altından bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb elədim və əhvalım da birdən nədənsə dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən soruşmamış dedi:

– Molla əmi, doğrusu, mənim dərsim-zadım yoxdu, bu, bir yaddaşdı, yazdım ki, hesablar dolaşmasın.

Mən qəh-qəh çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?

Mənası bu imiş: Kəblə Əzim istəyirmiş, bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:

– Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.

Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:

– Dədə, bunu kim yazıb?

Dedim:

– Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi, ancaq bircə təfavütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.

Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.

BƏLKƏ DƏ, QAYTARDILAR

Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam, çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.

Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb, axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.

Gündüzlər bulvarda rast gəldiklərim özüm kimi qələm sahiblərindən və teatr xadimlərindən olurdu.

Dörd-beş il bundan qabaq Bakıda yay fəsli bulvarda gəzən vaxt tez-tez bir belə hala rast gəlirdim: bulvarın dalda yerində, Naberejni küçəyə tərəf, ağacların dibində dörd nəfər müsəlman görərdim və mən bunların qabağından keçəndə çox vaxt bunların birinin əlində ruznamə19 görərdim və qalan üç nəfəri bunun ruznamə oxumağına qulaq asan görərdim. Amma mənə bir şey burada qəribə görünərdi. Nəzərimə belə gələrdi ki, bunlar suçlu20 adam kimi tez-tez otərəf-butərəfə zənn edirlər, guya bir kəsdən ehtiyatları var və ya bir adam gözləyirlər.

Axırda iş açıldı, mən bunları tanıdım, tanış da oldum və hətta müsahib də oldum. Və bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi.

Bir gün, hətta tarixi də yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-də Türk Tənqid-təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti Balaqədəşi bir işdən ötrü axtarırdım. Evə getdim – yoxdur. Çıxdım bulvara ki, bəlkə, orada görəm. Cəmiyyət az idi, çünki qulluq vaxtı idi. Dərya kənarı ilə birbaş dolandım və çöndüm indiki Tramvay küçəsinə tərəf və uzaqdan gördüm ki, haman dalda yerdə dörd nəfər həmişə gördüyüm adamlar oturublar. Mən istədim, qayıdam, bulvardan çıxam, çünki, doğrusu, bunlardan daha bədgüman olmuşdum. Allah rast saldı, Balaqədəş uzaqdan məni görüb, gəldi yanıma. Mən hər bir danışıqdan qabaq Balaqədəşə haman dörd nəfəri nişan verib soruşdum ki, bəlkə, o, onları tanıdı (Balaqədəş bakılıdır). Balaqədəş o tərəfə diqqətlə baxandan sonra

14

Təğyir – dəyişmə, dəyişiklik etmə

15

Həməvəqt – hər vaxt, həmişə

16

Mühəyya – hazır

17

Məta – satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal.

18

Pencər – müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı

19

Ruznamə – köhn. qəzet

20

Suçlu – təqsirkar