Hekayələr. Самед Бехранги. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Самед Бехранги
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242287 
Скачать книгу
Gecəniz xeyrə qalsın! − dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa, yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi…

      BİR ŞAFTALI, MİN ŞAFTALI

      Susuz, yoxsul bir kəndin qırağında böyük və abad bir bağ vardı. Bağ su sarıdan korluq çəkmirdi, müxtəlif meyvə ağacları ilə də zəngin idi. O qədər uca, qollu-budaqlı ağacları vardı ki, bağın bu başından baxsaydın, o başı görünməzdi.

      Bir neçə il əvvəl kəndin ərbabı1 torpaqları hissə-hissə bölüb kəndlilərə satdı, bağı özü üçün saxladı. Satılmış yerlər dərə-təpəlik, barsız-bəhərsizdi, suyu da yox idi. Dərə boyu uzanan düzənlikdə ərbabın bağı yerləşirdi. Kəndlilər aldıqları dəmyə torpaqda arpa-buğda əkirdilər. Xülasə, bunların üstündən keçək, yoxsa mətləbdən uzaq düşərik.

      Bağda iki şaftalı ağacı bitmişdi. Biri o birindən həm balaca, həm cavan idi. Hər iki ağacın yarpaqları, çiçəkləri bir-birinə oxşayırdı. Elə ilk görünüşdən hamı bunların bir cinsdən olduğunu ayırd edirdi. Böyük ağac peyvənd olunmuşdu. Hər il yekə və gözəl şaftalılar gətirirdi. Elə şaftalı ki, ovuca güclə yerləşirdi. Adamın dişləyib yeməyə heyfi gəlirdi. Bağbanın dediyinə görə, həmin ağacı bir əcnəbi mühəndis peyvənd eləmişdi; peyvəndi də elə öz ölkəsindən gətirmişdi.

      Bəlli məsələdir ki, belə xərc çəkilmiş bir ağacın şaftalısının qiyməti də baha olmalı idi. Hər iki ağacın gövdəsindən asılmış taxta parçası üzərində “Quran”dan bu sözlər yazılmışdı: "Və in yəkad". Bunu guya ağaclar nəzərə gəlməsin deyə asmışdılar.

      Balaca şaftalı mindən çox çiçək açsa da, bir dənə də olsun meyvə yetirmirdi: ya çiçəklərini tökür, ya da şaftalıları kal vaxtı saralıb tökülürdü. Bağban əlindən gələni edirdisə də, heç bir nəticə hasil olmurdu. Qol-budağı ildən-ilə artırdı. Fəqət dərman üçün bircə dənə də bar vermirdi.

      Bir gün bağbanın fikrinə gəldi ki, balaca ağaca peyvənd vursun; vurdu da, yenə bir şey çıxmadı. Nəhayət, bağban qəzəbindən əvvəlcə ağacı qorxutmaq qərarına gəldi. Mişar gətirdi, arvadını çağırdı, balaca şaftalı ağacının yanında başladı mişarın dişlərini itiləməyə. Elə ki mişar əməlli-başlı itiləndi, bağban bir qədər geri çəkilib dedi:

      − Bu saat sənin qol-budağından bir neçəsini kəsim ki, ağıllanasan, şaftalıları bir daha yerə tökməyəsən.

      Bağban balaca şaftalı ağacına çatmamış arvadı onu haqladı və əlini tutub:

      − Ay kişi, − dedi, − sən mənim canım, əl saxla! Mən sənə söz verirəm ki, gələn il şaftalılarını saxlayıb böyüdəcək. Yenə tənbəllik eləsə, birlikdə başını kəsib qoyarıq yerə, doğrayıb atarıq təndirə, yanıb kül olar.

      Hədə-qorxu da ağacın halına təfavüt eləmədi.

      Yəqin, hamınız bilmək istəyirsiniz ki, balaca şaftalı ağacının dərdi nə imiş, şaftalıları nə üçün yetişdirmirmiş? Çox gözəl! Bundan sonra başlayacağımız hekayət də elə bu suala cavab verəcəkdir.

      Qulaq asın!

      Səs salmayın! Balaca şaftalı ağacının söhbətinə diqqətlə qulaq asın. Görək balaca şaftalı ağacı nə deyir. Deyəsən, öz hekayətini danışmağa başlayır. Bəli, danışmağa başlayır:

      − Biz yüz, yüz əllidən çox idik. Səbətin içərisində idik. Bağban səbətin dibinə, yan-yörəsinə və üstünə yarpaqlarımızdan düzmüşdü ki, günəş zərif qabığımızı yandırmasın, qırmızı yanaqlarımıza toz-torpaq qonmasın. Fəqət yarpaqların arasından süzülən mavi işıq səbətə daxil olub qırmızı yanaqlarımıza toxunurdu. Bağban bizi lap sübh tezdən, günəş doğmazdan dərmişdi. Buna görə canımızda sərinlik və rütubət qalmışdı. Payız axşamlarının soyuğu canımızdan çıxmamışdı. Azacıq hərarət göy yarpaqlardan süzülüb dərimizə toxunduqca xoşhallanırdıq.

      Əlbəttə, biz hamımız bir ağacın övladları idik və hər ilin bu vaxtı bağban bizi dərib səbətlərə doldurar, şəhərə aparardı. Ərbabın qapısını döyüb səbəti ona verər və kəndə dönərdi. Lap elə indi olduğu kimi.

      Onu da deyim ki, biz yüz, yüz əllidən artıq yetişmiş, sulu meyvə idik. İndi isə qoyun özümdən danışım: şirin və ləzzətli şirədən incəlmiş qabığım partlamaq istəyirdi, yanaqlarıma o qədər qızartı çökmüşdü ki, görən elə bilirdi çılpaqlığımdan utandığım üçün qızarmışam. İri və bərk çərdəyim yaşamağa can atırdı. Xülasə, bağban məni lap səbətin üstünə qoymuşdu ki, ərbabın evinə çatan kimi onun bircəsi olan qızına qismət olacaqdım. Ərbabın qızı da yanağımdan bir dişləm götürdükdən sonra məni kənara tullayacaqdı. Axı ərbabın evi Sahibəlinin və Poladın evi deyildi ki, bir dənə də olsun xiyar, ərik və şaftalı görməmiş olaydılar.

      Nə isə, mətləbdən uzaq düşməyək.

      Bağban əlində səbət bağın ortasındakı cığırla gedirdi. Birdən ayağının altından siçan yuvalarından biri uçuldu, az qaldı yıxılsın. Özünü saxladı. Səbət də bərk silkələndi. Mən yerimdən tərpənib torpağa düşdüm. Bağban məni görməyib keçib-getdi. Artıq günəş şüaları bağın hər tərəfinə yayılmışdı. Torpaq hələ qızmasa da, göydən isti yağırdı. İsti yavaş-yavaş qabığımdan ətimə keçdi. Canımdakı şirə də qızışdı. İsti çərdəyimə qədər işlədi. Mənə elə gəldi ki, susuzlayıram. Anamın yanında olanda susuzlayanda ondan doyunca su içirdim; günəşə baxırdım ki, üzərimə düşüb məni daha çox qızdırsın. Günəş üzərimə düşüb yanaqlarımı qızdırdıqca anamdan su əmir, qidalanırdım. Bu zaman bədənimdəki şirə coşur, günbəgün böyüyürdüm, böyüdükcə də gözəlləşir, daha sulu olurdum. Üz damarlarımda qırmızı qan çoxaldıqca ağırlaşır və anamın qol-budağını əyir, özümü güclə saxlayırdım.

      Bu zaman anam mənə baxıb deyirdi:

      − Mənim göyçək qızım, üzünü heç vaxt günəşdən gizlətmə. Günəş bizim dostumuzdur. Torpaq bizə qida verirsə, onu Günəş bişirir. Səndə olan gözəlliyin çoxu Günəşdəndir. Bir bax, o meyvələr ki Günəşdən gizlənir, sapsarı saralıb sısqalaşır. Göyçək qızım, əgər bir gün Günəş Yerdən küsüb ona işıq verməsə, Yerdə bir dənə də olsun canlı qalmaz. Nə bitki, nə heyvan!

      Elə buna görə də bacardığım qədər canımı Günəşə tutub onun hərarətini özümə çəkirdim. Bu səbəbdən gündən-günə böyüyür, qüvvətlənirdim. Həmişə özümdən soruşurdum: "Kimsə bir gün Günəşi incitsə, o da bizdən küssə, nə edərik?" Anam yarpaqları ilə yanağıma qonmuş zərif tozu silib deyərdi:

      − Sən nələr fikirləşirsən? Görünür, çox ağıllı qızsan, mənim əziz balam! Mən inanıram ki, Günəş xanım bir neçə mərdimazar və xudpəsəndə görə bizdən küsməz. Fəqət bir gün onun hərarəti və nuru tükənə bilər. Onda gərək başqa bir Günəş haqda fikirləşək. Belə olmasa, qaranlıqda qalar, şaxtadan buz bağlayıb donarıq.

      Heç özüm də bilmirəm söhbətimizin harasında qaldım… Deyəsən, yadıma düşdü…


<p>1</p>

Ərbabköhn. ağa, cənab; sahib