– Mənə qızıl lazım deyil! – onlara deyirdim. – Heç olmasa, bir dəfə kraliçanızla məni görüşdürün. Ona deyəcək sözlərim var.
– Görüşüb danışa bildiniz?
– Eh, nə görüşmək… dava düşdü.
– Ondan sonra heç görmədiniz?
– Yox, görmədim. Mən onları bir tərəfə tullayanda pəri artıq yoxa çıxmışdı.
Beləliklə, Skelmersdeyl qırmızı işıqlı mağaradan özünü bayıra ataraq pərini axtarmağa yollanıb. Mağaranın ağzındakı tağlı keçid boyu o qədər irəliləyib ki, bir də özünü sayrışan işıqları şölələnən düzəngahda görüb. Ətrafda isə pərilər, cinlər deyə-gülə rəqs edirmişlər. Mağaradan onun arxasınca qaçıb gələn cırtdan cinlər isə ondan əl çəkmədən hələ də üstünə qır-qızıl yağdırır və qışqırırmışlar: “Bu da sənə pərilər kraliçasından hədiyyə! Götür arzuladığın qızılları!”
Oğlan bu sözləri eşidəndə canını qorxu bürüyüb ki, hər şey bitib. Naəlac qalıb var gücü ilə bağıraraq pərini səsləyib. Sonra mağaranın girişindən uzaqlaşıb, üzü yamacaşağı, yemişan kollarının arası ilə qaça-qaça qışqıraraq kraliçanı çağırıb. Pərilər oğlanın ətrafında rəqs edərək onu çimdikləyir, cırmaqlayırmışlar. O isə heç bir ağrı hiss etmədən gözəl pərini səsləməyə davam edib. Sayrışan ulduzlar başının üstündə titrəşib onun üzünə işıq salırmış, cırtdan cinlər isə hələ də arxasınca qaçaraq onu qızıla tutur, “Götür qızılları, götür! Pərilər padşahının hədiyyəsidir”, – deyə əl çəkmirlərmiş. O qaçır, arxasınca isə bu əcaib dəstə onu təqib edir, yolundan azdırırmış. Oğlan gah dizə qədər bataqlığa batır, gah sıx kollara dolaşırmış. Birdən bu kolların birinə ilişərək yıxılıb. Üzüqoylu yıxılsa da, arxası üstə çevrilib və o an görüb ki, Oldinqton təpəsində uzanıb, ətrafında heç bir ins-cins yoxdur, başının üstündə ulduzlar sayrışır. Tez dikəlib oturub, yaman üşüyürmüş, bütün bədəni donub keyiyibmiş. Üstəlik, otun üstünə uzanmaqdan pal-paltarı şehdən nəm çəkibmiş. Dan yeri artıq ağarır, soyuq külək əsirmiş. Oğlan artıq düşünürmüş ki, gördükləri fərqli də olsa bir yuxu, daha doğrusu, kabus imiş. Ancaq əlini cibinə salanda baxıb ki, cibi küllə doludur. Artıq şübhə yeri qalmayıb – cibinə tökülmüş sehrli qızıllar külə çevrilmişdi. Hiss edib ki, bütün bədəni cızılmaqdan, didilməkdən göynəyir, amma baxıb görüb ki, heç bir cırmaq, qançır izi yoxdur.
Bax cənab Skelmersdeylin Pərilər ölkəsindən bizim dünyaya qəfil qayıtması belə olub. Oğlana elə gəlib ki, hadisələr bir gecənin içində baş verib, ancaq dükana qayıdanda anlayıb ki, düz üçhəftəlik yoxa çıxıbmış.
– İlahi! Mən bunu biləndə necə əzab çəkdim!..
– Niyə ki?
– Çünki insanlara izahat vermək lazım gəlirdi. Yəqin, heç vaxt belə bir çətin izahat qarşısında qalmayıbsınız.
– Heç bir dəfə də qalmamışam.
Sonra bir az onun yoxa çıxması ilə bağlı insanların necə davrandığından danışdı. Ancaq adları unutmuşdu.
– Bəs Milli? – nəhayət, mən soruşdum.
– Düzü, onu heç görmək də istəmirdim, – deyə cavab verdi.
– Yəqin, o, münasibətini dəyişmişdi?
– Əlbəttə, dəyişmişdi. Ümumiyyətlə, hər şey, həmişəlik dəyişdi. Hətta ətraf mühit mənə elə nəhəng, yöndəmsiz, yaraşıqsız, hay-küylü görünürdü ki!.. Səhər günəş doğanda isə artıq onun şəfəqləri məni xoşhallandırmırdı, əksinə, qıcıqlandırır, gözlərimi deşirdi.
– Milli necə oldu?
– Dedim də… Heç üzünü də görmək istəmirdim.
– Amma yəqin ki, görüşdünüz?..
– Hə, bir bazar günü o, kilsədən gələndə yolda qarşılaşdıq. “Harada itib-batmışdın?” – deyə soruşdu. Bildim ki, dava çıxarmaq istəyir. Heç vecimə də deyildi, ürəyindən dava keçirdisə, qoy eləsin. Heç ona əhəmiyyət də vermirdim, elə bil yanımda deyildi. Ona qarşı o qədər biganə idim ki, düşünürdüm: əvvəllər bu qızın nəyini bəyənmişəm?! Uzun müddət onu görməyəndə keçmiş günləri yada salırdım, amma görəndə də pərilər kraliçasının xatirəsi sanki ona yaxın olmağıma mane olurdu. Düzünə qalsa, heç Milli də məndən ötrü ölmürdü…
– Ərə getdi?
– Hə, öz əmisi oğluna… – Skelmersdeyl cavab verib bir müddət süfrədəki naxışlara diqqətlə baxdı.
O, yenidən danışmağa başlayanda hiss etdim ki, ilk məhəbbətindən qəlbində heç bir iz qalmayıb. Söhbətimiz yenə də onun qəlbinə hakim kəsilmiş pərilər kraliçasının üzərinə gəldi. Onun barəsində danışmaqdan yorulmurdu. O mənə qəribə sevgi sirlərini, məhrəm duyğularını açdı – bunları burda yazmaq satqınlıq olardı.
Bu əhvalatda mənə ən çox təsir edən bu oldu: baqqal dükanının geyimli-kecimli satıcısı öz hekayəsini bitirərək əlində siqar, qarşısında viski qədəhi önümdə oturub. Üzərindən çox illər keçməsinə baxmayaraq, hələ də ürəyini parçalayan eşq yanğısından, tükənməz qüssədən danışır, bu müddət ərzində ona əzab verən könül yarasını izhar edirdi…
– Yemirdim, yatmırdım, – deyirdi, – hesabları qarışdırır, sifarişləri səhv salırdım. O gözəl pərini unuda bilmirdim. Onun üçün elə darıxırdım, xiffətini elə çəkirdim ki! Əlimdəki işim bitər-bitməz hər gecə özümü Oldinqton təpəsinə verirdim. Hətta yağışlı, soyuq havalar belə mənə mane ola bilmirdi. Təpənin yan-yörəsinə dolanır, zirvəsinə qalxıb bağırır, onları səsləyirdim; yalvarırdım ki, məni yenidən öz səltənətlərinə buraxsınlar. Ağlaya-ağlaya haraylayırdım, dərddən lap başımı itirmişdim. Elə hey təkrarlayırdım ki, günahkaram, məni bağışlasınlar. Bazar günləri, hətta iş günləri günortalar da sel kimi tökən yağışın altında təpənin ətrafında dolaşırdım. Hərçənd bilirdim ki, gündüz vaxtı pərini axtarmaqdan bir şey çıxmaz. Hələ orda yatmağa da cəhd edirdim…
Gözlənilmədən susub viskidən bir qurtum aldı.
– Çalışırdım ki, təpədə uzanıb həmin gün olduğu kimi yuxuya gedim, – deyə fikrini təkrarladı. Danışarkən elə həyəcanlı idi ki, dodaqları titrəyirdi. – Neçə dəfə buna cəhd etdim, amma inanın ki, cənab, bacara bilmədim – heç bircə dəfə də… Düşünürdüm ki, gözümə yuxu getsə, bəlkə, hər şey təkrarlana bilər. Amma canıma qor dolmuş kimi ha otərəf-butərəfə dönürdümsə, yuxu gəlmirdi ki, gəlmirdi. Fikir, qəm-qüssə məni yatmağa qoymurdu. Eh, bu kədər… Mənsə istəyirdim ki…
O,