Hekayələr. Иван Бунин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Иван Бунин
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242621 
Скачать книгу
məşğul idi, təsərrüfat işində ona ancaq prikazçik kömək edirdi, – xidmətçilər onu kovxa adlandırırdılar, – Olqa Petrovna tez-tez çöldə olurdu, hava qaralan kimi yatırdı.

      Mitya gələn günün ertəsi, on iki saat yatandan sonra, yuyunub təmiz geyinmiş halda, özünün gün işığına qərq olan otağından – otağının pəncərələri bağa, şərqə tərəf idi – çıxıb bütün o biri otaqlardan keçəndən sonra onların məhrəmliyini və qəlbi də, canı da dincəldən sadəliyini dərin həyəcanla hiss etdi. Hər yerdə hər şey bir çox il bundan əvvəlki kimi öz yerində dayanmışdı, elə o cür də tanış və xoş qoxu gəlirdi; onun gəlməsi münasibətilə hər şey yığışdırılıb səliqəyə salınmışdı, bütün otaqların döşəmələri yuyulmuşdu. Təkcə dəhlizə, nökər otağına, – onu hələ indiyə qədər də nökər otağı adlandırırdılar, – bitişən zalı yuyub qurtarmaqda idilər. Kənddən gəlmiş, günəmuzd işləyən üzü çilli qız eyvana açılan qapının yanındakı pəncərədə dayanıb əlini üst şüşəyə tərəf uzadaraq şüşəni silirdi; aşağı şüşələrdə isə sanki göy rəngə çalan uzaq inikasla əks olunurdu. Ağ ayaqları yalın qulluqçu Paraşa böyük cındırı içi qaynar su ilə dolu olan vedrədən çıxarıb su tökülmüş döşəmədə xırda dabanları üstündə yeriyirdi, özü də pörtmüş sifətinin tərini çırmanmış qolu ilə silərək dostcasına, heç nədən utanmadan dedi:

      − Gedin çay için, ananız hələ alaqaranlıqdan kovxa ilə birlikdə stansiyaya gedib, siz, yəqin, heç eşitməyibsiniz…

      Elə dərhal gözünün qarşısında hökmlə Katya canlandı: Mitya hiss etdi ki, bu çırmanmış qadın qoluna və pəncərədə əlini yuxarı uzadan qızın zərif dirsəyinə, altında möhkəm çılpaq baldırları görünən yubkasına ehtiras və həvəslə baxır; özü də Katyanın dərin təsirini, özünün ona mənsub olmasını sevinclə duydu; bu səhərin bütün təəssüratlarında Katyanın gizlin mövcud olmasını hiss edirdi.

      Həm də bu mövcudluq gündən-günə daha canlı və daha qabarıq hiss olunurdu. Mitya özünə gəlib sakitləşdikcə, Moskvada onun arzularında yaranan Katya ilə iztirablı dərəcədə birləşməyən o adi Katyanı unutduqca bu təəssürat daha gözəl şəkil alırdı.

IX

      İndi Mitya ilk dəfə idi ki, evdə böyük kimi yaşayırdı, hətta anası da onunla əvvəlkinə nisbətən ayrı cür rəftar edirdi, başlıcası isə qəlbində ilk həqiqi məhəbbət duyğusu ilə yaşayırdı; yeniyetməlikdən bütün varlığı ilə gizlincə gözlədiyi şeyi həyata keçirirdi.

      Hələ körpə vaxtı onun qəlbində bəşər dilində nəsə ifadə edilə bilməyən bir şey heyrətamiz və mübhəm şəkildə baş qaldırmışdı. Nə vaxtsa, haradasa, gərək ki, bu da baharda, bağda, yasəmən kollarının yanında olmuşdu – qabar böcəklərinin tünd qoxusu yadında qalmışdı – o hələ lap balaca ikən bir nəfər gənc qadınla, – yəqin, öz dayəsi ilə, – yanaşı dayanmışdı, – qəflətən onun qarşısında səmavi şəfqət nəyisə nura qərq etdi, – bilmədən onun çöhrəsinimi, yoxsa dolğun döşlərindəki sarafanımı işıqlandırdı, həm də nəsə həqiqətən ana bətnindəki uşaq kimi onun daxilində qızğın dalğatək keçib cərəyanla gəldi… Lakin o, yuxu kimi idi. Sonralar – uşaqlıq, yeniyetməlik illərində, gimnaziyada təhsil aldığı illər ərzində nə baş vermişdisə, hamısı yuxu kimi idi. Onun uşaq şənliklərinə öz anaları ilə gələn qızlardan gah birinə, gah da başqasına nəsə heç bir şeyə bənzəməyən xüsusi bir duyğu ilə valeh olurdu; donları, başmaqları balaca, başına ipək bant bağlamış – yenə də heç bir şeyə bənzəməyən bu kiçik, füsunkar məxluqun hər bir hərəkətinə gizlincə böyük bir maraqla tamaşa edirdi. Gimnaziya tələbəsi olan bir qıza (bu artıq sonralar, quberniya şəhərində baş vermişdi) məftun olmuşdu; bu məftunluq, demək olar, bütün payız fəslində və artıq daha şüurlu surətdə davam etmişdi; bu qız tez-tez axşamlar qonşu bağın hasarı arxasındakı ağacda peyda olurdu: onun şuxluğu, masqaraçılığı, qəhvəyi donu, saçlarındakı girdə darağı, çirkli, balaca əlləri, gülüşü, şaqraq qışqırığı – hamısı elə idi ki, Mitya səhərdən-axşamadək onun haqqında düşünür, qüssələnir, hətta bəzən ağlayır, qızdan sönmək bilməyən bir təmənna, istək ona rahatlıq vermirdi. Sonra bu da nəsə öz-özünə qurtardı, yadından çıxdı, yeni, az-çox uzunsürən, – yenə də mübhəm şəkildə, – məftunluq yarandı; gimnaziyanın rəqs gecələrində gözlənilməz sevgidən yaranan kəskin sevinc və kədər duyğuları oyadırdı… Canında nəsə üzüntülər əmələ gəlir, qəlbində isə dumanlı hislər, nəyinsə intizarı baş qaldırırdı…

      Mitya kənddə anadan olmuş və kənddə böyümüşdü, lakin gimnaziya tələbəsi olanda bahar fəslini istər-istəməz şəhərdə keçirirdi, tək bircə il, inişil, pəhriz bayramında kəndə gələndə naxoşlamışdı. Sağaldığı müddətdə – mart ayında və aprelin yarısı ərzində evdə qaldı. Bu, unudulmaz vaxt idi. İki həftə yatağında uzanıb yalnız pəncərədən hər gün dünyada isti və işığın artması ilə birlikdə dəyişən səmanı, qarı, bağı, onun ağaclarının gövdələrini və budaqlarını görürdü. Görürdü ki, səhərdir, gün işığına qərq olan otaq istidir, cana gələn milçəklər şüşələrdə sürünür… Ertəsi gün nahardan sonra günəş evin arxasında, o biri tərəfdən peyda olub, pəncərədə isə baharın mavi rəngə boyanan ağ qarı solğunlaşır, göydə, ağacların zirvələrində iri ağ buludlar dayanıb… Bir gün də keçəndən sonra görürdü ki, buludlu səmada elə parlaq açıqlıq var, ağacların islanmış gövdələri elə parlayır, pəncərə üzərindəki damdan damcılar elə tökülür ki, adam bunlara baxmaqdan doymur, sevindikcə sevinir… Sonra isti dumanlar əmələ gəldi, yağışlar yağdı, bir neçə gündə qar əriməyə başladı, çayın donu açıldı, bağda da, həyətdə də torpaq sevinc və təravətlə canlanıb qaralmağa başladı… Martın axırındakı bir gün uzun müddət Mityanın yadından çıxmadı, həmin gün ilk dəfə at belində tarlaya getmişdi. Səma parlaq deyildi, lakin bağın solğun ağacları arasında misilsiz dərəcədə gur və təravətli işıq saçırdı. Tarlada hələ sərin külək əsirdi, kövşənlik şumlanmamışdı, sarı idi, şumlanan yerlər isə, – yulaf əkmək üçün şumlayırdılar, – parıldayırdı, birinci şum edilmiş qara torpaq öz əzəli qüdrətini kəsb etmişdi. Mitya bütünlüklə bu kövşənli və şumlanmış yerlərlə meşəyə tərəf gedir, bir başından o biri başına qədər görünən çılpaq, kiçik, təmiz havalı meşəyə tamaşa edirdi, sonra meşənin çuxurluqlarına endi; keçənilki qalın xəzəl atın ayaqları altında xışıldayırdı, bəzi yerdə xəzəl qupquru, açıq-sarı rəngdə idi, bəzi yerdə isə yaş, qəhvəyi rəngdə idi; xəzəl səpələnmiş yarğanlardan keçdi, buralarda hələ daşqın suyu axırdı, kolların dibindən, atın lap ayaqları altından isə qaramtıl-qızılı meşə cüllütləri pırıltı ilə havaya qalxırdı… Bütün bu bahar fəsli və xüsusilə çöldə olduqca təravətli küləyin ona tərəf əsdiyi bol su hopmuş kövşənlikdən və qara zəmilərdən ötüb-keçən atın isə enli burun pərələrindən səs-küylə nəfəs alaraq valehedici qüvvətlə fınxırıb xırıldadığı həmin gün Mitya üçün nə idi? O zaman Mityaya elə gəlirdi ki, onun ilk həqiqi məhəbbəti məhz bu bahar fəsli idi; kiməsə, nəyəsə bütün varlığı ilə vurulduğu, gimnaziya tələbələri olan bütün qızları, dünyanın bütün qızlarını sevdiyi