– Bu qədər ehtiyatlı olmağa nə ehtiyac var ki? – Penkrof soruşdu. – İndiyə qədər adada heç bir qorxulu heyvana və ya yerli əhaliyə rast gəlməmişik.
– Biz adanın yalnız cüzi bir hissəsi ilə tanış olmuşuq. Həm də adaya kənardan da düşmən gələ bilər. Hər ehtimala qarşı hazır olmaq lazımdır.
Penkrof mühəndislə razılaşmalı oldu. O, qamış çubuqlardan möhkəm nərdivan toxudu. Smitin başçılığı ilə düzəldilən sadə kran vasitəsilə ağır əşyaları yeni mənzilə qaldırmaq mümkün oldu. Bundan sonra kərpiclə arakəsmələr hörülərək saray bir neçə otaq və anbarlara bölündü. Mətbəxdə ocaq quruldu, baca hazırlandı. Mühəndis saraya şirin su da çəkdi. Sonra isə pəncərələri möhkəm qapılarla təchiz etdi. Adalılar yeni evlərini tərifləməkdən doymurdular. Onların, həqiqətən də, zəhmətlərinin bəhrəsi ilə öyünməyə haqları vardı.
On birinci fəsil
Ekvatordan cənubda yerləşdiyi üçün adada qış fəsli iyun ayında başladı. Qışın ilk əlamətləri güclü yağış və külək idi. Amma Qranit sarayın sakinləri mənzillərinə arxayın ola bilərdilər. Onlar iyun ayını müxtəlif ev işlərinə sərf etsələr də, bu işlər ova getməyə mane olmurdu. Odur ki sarayın ərzaq anbarı həmişə dolu idi. Nab isə ərzaq xarab olmasın deyə bütün vaxtını ət duzlamağa sərf edir, konservlər hazırlayırdı.
Lakin ada sakinlərinin əyinlərindəkindən başqa paltarları yox idi. Bu paltarlar onları qışın soyuğundan qoruya bilməzdi. Kimsəsiz adada paltar tapmaq isə mümkünsüzdü.
Qışın gəlişi ilə gecələr uzandığı üçün sarayın işıqlandırılma məsələsi həll edilməli idi. Buna görə də 5 iyunda səyyahlar beş-altı suiti ovlayaraq saraya xeyli miqdarda piy və suiti dərisi gətirdilər. Piydən şam, dərildənsə möhkəm ayaqqabı əldə etmək olardı.
Şam istehsalı çox asan oldu. Piydən hazırlanmış şamlar yöndəmsiz olsalar da, yararlı idilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.