– Hələ də itən ayaqqabınızı axtarırsınız?
– Bəli, onu axtarıram, tapmayınca sakit olmayacağam!
– Axı siz deyirdiniz ki, itən ayaqqabı açıq-qəhvəyi rəngdədir?
– Bəli, ser, əvvəl itən qəhvəyi ayaqqabım idi, amma indi bu əhvalat qara ayaqqabının da başına gəlib.
Henri xidmətçini hədələyib sonra üzünü Holmsa çevirdi:
– Mister Holms, belə boş şeylərlə sizi narahat etdiyim üçün, rica edirəm, məni bağışlayın…
– Bu “boş” şeylərdən ötrü narahat olmağa dəyər.
– Deyəsən, bu məsələ sizi maraqlandırır?
Holms dalğın halda dedi:
– Bəli, bu, doğrudan da, qəribədir…
Biz nahar edərkən vaxtımızı çox xoş keçirtdik və bizi bir araya toplayan məsələyə ötəri toxunduq. Ancaq ser Henrinin otağına keçəndən sonra Holms ondan gələcək işləri haqqında bəzi şeylər soruşdu.
– Mən Baskervil-holla gedəcəyəm.
– Nə vaxt?
– Bu həftənin axırında.
Holms:
– Mən sizin bu qərarınızı düzgün hesab edirəm, – dedi. – Londonda sizi güdürlər, indi mənim buna heç şübhəm yoxdur. Lakin belə böyük bir şəhərdə onların kim olduğunu və sizdən nə istədiklərini təyin etmək çətindir. Əgər onlar pis niyyətlə hərəkət edirlərsə, siz təhlükə qarşısındasınız… Doktor Mortimer, Dartmurda sizin qonşularınızın, ya da dostlarınızın arasında qarasaqqal bir adam varmı?
– Xeyr, yoxdur… yox, dayanın… Əlbəttə var! Ser Çarlzın lakeyi Berrimorun saqqalı qaradır.
– Belə! O, indi haradadır?
– Baskervil-holda. Ev onun himayəsində qalıb.
– Yoxlamaq lazımdır, görək o doğrudanmı Londonda yox, Baskervil-holdadır.
– Bunu necə etmək olar?
– Mənə bir teleqraf kağızı verin. «Ser Henrini qəbul etməyə hazırsınızmı». Adresini də belə yazırıq. «Baskervil-holl, mister Berrimora». Orada sizə ən yaxın olan teleqraf şöbəsi haradadır? Qrimpendə! Çox gözəl! İkinci teleqramı da Qrimpenə, teleqraf şöbəsi rəisinin üstünə göndəririk. Yazırıq ki, «Xahiş olunur Berrimora göndərilən teleqramı onun öz əlinə verəsiniz. Orada olmasa, geri göndərin. «Norsamberlend» mehmanxanasına, ser Henri Baskervilə». Belə. Berrimorun öz yerində olub-olmamasını axşamüstü biləcəyik.
Baskervil dedi:
– Çox gözəl! Yeri gəlmişkən, qoy bir şey soruşum: doktor Mortimer, bu Berrimor deyilən necə adamdır?
– O, malikanəni idarə edən mərhum Berrimorun oğludur. Baskervil-holda yaşayan Berrimorların dördüncü nəslidir. Mənim bildiyimə görə, o da, onun arvadı da çox abırlı adamlardır.
Holms soruşdu:
– Ser Çarlz Berrimora bir şey veriləcəyini vəsiyyət etmişdirmi?
– Ona da, arvadına da – hərəsinə beş yüz funt verilməsini vəsiyyət etmişdir.
– Belə! Onlar bunu əvvəldən bilirdilərmi?
– Bəli, bilirdilər. Ser Çarlz öləndən sonra onun vəsiyyəti ilə kimə nə veriləcəyi haqqında danışmağı xoşlardı.
– Bu qəribədir.
Doktor Mortimer dedi:
– Mən əminəm ki, siz ser Çarlzın vəsiyyəti ilə pul alanların hamısını şübhə altına almayacaqsınız! O, məndən ötrü də min funt ayırmışdır.
– Belə de! Daha kimə?
– Vəsiyyətnamədə müxtəlif adamlara çatacaq çoxlu xırda məbləğlər, xeyriyyə işləri üçün böyük ianələr göstərilmişdir. Bütün irs isə ser Henriyə qalmışdır.
– Tutaq ki, bizim gənc dostumuzun başına bir iş gəldi… Hərçənd bu, yaxşı fikir deyil, ancaq məni bağışlayın… Onda bu irsə kim sahib olacaq?
– Baskervil-holl, ser Çarlzın uzaq qohumları olan Desmondlara çatacaq. Ceyms Desmond ahıl bir adamdır, özü də keşişdir, Vestmorlenddə yaşayır.
– Təşəkkür edirəm. Bütün bu məlumat son dərəcə maraqlı məlumatdır. Siz heç mister Ceyms Desmondu görmüsünüzmü?
– Bəli, görmüşəm, bir dəfə o, ser Çarlzın yanına gəlmişdi. Ceyms Desmond üzdən çox möhtərəm adama oxşayır. Yadımdadır, ser Çarlz ona pul vermək istədi, nə qədər dilə tutdusa, Desmond qəbul etmədi.
Holms Henri Baskervilə müraciət etdi:
– Ser Henri, sizi Devonşirə tək buraxmaq olmaz. Siz gərək özünüzlə sədaqətli bir adam aparasınız, elə bir adam ki, o, həmişə sizin yanınızda olsun.
– Mister Holms, doğrudanmı siz özünüz getməyə razı olursunuz?
– İş böhranlı vəziyyət alsa, mən birtəhər vaxt tapıb sizin yanınıza gələrəm. Mənim məsləhət gördüyüm adam budur, – holms mənə işarə etdi. – Çətin dəqiqələrdə ona arxayın olmaq olar, mən bunu öz təcrübəmdə görmüşəm.
Mən qətiyyən belə bir təklif gözləmirdim, lakin ser Henri mənim cavabımı gözləmədən əlimi bərk-bərk sıxaraq silkələdi.
– Doktor Uotson! Bu sizin tərəfinizdən böyük yaxşılıq olardı! Baskervil-holla getsəniz və orada mənimlə bərabər qalsanız, mən bunu heç vaxt unutmaram!
Mən dedim:
– Mən sərgüzəştli həyatı sevirəm. Məmnuniyyətlə sizinlə Baskervil-holla gedərəm.
Holms:
– Doktor Uotson, işin gedişi haqqında mənə yazılı surətdə müfəssəl hesabat göndərərsiniz.
Biz ayağa qalxdıq, xudahafizləşib ayrılmaq istəyirdik ki, birdən ser Henri çığırdı və sevinə-sevinə bucaqdakı şkafın altından açıq-qəhvəyi ayaqqabısının tayını çıxartdı.
– Bu da mənim itən ayaqqabım!
Şerlok Holms fikirli halda dedi:
– Qoy başqa məsələlər də belə asanlıqla həll olunsun!
Doktor Mortimer:
– Hər halda, bu, çox qəribədir, – dedi. – Nahardan qabaq mən bütün otağı axtarmışdım.
İkicə günün içərisində gözümüz qarşısında dalbadal bir neçə izahedilməz hadisə baş vermişdi: qəzet sözlərindən düzəlmiş məktub, kebdəki naməlum, saqqallı adam, əvvəl qəhvəyi rəngli təzə ayaqqabının, sonra da köhnə qara ayaqqabının bir tayının itməsi, indi də qəhvəyi ayaqqabının tapılması…
Beyker-stritə gedərkən Holms kebdə bircə kəlmə də danışmadı. Onun çatılmış qaşlarından, gərgin baxışlarından aydın olurdu ki, o da mənim kimi, sanki bir-biri ilə bağlı olmayan bu qəribə hadisələrin məntiqini tapmaq istəyir. Evə gələndən sonra o öz kabinetinə girdi,