20000 lyö su altı ilə. Жюль Верн. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241501 
Скачать книгу
sarı döndü.

      Mən təmiz fransız dilində başımıza gələnləri qısaca nağıl etdim. Görünür, o məni anlamadı. Dalğınlıqla, lakin ehtiramla məni dinlədi.

      İndi ingiliscə danışmaq imkanı qalırdı. Kanadalı ingiliscə çox qızğınlıqla danışırdı. Hansı bəşəri qanunla onu bu qaranlıq zindana atdıqlarını soruşur, azadlığını əlindən alanları məhkəmə ilə hədələyirdi.

      Görünür, onlar bu dili də bilmirdilər. Mən özümü itirmiş halda bildiyim dilləri xatırlayan vaxt Konsel dedi:

      – Bilirsiniz ki, mənim doğma dilim alman dilidir. Ağam izin verərsə, mən onlarla alman dilində danışardım.

      Konsel tam sakit halda bütün başımıza gələnləri almanca təkrar etdi. Lakin bu da nəticəsiz qaldı. Sonra mən latın dilində sözlərin qol-budağını sındıra-sındıra danışmağa başladım. Bunun da faydası olmadı.

      Belə olduqda yad adamlar öz dillərində bir-birinə nə isə dedilər və çıxıb getdilər. Qapı onların arxasınca örtüldü.

      – Bu nədir axı? – Ned hiddətlə dilləndi. – Bu cahillərlə neçə dildə danışdıq, amma bizi anlamadılar.

      – Dostlar, gəlin ruhdan düşməyək, – mən dedim.

      – Bunlar yaramazlardır.

      – Çox yaxşı, bəs görəsən, onlar haralıdır? – Konsel təmkinini pozmadan soruşdu.

      – Yaramazlar ölkəsindən! – Ned səsləndi.

      – Əziz Ned, sənin dediyin ölkə coğrafiya xəritəsində qeyd edilməyib. Bunlar nə ingilis, nə fransız, nə də almandırlar. Onlar zahirən cənub adamlarına bənzəyirlər. Dilləri də mənə heç tanış gəlmir, – mən dedim.

      – Bütün dilləri bilməməyin pis tərəfi bax budur, – Konsel dedi.

      Elə bu an qapı açıldı. İçəri bir nəfər girdi. Bizə qeyri-adi parçadan hazırlanmış gödəkcə və şalvar gətirdi.

      Mən tələsik geyinməyə başladım. Yoldaşlarım da mənə baxaraq geyinməyə başladılar. Biz geyinərkən xidmətçi masanın üstünə üçadamlıq qab-qacaq qoydu.

      – Bax belə! – Konsel səsləndi. – Bu, gözəl başlanğıcdır.

      – Görək, bizə nə yedirəcəklər, – deyə Ned donquldandı.

      – Bunu tezliklə biləcəyik, – deyə Konsel cavab verdi.

      Masanın arxasında oturduq. Şübhəsiz ki, mədəni insanlar arasında idik.

      Masaya qoyulan su təmiz və şəffaf idi. Yeməklər arasında çörək və çaxır yox idi. Balıqdan hazırlanmış bəzi gözəl yeməkləri tanıdım. Qalan xörəklərin nədən hazırlandığını demək çətin idi.

      Nahar dəsti şıq və gözəl idi. Hər çəngəl, qaşıq, nimçə və dəsmalın üzərində belə bir deviz həkk edilmişdi:

      “Mobilis in mobile N”

      Yəni “Hərəkətdə olan mühit daxilində hərəkət!” Bu deviz sualtı gəmiyə tam uyğun idi. Sondakı “N” isə sualtı gəmi kapitanının adının baş hərfi olmalı idi.

      İndi mən başımıza nələrin gələcəyindən qorxmurdum. Yeyib doyduqdan sonra yuxuya təbii bir ehtiyac yarandı.

      – Mən böyük məmnuniyyətlə yatardım, – Konsel mızıldandı.

      – Mən artıq yatıram, – Ned ona cavab verdi.

      Hər ikisi döşəmədəki həsirin üstünə sərilib dərin yuxuya getdilər.

      Mənsə yuxuya gedə bilmirdim. Fikirlər beynimi çulğalamışdı. Lakin çox keçmədən mürgü dumanları mənim beynimi də sardı.

      Ned lend həyəcan içində

      Görünür, çox yatmışdım. Çünki oyandıqda özümü çox yüngül və rahat hiss etdim. İlk oyanan mən idim. Yoldaşlarım hələ də ölü kimi yatırdılar.

      Kayutumuzu diqqətlə gözdən keçirməyə başladım. Biz yatan vaxt heç bir dəyişiklik olmamışdı. Yalnız masanın üstü yığışdırılmışdı.

      Hiss edirdim ki, nəfəs almaq çətinləşib. Sanki oksigen çatışmırdı. Bu vəziyyətə çox davam gətirə bilməyəcəyimi düşündüm. Elə bu vaxt kayuta duz qoxusu verən təmiz hava cərəyanı dolmağa başladı. Bu, yodla dolu saf dəniz havası idi. Mən ağzımı geniş açıb havanı acgözlüklə udurdum.

      Ned və Konsel eyni vaxtda oyandılar. Gözlərini ovuşdurub gərnəşdilər və cəld ayağa qalxdılar. Ned hələ də qəzəbli idi:

      – Qulaq asın, professor, bunlar bizi bu qəfəsdə çoxmu saxlayacaqlar?

      – Doğrusu, Ned, bu barədə mən də siz bildiyiniz qədər bilirəm.

      – Mütləq bir şey etmək lazımdır, – inadkar çəngəlçi deyirdi.

      – Ned, axı nə etmək olar?

      – Xilas olmaq!

      – Yerüstü həbsxanadan qaçmaq son dərəcə çətindir. Sualtı həbsxanadan qaçmaq isə qeyri-mümkündür.

      Ned karıxmış halda susdu. O belə hesab edirdi ki, bu gəmidə vur-tut iyirmi adam ola bilər və biz onların öhdəsindən gəlib gəmini ələ keçirə və xilas ola bilərik. Mən onu sakitləşdirməyə çalışdım və xahiş etdim ki, səbirli olacağına söz versin. Ned çox da inandırıcı olmayan səslə buna söz verdi.

      …Vaxt keçir, aclıq özünü kəskinliklə göstərir, gəmi xidmətçisi isə görünmürdü. Sonrakı iki saatda kanadalının səbri tamam tükəndi. Boş yerə çığırıb qışqırmağa başladı. Mən ölü kimi görünən bu gəminin dərinliklərində bir hənirti belə eşitmirdim. Bu məzar səssizliyi dəhşətli idi.

      Gəminin kapitanı barədə ümidlərim də sönməkdə idi. Bu adam, doğrudanmı, bizi aclıqdan öldürəcəkdi? Məni dəhşət bürümüşdü. Konsel yenə də sakit idi. Ned isə getdikcə daha da qəzəblənirdi.

      Vəziyyətin belə qəliz həddə çatdığı an qapı açıldı və gəmi xidmətçisi göründü. Mən özümü yetirənədək kanadalı bu bədbəxtin üstünə atıldı. Onu yerə yıxıb boğazından yapışdı. Xidmətçi onun qolları arasında boğulurdu. Konsel onu çəngəlçinin əlindən almağa çalışır və mən də onun köməyinə hazırlaşırdım ki, birdən fransızca deyilən bir neçə sözdən mən yerimdəcə qurudum:

      – Sakit olun, mister Lend və siz, cənab professor, rica edirəm, məni dinləyin!..

      Nəhayətsiz dərinliklər adami

      Ned cəld yerindən sıçradı. Boğulmaqdan canını qurtarmış xidmətçi də ağasının işarəsi ilə səndələyərək dinməzcə kayutdan çıxdı. Biz heyrət içində qalmışdıq.

      Fransızca danışan kapitan əli qoynunda diqqətlə bizə baxdı. Onun dayanıb susması bir neçə saniyə çəkdi.

      – Cənablar, – deyə, nəhayət, kapitan danışdı, – mən fransızca, ingiliscə, almanca və latınca eyni dərəcədə sərbəst danışıram. İlk görüşümüzdə sizə cavab verə bi-lərdim. Lakin mən sizə bir qədər fikir vermək, haqqınızda bir qədər düşünmək istədim. İndi bilirəm ki,