Qanadlı körpü. Ataqam. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ataqam
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952837117
Скачать книгу
kimi üzü güldü. Əlimi sıxıb özünə tərəf çəkdi. Araq iyi burnumu çimçəşdirdi.

– O şeir nə təhər idi? Onu bir də de, başam.

Əlimi əlindən qoparıb bir az aralandım. Şeiri astadan, eləcə, Osman dayının eşidəcəyi səslə dedim. “İskəndərin buynuzu var, buynuzu” yerində məni saxladı, yanbızları ilə təkan verib tutdan aralandı, çovustanın ağzındakı kətili gətirib qabağıma qoydu.

– Başam, mən ölüm, çıx bu stulun üstünə, o yerin bir də bərkdən de.

Kətilin üstünə çıxsaydım, camaatın diqqətini çəkəcəkdim. Qorxurdum ki, luğaz eləyib şəbədə qoşalar. Osman dayı tərəddüd elədiyimi görüb, arıq boğazının dərisini hulqumundan çənəsinin ucuna qədər çəkdi, elə boğazı çəkili, başını göyərçin udan qutan quşu kimi yeyin-yeyin sağa-sola döndərib məni kətilə çıxartmaq üçün hansı tanrıya and verəcəyini dalaq kələfində aradı və dizlərini azacıq qatlayıb, çöməli yalvardı:

– Səni Bəsirətin canı, çıx.

Bəsirəti heç vaxt görməmişdim; o, mən doğulmazdan qabaq qaranlığa gömülmüşdü, amma indi – sərxoş Osman dayı dilinin qaytanını açıb canının gözündə öldürdüyü Bəsirətin adını çəkməklə məni xırxalamışdı. Yan-yörəyə boylandım. Xurşud toy mağarında yaslı balabana dəm vermişdi. Camaat əlində işini yarımçıq qoyub onun təzə qoşduğu yanıqlı “Qarabörə” havasını yaxından dinləməyə axışırdı.

Kətilin üstünə çıxdım. “İskəndərin buynuzu var, buynuzu…”

Ləzzətdən gözləri parıldayan, ağzı qulağının dibinə getmiş Osman dayı əllərini əvvəl başına aparıb qoşa buynuz göstərdi, sonra da cibindən bir ovuc nənəli konfet çıxarıb mənə uzatdı.

Yenə arzuma çatmışdım. Nanəli konfetləri sümürdükcə özümü dünyanın ən xoşbəxt adamı sanırdım.

O nanəli konfetin eşqinə harda Osman dayını görürdüm, özümü gözünə soxurdum.

Osman dayı da məni harda görürdü, tələsirdisə, əlini başına aparıb buynuz göstərirdi, tələsməyəndə, maşını saxlayır, alnımdan öpür, daş olsun, kötük olsun, hündür bir yerə çıxmağı xahiş eləyib o şeiri bir də dedirtdirir, nanəli konfet payımı verib yola salırdı.

Aradan uzun illər keçdi. Biz şəhərə köçdük. Kəndə yolum az-az düşdü. Gedəndə də elə atüstü gedib qayıdırdım, Osman dayı əksərən kəcavə qoşduğu “Villis”i ilə dağ kəndlərində alverdə olduğundan, görüşə bilmirdim.

İndi budur, əlini gözünə günlükləyib mənə baxan səksən yaşlı Osman dayı qarşımdaydı; sümükləri quruyub boyunu kiçiltmişdi. Mənə altdan yuxarı baxırdı. Eynəyinin şüşəsini kirli dəsmalıyla silib gözünə taxır, yenidən çıxarır, şüşələrə hovxurub bir də silir, təzədən gözünə taxır, əli ilə eynəyi irəli-geri aparır, mənim kim olduğumu anlamağa çalışırdı.

İki addımlıqda – Osman dayının komasının arxasında xeyli hörgü daşı qalaqlanmışdı. Qalaqdan iki daş götürüb Osman dayının qarşısında yerə atdım, hər ayağımı bir daşın üstünə qoydum, yaxşı eşitsin deyə hündür səslə bizim dostluq himnimizi aram-aram deməyə başladım: “Keçmiş zamanda, Yunanıstanda…”

Osman dayının sifəti dəyişdi: qırış yanaqları qarmon körüyü kimi qulaqlarına tərəf dartıldı, gözləri irilənib eynəyinin şüşələri boyda oldu, ağzı yavaş-yavaş aralandı, aşağı damağında səksən ilə sinə gərmiş sonuncu iki dişi göründü.

“İskəndərin buynuzu var, buynuzu” yerində dodaqlarını tərpədib mənimlə birlikdə misranı bir neçə dəfə təkrarladı.

Sükan əlindən düşdü.

Əlini hövlnak cibinə apardı. Şalvarının, köynəyinin cibini eşələdi, eşələdi… heç nə tapmayb yerə çökdü. Sükanı yerdən götürüb sinəsinə sıxdı. Çiyinləri əsə-əsə dayanmadan “İskəndərin buynuzu var, buynuzu…” təkrarladı.

İyun, 1999

Fələstinli və sərçələr

“Şahinlər” sərçə yuvalarının haqqını ikiqat ödəyib qırx il gözlədilər. Qırx ilin tamamında sərçələrin fəlakəti başladı.

Aban Müəzzin Bəhreyn tütününün acı tüstüsünü ciyərinə çəkib əlinin dalı ilə qəlyanın öləzimiş közünü küldana itələdi. Tüstünü pəncərənin qabağınadakı qurumuş güllərə üfürüb xurma ağacının dibində qurduğu cələyə baxdı. Cələyə düşmüş sərçə qaynar qumun üstündə çırpınıb təslim olmuşdu: başını göyə tutub ağzını ayırmışdı. Aban Müəzzin köhnə ələkdən düzəltdiyi quştutanı ehmalca sərçənin üstünə basdı, quma dirənmiş sərçəni cələdən ayırıb torda açdığı dəlikdən çıxartdı.

– On şekelin[1]var, ağoğlan! – qonşu damların üstünə dırmaşıb Aban Müəzzinin sərçə ovlamasını izləyən uşaqlar birağızdan çığırdılar.

Aban Müəzzin sərçəni Əl-Fürqan[2] savaşında dənizdən şığıyan “gürzələr”[3] kimi başı üstünə qaldırıb havada süzdürdü, qamış çəpərə tərəf bir neçə addım atdı, qəlpənin yeddiaylıq hamilə arvadı Ayişənin qarnına sancıldığı yerdə “ölüm ilgəyi” vurdu. Damların üstündə atılıb-düşüb ləzzətlə çığırışan uşaqlara baş əyib sərçəni eyvanın kölgətutan yerində düzəltdiyi quş damına atdı. Qəfəsdəki sərçələr qonağı boğuq cikkilti ilə qarşıladı.

Ayişəsini doğmadığı qızı ilə iç-içə basdırıb gələndən sonra Aban Müəzzin kufiyə[4] taxıb səub[5] geyməyə başladı. Səubu həmişə tər-təmiz, ağappaq olduğundan, uşaqdan böyüyə bütün Qəzza ona “ağoğlan” deyirdi.

Aban Müəzzin bugünü dünəninə əkiz olan Cəbəlyə[6] qaçqın düşərgəsindən sahilə, Qəzza yoluna çıxan kimi qəsəbə uşaqları yenə çığır-bağırla dalınca düşüb: “Ölüdü!”, “Diridi!”, “Gəl mərc qoşaq, ağoğlan!” deyib çiynindən asdığı dəmir qəfəsi daşladılar. Aban Müəzzin sərçələri çarpanaq daşlardan yayındırmaq üçün kufiyəsini başından açıb qəfəsin üstünə saldı.

Hərdən uşaqların ən dəcəli arxadan yaxınlaşıb səubunun ətəyini dartıb qaçır, Aban Müəzzin də dayanıb ona səssizcə göz ağardıb yoluna davam edirdi.

Qəzzanın girişində dayandı, yolboyu bir-birinə bitişik birmərtəbəli suvaqsız dükanlara baxdı. Luay Abdullahın ətir dükanından başqa hamısı bağlı idi. Qəfəsə göz atıb cümə günü olduğunu dəqiqləşdirdi. Gözü balıqçı dostu Ala’a oğlu Kənaanı axtardı.

Cəbəlyədə Kənaandan başqa hamı Ala’anın öldüyünü bilirdi. İnişil səs bombasından qorxub dili tutulmazdan qabaq kimiymişsə,

1

Şekel – İsrailin rəsmi pul vahidi. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.

2

Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.

3

“Gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: “Döyüşən Şahin”. Çevikliyinə görə, pilotlar ona “gürzə” (viper) deyirlər.

4

Kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.

5

Səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.

6

Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir.