Albaniya və Azərbaycandakı Albanlar. Əli Şamil. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Əli Şamil
Издательство: Köhlən Nəşriyyatı
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-8411-3-8
Скачать книгу
oxunaqlı və anlaşıqlı edir. Bu səbəbdəndir ki, alimin fikir və düşüncələri də aydın və durudur. Hətta deyə bilərik ki, ən mürəkkəb fikir və düşüncə belə Əli Şamilin qələmində sadələşir, sadəlikdə böyüklük, böyüklükdə mükəmməllik və mükəmməllikdə isə müdrüklük qazanır.

      Albanların tarixi, mədəniyyəti, adət-ənənələri, məşğuliyyəti, yaşam tərzi, ziyarətgahları, antik teatrları, muzeyləri, tarixi abidələri… Dıraçdakı Kral Əhməd Zoqun qalası, Ortodoks Kilsəsi, Fatih Cami (Fatih Sultan Mehmetin şərəfinə belə adlandırılmışdır), Arxeologiya Muzeyi… barədə verilmiş geniş və müvəssəl məlumatlar əsas verir deyək ki, Əli Şamil “AZƏRBAYCANDAKI ALBANLAR VƏ…” kitabıyla Albaniya və Azərbaycandakı albanların mükəmməl, eləcə də hərtərəfli portretini yarada bilmişdi.

Cəlal QasımovF.e.d., professor

      Qısaltmalar haqqında

      Kitabda 20-ci yüzilin hadisələrindən söz edildiyindən həmin dövrdəki terminlərdən geniş istifadə edilmişdir. Lakin bu terminləri xarici ölkələrdə yaşayanlar anlaya bilmədikləri kimi, Sovetlər Birliyinin çöküşündən sonra dünyaya gələn nəsil də anlamır. Məsələn kolxoz, sovxoz, komunxoz və s. sözləri 30–40 il öncə Sovetlər Birliyində yaşayanlar başa düşürdü. Rus dilinin bazasında yaradılmış bu sözləri indi rus gənclərinin çoxu başa düşmür.

      Kitabda ən çox işlənən terminlərdən biri KQB-dir. Bu termin 1953-cü ildə yaransa da dünyanın əksər guşələrində Sovetlər Birliyindəki təhlükəsizlik xidmətindən söz açılanda KQB işlədilir. Hansı ki, Bolşeviklər 1917-ci ildə silahlı üsyan yolu ilə hakimiyyəti ələ aldıqdan sonra Xalq Komissarlar Sovetinin sədri Vladimir Ulyanov (Lenin) ümumrusiya səviyyəsində baş verə biləcək antibolşevik çıxışlarına sərt divan tutmaq üçün 1917-ci il dekabrın 20-də Xalq Daxili İşlər Komissarlığının nəzdində Fövqəladə Komissiya yaradılması haqqında əmr imzalamışdı. Fövqaladə səlahiyyətlər verilmiş bu komissiyaya milliyətcə polyak yəhudisi olan Feliks Dzerjinski rəhbər təyin edilmişdi. Təşkilatın adı rus dilində Всероссийская Чрезвычайная Комиссия olduğundan onu qısaldılmış şəkildə ÇK adladırırdılar. Azərbaycan Türkçəsində onun mənası Ümumrusiya Fövqəladə Komissya olsa da xalq onu rus dilindəki qısaldılmış şəkilini işlədirdi.

      1922-ci il fevralın 6-da bu təşkilat Государственное Политическое Управление – ГПУ (Dövlət Siyasi İdarəsi), 1923-cü il noyabrın 15-dən Объединенное Государственное Политическое Управление – ОГПУ (Birləşmiş Dövlət Siyasi İdarəsi), 1934-cü ildən Главное управление государственной безопасности – ГУГБ (Dövlət Təhlükəsizliyinin Baş İdarəsi), 1946-cı il martın 15-dən Министерство государственной безопасности СССР – МГБ СССР (SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi), 1953-cü il martın 13-dən Комитет государственной безопасности при Совете Министров СССР (SSRİ Nazirlər Soveti nəzdində Dövlət Təhlükəsizlik Komitəsi), 1978-ci il iyulun 5-dən isə Комитет Государственной Безопасности СССР (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi) adlandırılsa da dünyada daha çox KQB kimi tanınır.

      Buna görə təşkilatın adını həmin dövrdə necə işlədilmişdirsə elə deyil, daha geniş yayılmış forması olan KQB kimi yazdım. Bununla yanaşı, kitabda ÇK, NKVD sözlərinə də rast gəlinir. Bunlar da əsasən sitatlarda olduğuna görə onları dəyişmədim.

      Tanıtma

      Albaniya Respublikası Avropanın Güney Doğusunda, İyon və Adriatik dənizlərinin sahilində yerləşir. Bu ölkənin adı miladdan öncə 4-cü yüzillikdən miladın 705-ci ilinədək Qafqazda mövcud olmuş Albaniya ilə oxşar olduğuna görə ikincini fərqləndirmək üçün çox vaxt Qafqaz Albaniyası adlandırırlar.

      Elmi əsası olmayan bir fikir də var ki, indiki Albaniyada yaşayan xalqın ulu əcdadları Qafqazdan oraya köçmüşlər. Albaniyaya səfərim zamanı aldığım bilgiyə görə, miladdan öncə dörd mininci illərdəki bir yazıda qeyd olunmuş sözə əsaslanıb belə güman edirlər ki, Albanların ulu babaları Qafqaza köçmüş və burada qurduqları dövləti Albaniya adlandırmışlar. Bizim fikrimizcə, adlar arasındakı bənzərlik söz oxşarlığından başqa bir şey deyil.

      Albanlar öz ölkələrini “Şipri”, yəni “Qartallar diyarı”, yerli sakinləri isə “şiptar” adlandırırlar. Araşdırıcıların bir qismi Albaniya toponiminin “illiriya” sözündən formalaşdığını və bunun da “olba” – “kənd” anlamı verdiyini yazır. İlliriya sözü də qədim dövrlərdə Balkan yarımadasının batısına və orada yaşamış xalqa verilmiş addır.

      Türklər və Osmanlı dövlətinin tərkibində olan xalqların çoxu, eləcə də Osmanlı imperiyası dağıldıqdan sonra onun ərazisində yaranmış dövlətlərdə yaşayan yaşlı albanlar da özlərini arnavut adlandırırlar. Türkiyəli araşdırıcıların fikrincə, orta yüzillərdə albanlar “illiriyalılar” və “pelasqlar” adının yerinə “arber”, “arbereş”, “arbanoi” sözlərini işlətdiklərindən osmanlılar da onlara arnavut demişlər.

      “Albaniya” sözünün latınca “alba” – yəni “yüksəkdə duran” sözündən yarandığını söyləyən araşdırıcılar da var. Milliyətcə alban olan böyük Osmanlı ensiklopediyaçısı Şəmsəddin Sami “Kamus-u Türk”də arnavut sözünün çiftçi-əkinçi mənasında olduğunu yazır.

      Ərazisi 28 min 748 kvadratkilometir olan Albaniya batıdan dəniz vasitəsilə İtaliya ilə həmsərhəddir. İki ölkə arasındakı dənizin eni 70-100 kilometrdir. Ölkə əhalisinin 87 faizi albanlar, 1 faizi yunanlar olsa da Yunanıstan hökuməti həmişə bu bölgəyə qarşı ərazi iddiasında olub. Yunanlar 1912-ci ildə Osmanlı hökumətinə qarşı başladıqları savaşda Avropa dövlətlərinin yardımı ilə yeni qurduqları dövlətlərinə albanlar yaşayan bəzi bölgələri də qata bildilər.

      Albaniyadakı dindar müsəlmanlar sünnilərə, bəktaşilərə bölünsələr də çoxluq təşki edirlər. Azlıqda qalan xristianlar isə pravoslav və katolik inanclıdırlar. Sosializm birliyi dağıldıqdan sonra vəhabilər burada özlərinə tərəfdarlar toplaya bilmişlər.

      Albaniya dövlətinin başlanğıc tarixini 1190-cı ildə yaradılan Alber şahzadəliyindən hesablayırlar. Bölgə orta yüzillərdə müxtəlif dövlətlərin tərkibində olmuşdur. Avropa dövlətlərinin iqtisadiyyatı, sənaye potensialı, hərbi gücü artdıqca onlar yeni müstəmləkələr əldə etməklə yanaşı, tarixin ən güclü dövlətlərindən olan Osmanlı imperiyasını dağıtmaq üçün 20-ci yüzildə Balkanda milli zəmində toqquşmaları qızışdırmış, bu da getdikcə güclənərək müstəqillik uğrunda savaşlara çevrilmişdir. Albanlar da azadlıq əldə etmək, öz dövlətlərini yaratmaq ümidilə böyük həvəslə Osmanlı dövlətinə savaş açmışlar. Nəticədə Osmanlı orduları Balkanlardan geri çəkilməli olmuş, Albanların toplu şəkildə yaşadıqları bölgələr bir