Oxuyan tapılar, qalmaz kağızda…
Əhməd Üştübünlüyə namə
Dedim, gəlim görüşünə keçən yay,
Vaxt uzandı payızacan, ay Əhməd.
Duman sardı Üştübünün yolların,
Çəkilərmi bu yazacan, ay Əhməd?
Durnalardan söz yolladım, aldınmı?
Alıb da, heç məni yada saldınmı?
Düzünü de, kövrəldinmi, doldunmu?
Oxuyunca ta sonacan, ay Əhməd.
Üştübünə vurulubdur gözlərim,
Bir gəzəydim o dağları, düzləri…
Şair babam Nəbatinin izləri,
Qalar axır zamanacan, ay Əhməd.
Çəmənli də, Üştübün də Vətəndi,
Əlim çatan, ünüm yetən Vətəndi.
Bir ürəkdi, bir candı, bir bədəndi,
O tayından bu tayacan, ay Əhməd!
İtirmişəm illərimin sayını…
Nola Vahid, keçəm Araz çayını,
Görəm sənin dağ vüqarlı boyunu.
Həmdəm ola canıma can, ay Əhməd!
Bakı.
03.10..2018
Köz üstündəyəm
Müəllim ömrümü başa vurmuşam,
Aşığ ömrü axır, saz üstündəyəm.
Heç kəsdən minnətim yoxdu hələlik
Şükür Allaha ki, öz üstümdəyəm.
Aşıq Haşım Qubalı
Başıma dünyanın dərdini yığdım,
Axır yıxdı məni, üz üstündəyiəm.
Yalvara-yalvara qalmışam Haqqa,
Axşamdan səhərə diz üstündəyəm.
Qafiləm, dünyanın oyunlarından,
Bir haray ummuram qoyunlarından…
Günahı asılıb boyunlarından,
Baxıram, yanıram köz üstündəyəm.
Ərz etdim halımı o Əhli – hala,
Bəlkə barmağımı batıra bala…
O da saldı məni yüz qeylü – qala,
Məcnun tək sərgərdan, düz üstündəyəm.
Bahardan xəzana keçdi altı ay,
Yaz nə vaxt tükəndi, nə vaxt ötdü yay?
Fələk deyir mənə saydığını say,
Nə qədər sayıram yüz üstündəyəm.
Ay Vahid, bu qədər sızladın, bəsdi.
Görmürsən, vaxt- vədə qapını kəsdi?
Xəzan küləkləri içimə əsdi,
Büzüşdüm, elə bil buz üstündəyəm!
Aşıq Haşım Qubalıya
Yenə axşam düşür qoca dağlara,
Günəşdən əlimi üzürəm, aşıq.
Amma ümidim var gələn sabaha,
Zülmətdə nurunu sezirəm, aşıq!
Açılmır nə sazın, nə sözün baxtı,
İndi müğənnilər zəbt edib taxtı…
Sözlərin nur kimi qəlbimə axdı,
Elə bil, göylərdə süzürəm, aşıq.
Sən haqqı nahaqqa verməzsən heç vaxt,
Sənətin yolunda gedirsən sərvaxt.
Yollara çıxmazsan vaxtsız, baxtabaxt,
Mən səni şam ilə gəzirəm, aşıq.
Hünərdi əldə saz girmək meydana,
Qoşma, təcnis demək mərdi – mərdana…
Sənin tək aşığı doğmaz hər ana,
Demə, yoruluram, bezirəm, aşıq.
Vahidin qələmi itidir hələ,
Bağlayıb könlünü şerə, qəzələ.
Allahın yolunda cani-dil ilə,
Mən də hər çətinə dözürəm, aşıq.
Su həmən sudu…
Sən hara gedirsən ay keçən günüm,
Söndürüb içimdə alovu-odu,
Ömrümünn üstündən mey içən günüm,
Nəyim var fəxr edəm, olanım budu.
Varmış bu dünyanın min xeyri, şəri,
Gah ağa elədi, gah da sərsəri…
Qatdı cərgəsinə köç edənlərin,
Qalan izlərimi yağışlar yudu.
Nur səpdi çəmənə qara buludlar,
Su içib canlandı saralan otlar.
Bəs niyə Vahidin dizini qatlar,
Boyuma boy verməz, su həmən sudu.
Çox qəmgin ötmə
Zaman tələ qurur insan oğluna,
Heyif, tələsinə çox bədbaxt düşür.
Kimə yaraşıqlı boy-buxun verir,
Kimin qismətinə qızıl taxt düşür.
Zaman uşaq kimi tovlayır bizi,
Qaçırıq, ovçu tək qovlayır bizi,
Bir gün bir bərədə ovlayır bizi,
Girinə ya qafil, ya sərvaxt düşür.
Ay Vahid, zamanla çək – çevir etmə,
Gününü baha sat, ucuza getmə…
Bülbül tək sızlama, çox qəmgin ötmə,
Könlü şad olana gözəl baxt düşür…
Adİl Şükürova həsr edİrəm
Xəbər gəldi, bahar dönüb dağlara,
Gül bülbülə, bülbül gülə qarışıb.
Xoş sədalar bürüyübdü hər yanı,
Şirin sözlər şirin dilə qarışıb.
Ogul gördüm vallah Sizi hünərdə,
Ad qoydunuz neçə