ISBN 978-5-4496-2676-9
Создано в интеллектуальной издательской системе Ridero
Yoxuşdan qabaq
Həyatın qaydası, nizamıdır bu,
Dərəyə enərlər yoxuşdan qabaq.
Üzə sığal çəkər cavanlıq çağı,
Parlayar Günəş tək qırışdan qabaq.
Sözə diqqət verir gül də, çiçək də,
Arı da, sərçə də, qara böcək də…
Sevgi yuva qursa gözdə, ürəkdə
Dilə can – can gələr baxışdan qabaq.
İnsan şad olarmı tənha qalanda?
Kədərə bürünər ürək də, can da…
Kim bilir nə olar göylər dolanda,
Vahid, çox gurlama yağışdan qabaq.
18.11.2018
İqdır. Balıq gölü 22 iyun 2014
Zaman İçİndə
Sovurdum yellərə neçə baharı,
Bahar axtarıram xəzan içində.
Günlərim dəli tək qovhaqovdadı,
Ayım da, ilim də duman içində.
Aldım sorağını özgə diyardan,
Axırda əlimi üzdüm o yardan…
Elə düz ilqardan, düz etibardan,
Rəbbim hifz eləsin zaman içində.
Söndürdü sinəmdə alovu, odu,
Ayaq izlərini yağışlar yudu…
Vahidin taleyi, qisməti budu,
Ağlayır bir dərdli kaman içində.
18.11.2018
allah, bu necə sevgİdİr?
Allah, bu necə sevgidir,
Lap dağı daşı yandırır.
Çaxır göydə şimşək kimi,
Şaxtalı qışı yandırır.
Sevdam təzə dəbə minib,
İçimə yüz istək sinib…
Ciyər çoxdan yanıb, sönüb,
İndi də başı yandırır.
Vahid, demə solmaz solar,
Ürəyinə atəş dolar…
Sevən ürək belə olar,
Ağılı, huşu yandırır.
18.11.2018
Əli müəllimə həsr olunur
Alınmaz qala kimi əzəmətli, başı qarlı dağlar kimi əlçatmaz, etibarı və qayğısı tükənməz, əvəzsiz olan Ağsaqqalım, böyük qardaşım Əli müəllimə – 60 yaşı münasibətilə
Könülləri fəth edirsən səbirlə,
Səhvimizi əfv edirsən səbirlə,
Dərdi – qəmi məhv edirsən təmkinlə,
İradənlə hasil olur hər dilək.
Əli müəllim, altmış yaşın mübarək!
Alnı açıq gedirsən öz yolunla,
Şərəfinlə, şöhrətinlə, şanınla,
El – obamız fəxr eyləyir adınla,
Harda olsan, orda açır gül – çiçək.
Uğur olsun, bu xoş günün mübarək!
Ta əzəldən hamımıza gərəksən,
Sən əzizsən,
Sən doğmasan,
Ürəksən!
Həsən Mirzə ocağına dirəksən,
Ürəyinlə qoşa vurur min ürək.
Dağ vüqarlım, – altmış yaşın mübarək!
Həsən Mirzə
Adın Əli, Əli sənə yar olsun,
Dostlar gülsün, düşmənlərin xar olsun.
Səsin, sədan el – aləmə car olsun,
Nəzərdən qorusun qoy səni Fələk!
Hacılar hacısı yaşın mübarək!
Nəbatİsayağı 1
Allah, Allah gül üstündə zərdi bu,
Ya zərin üstündə nur danəsidir?
Ağlımı başımdan alıb apardı,
Başım cəhənnəmin viranəsidir.
Sərxoş tək gəzirəm dağı, aranı,
Xəyalı coşdurur, qaynadır qanı…
Gəzirəm İranı, Rusu, Turanı,
Tapmıram, – bu məhşər nişanəsidir.
Nəbatinin doğulduğu və yaşadığı Üştübün kəndi
Bəlkə imdadıma yetə bir nəfər:
Nişanı belədi, – Gövhərdi, gövhər.
Dili, dişi incə, saçları ənbər,
Gözləri günəşin həmxanəsidir.
Qaməti bənzəyir cənnət gülünə,
Hindistan qəndini əzib dilinə…
Zülfün dəstələyib alsa əlinə,
Deyərsən, cənnətin pərvanəsidir.
Yerin behişt olsun, Nəbati baba,
Dözmədin hicrana, – sənə mərhaba!
Bəs Vahid neyləsin ey piri – Xuda,
Məcnun tək dəlisi, divanəsidir.
17.11.2018
Yaxşıdı
Sakit Məmmədovun yaratdığı
bədii klubun üzvlərinə…
Çırmalanıb girmisiniz zor işə,
Qollarınız qulac olsa yaxşıdı.
Mətin olun, əyilməyin gərdişə,
Göz tox olsa, qəlb ac olsa yaxşıdı.
Ürəyiniz bir ummandı, dənizdi,
Hər kəlməniz, hər cümləniz əzizdi,
Halal çörək müqəddəsdi, ləzizdi,
Ortalıqda qazanc olsa yaxşıdı.
Hacı Vahid versin xeyir – duanı,
Pozulmasın işinizin mizanı…
Dadlı olsun ömrünüzün hər anı,
Uğurlara inanc olsa yaxşıdı…
16.11.2018