Dəli Çəmənli. Vahid Çəmənli. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Vahid Çəmənli
Издательство: Издательские решения
Серия:
Жанр произведения: Поэзия
Год издания: 0
isbn: 9785448522178
Скачать книгу
ona içimdə yaşatdığım bir arzumu bildirdim. Dedim ki, mən Seyid Lazım Ağa haqqında yazı yazmaq istəyirəm. Ağanın nurani çöhrəsinə güclə sezilən bir təəccüb qondu.

      – Ağanı görmüsənmi? – deyə soruşdu.

      – Görmüşəm, amma yaxşı yadımda deyil, -deyə cavab verdim.

      – Görmədiyin, tanımadığın şəxs haqqında yazmaq çətindir axı, -dedi Ağa.

      – Bilirəm, çətindir. Amma tarixdə belə şeylər çox olub. Böyük şəxsiyyətlərdən yüz illərcə sonralar da, onların haqqında layiqli əsərlər yazılıb…

      Ağa bir anlıq sükuta qərq oldu. Hiss elədim ki, sözlərim onun ürəyinə narahatlıq gətirdi. Amma sükutu pozmaq istəmədim. Bir neçə andan sonra Ağa təmkinlə sözünə davam etdi:

      – Seyid Lazım Ağa sadə bir insan olub. O camaatın içində yaşayıb, sadə həyat sürüb, insanlara əl tutmağı, yaxşılıq eləməyi həyat tərzi seçsə də, bu barədə danışmağı heç zaman sevməyib. Ağa insanlara ürək-dirək verib, qəlblərində ümid işığı yandırıb. Çətinə düşən Allah bəndələrinə Allahın kəlamlarınin qüdrətini öyrədib, cəddinin bütün gücünü bir xoş sözlə, bir sevgi dolu baxışla el-obanın camaatına çatdırıb. Bunu Vətənini, xalğını canı kimi sevən hər bir adam etməlidir, burada qeyri-adi nə var ki?

      Bu dəfə susmaq növbəsi mənə çatdı. Dönüb «Seyid Lazım Ağa» məqbərəsinin həyətindəki ağaclara baxdım. Yarpaqlar günəşin şəfəqləri altında parıldayırdı. Həyət, cəh-cəh vuran quşlarla dolu idi. Qızılgül kollarının ətrafında arılar uçurdu. Hər yan gözəl idi. Cavanlar Ağanın məqbərəsini ziyarət etdikdən sonra bağçada dolaşır, sanki bu gözəllikləri gözlərinə köçürmək istəyirdilər. Bu insanları bura gətirən Ağaya olan sevgi idi. Tanrı tərəfindən onun cəddinə bəxş edilən qüdrətə inam hissi idi. Düşünürdüm ki, cəmi bir neçə saatdan sonra mən də, bu ziyarətə gələnlər də, hamımız çıxıb gedəcəyik. Amma hərəmiz öz içimizdə Seyid Lazım Ağa nurundan bir zərrə aparacağıq. İllər keçəcək, bu günlər də bir tarix olacaq. Amma bura üz tutan insanların sayı heç zaman azalmayacaq. Bəs, bu adamlar Ağa haqqında məlumatı haradan alacaqlar? Ağa ona üz tutub gələn insanlara nəyi bəxş edirdi? O necə yaşayırdı? Nələri təlqin edirdi? Öz həyat tərzini nümunə göstərməklə el-obasına nəyi başa salmaq istəyirdi? Özüm də öz suallarıma cavab verirdim:

      – Ağa ona pənah gətirən insanların içində sarsılan Allah sevgisini onlara qaytarırdı. Ağa insanlara Allahın Əhli-beyt nəslinə bəxş etdiyi xeyir-dua vermək şərəfindən istifadə edərək, onlara xeyir-dua verirdi. Ağa insanlara Allahdan ruzi-bərəkət diləyirdi. Ağa, duası həmişə hasilə yetən bir mömin idi. Ağa Allah adamı idi. Ağa Allahı sevirdi, Allah da öz mömin bəndəsini sevirdi. Allah sevdiyi insanları belə urvatlı edir. Ağa Allahın urvatlı bəndəsi idi. Allahın sevdiyi bəndədən yazmaq Allaha xoş gedən bir iş deyildimi?

      Mən bunları Seyid Yusif Ağaya demədim. Amma Ağa haqqında yazmaq fikrimi də dəyişmədim. Doğrudur, hələlik bu bir arzu olaraq içimdə qalır. Amma bir gün bu arzumun Ulu Tanrının köməkliyi ilə həqiqətə çevriləcəyinə inanıram. Yəqin Seyid Yusif Ağa bu sətirləri oxuyanda gülümsəyib deyəcək:

      – Ay Dəli Çəmənli balası…

      Bəli, əvvəla, mən Seyid Lazım Ağanın nurani çöhrəsini güc-bəla ilə xatırlayıram. Agdamın Çəmənli kəndində orta məktəbi bitirəndən sonra təhsil almaq üçün Bakiya gəldim. Hələ 16 yaşım tamam olmadığı üçün pasport da almamışdım. Ürəyim istəyən sənəti seçmək mənə qismət olmadı. Ömrümün yolları başqa istiqamətə yönləndi. Atam-anam çox erkən vəfat etmişdilər. Maddi sıxıntılarım vardı. Tez-tez kəndə, Ağdama gedib-gələ bilmirdim. Gedəndə də yolum Ağdamdan düşmürdü. Sonra da hərbi xidmətə çağırdılar. Hərbi xidmətdən sonra, yarımçıq təhsilimi başa vurub Mərkəzi Statistika İdarəsində işə girdim. Bir müddətdən sonra ailə qurdum. Qayğılar bir az da artdı. Bəlkə də ağlım kəsəndən sonra tez-tez Ağdama gedib-gəlsəydim, bu gün Ağa haqqında deməyə sözüm daha çox olardı. Nə edim? Amma ürəyimdə olanları demək borcumdur.

      Ustadımız Şəhriyarın «Heydərbabaya salam» poemasındakı bir bənd içimi yandırır.

      Elə bil bu bənd mənim üçün yazılıb:

Təbriz. 18 iyun 2014-cü il. Üstad Şəhriyarın məzarı önündə

      Heydərbaba, yolum səndən kəc oldu, Ömür keçdi, gələmmədim, gec oldu. Heç bilmədim, gözəllərim necə oldu. Bilməz idim döngəlik var, dönüm var

      Ayrılıq var, itginlik var, ölüm var.

      Yollarım Qarabağımdın, Ağdamımdan, Çəmənlimdən kəc oldu. Ailə qurduğum xanım da öz kəndimdən-kəsəyimdən, Ağdamımdan, heç olmasa Qarabağimdan deyildi. Dədə-babalarımız demişdi: – «elini ürküt, axsağından yapış». Necə gözəl bir deyimdir… Mənasını gec anladım. Yollarımı tez-tez Qarabağdan deyil, Şirvandan salırdım. Şirvana da canım qurban, Muğana da, Milə də… Amma Qarabağ Qarabağdı axı!. Onu nə ilə əvəz etmək olar? Dədə-babalarımızın bir zərbi-məsəli də mənə aydın oldu: Soruşurlar, haralısan? Deyir: «hələ evlənməmişəm».

      İkinci, Ağanın şirin söhbətlərinin şahidi olmamışam. Ona görə də ustümə götürdüyüm bu çətin vəzifədə Uca Allaha sığınır, onun mənə yardımçı olacağına inanıram. Haqqın dərgahına aparan bu yolda Ağanın müqəddəs ruhunun mənimlə olacağına, mənim əlimdən tutub doğuldugu, yaşadığı yerləri qarış-qarış dolandıracağına inanıram.

      Bu yazını yazan anlarımda canım qədər sevdiyim Qarabağ torpağı, qəlbimin həsrətli nisgil dağı Ağdamım ağır günlərini yaşayır. Minlərlə insan öz yurd-yuvasından didərgin düşüb. Neşə-neçə şəhid igidlərimizin məzarı düşmən tapdağı altında qalıb. Sovet hökumətinin bir saat da olsun belə bağlamağa qadir olmadığı məscidimizdən azan səsləri eşidilmir. Məscidin özü yavaş-yavaş uçub dağılır. Müasir dövrdə dünya siyasətçiləri artıq bəşəriyyətin qatı cinayətlərindən birini – Qarabağda azərbaycanlılara qarşı soyqırım törədilməsini ört-basdır edə bilmir. Dünya mətbuatı törətdilən vəhşiliklərdən, neçə-neçə şəhərlərin, kəndlərin talan edilərək məhv edilməsindən danışır. Bir zamanlar yüz minlərlə insan yaşayan Ağdamın, Xirosimadan betər dağıdıldığını bildirir. Erməni xisləti sivilizasiyaya agah olur. Bəşəriyyət kütləvi gipnozdan ayılaraq gözlərini döyür. Heç kim erməni təbliğatının necə qurbanı olduğunu anlaya bilmir. Amma bu, bizim dərdlərimizi bir zərrə də olsun azaltmır.Torpağından ayrı düşən nəslimiz, ev-eşiyindən uzaq, onun-bunun püşkəyində cansıxıcı həyat sürür. Ağsaqqallarımız, ağbirçəklərimiz «Ağdam!» deyə-deyə dünyanı tərk edir. Yeni doğulan körpələrimiz artıq Qarabağlı deyil. Lakin, düşmənlərimiz rahat olmasın. Tam əmin olsunlar ki, bu qisas qurdla qiyamətə qalmayacaq. Biz mütləq öz torpaqlarımıza sahib çıxacağıq. «Arxalı köpək qurd basar», – deyiblər. Lakin, intiqam saatında heç bir arxa onlara kömək edə bilməyəcək. Hazırda, Azərbaycan iqtisadiyyatı inkişafının