– Bəli, xəttin də yaxşıdır, sözlərin də…
Şəfi təbəssümünü güclə boğdu. Beyt onunku deyil, Hafizin idi.
Xan qapıda dayanmış nökərə:
– Züleyxanı çağır, – dedi.
Nökər gedəndən sonra İbrahim xan qəlyana qullab vurub, yenə iti, sınayıcı nəzərlərini Şəfiyə zillədi.
– Bilirsənmi kimə dərs deyəcəksən?
Şəfi astaca:
– Xeyr, – dedi.
– Mənim qızıma.
Xan verdiyi xəbərin böyük təsirini gözləyərək, Şəfinin üzünə baxdı. Ancaq onun qarşısındakı yoxsul mirzənin yalnız qaşları azca çatılmışdı.
– Özün bilirsən ki, – xan ağır-ağır danışmağa başladı, – sənin haqqında şəhərdə çox da yaxşı söhbətlər getmir. Bütün Gəncədə çox az ağzıdualı mötəbər adam tapılar ki, sənin barəndə yaxşı sözlər danışsın. Amma bunların hamısı, necə deyərlər, bir saman çöpüdü. Lap kafir də olsan, mən sənin təmiz, doğruçu, namuslu adam olduğuna inanıram. O səbəbə ki, əvvələn, Hacı Qafur sənə inanmasaydı, heç vədə mənim evimə gətirməzdi, saniyən özüm də söhbətlərdən bəzi şeylər götürmüşəm.
Şəfi nəzərlərini aşağı dikib dayanmışdı. Yalnız hərdənbir, xan səsini ucaldanda başını qaldırıb ona baxırdı. Yanaşı otaqda yüngül ayaq səsləri eşidildi, qapı açıldı.
Otağa bəstəboy, gənc, gözəl bir qız daxil oldu. Başında qızıl saplarla haşiyələnmiş araqçın, əynində qırmızı xaradan çəpkən, naxışlı ipək don var idi. Ayaqlarına gümüş işləməli parça çəkilmiş başmaq geymişdi. Qız otaqda yad adam görüb qızardı.
İbrahim xan əlinin işarəsiylə onu çağırdı.
– Qızım, bu kişini sənə dərs deməyə çağırtdırmışam.
Xan hələ də ayaq üstə başını aşağı dikib dayanan Şəfini göstərdi. Şəfi o dəqiqə hiss etdi ki, xan «kişi» deməklə qıza müəllimiylə onun arasındakı yaş fərqini xatırlatmaq istəyir.
– Bu da xətti. Bax, gör bəyənirsənmi?
Qız məlahətli yerişlə atasına yanaşıb vərəqə sarı boylandı.
Şəfi başını qaldırdı. Qız dodaqlarında incə bir təbəssüm, başıyla xətti bəyəndiyini bildirdi. Sonra başını qaldırıb cavana baxdı.
Şəfi daha qıza sarı baxmadı. Amma yalnız indi düşündü ki, hələ xoşbəxtlikdən həmişəlik uzaq düşməmişdir. Tale hər an insanı xoşbəxt edə bilər.
– Yaxşı, sən də get, sabah səhər çörəyini yeyib gələrsən…
Şəfi qəlbində xana qarşı birdən-birə nifrət duydu. Çevrilib otaqdan çıxdı. Dəhşətli surətdə acdığını da elə bil indi hiss etdi.
Küçəyə çıxanda sevincli, qəmli hisslər qəlbini çulğalamışdı. Nə isə gizli bir ümid və bu ümidin yolunu kəsən ümidsizlik dağları…
Evdə də yeməyə heç bir şey yox idi. Evdə deyəndə yəni məsciddə… «Yenə Gülpəri xalagilə gedimmi?»
– Ehey, yatmısan, ya sərxoşsan?
Şəfi diksinib yoldan çəkildi. Fayton toz qoparıb keçdi.
Qabaqdan başqa bir fayton gəlirdi. Aha, faytondakı deyəsən Lətifdir.
Lətif Şəfinin uşaqlıq, gənclik dostu idi. Ucu haça qamışla Fatma arvadın həyətindən üzüm oğurluğuna getmələri yadına düşdü. Şıx düzündə yaranal Paskeviçlə Abbas Mirzənin qoşunları arasında dava vaxtı həmişəlik qardaş olacaqlarına and içmələri… İyirmi iki, iyirmi üç yaşlarında Bağmannar məhəlləsindəki daş körpü üstə oturduqları günlər… Cibləri boş, ürəkləri dolu günlər…
– Şəfi, bolluca pulun olsaydı, neylərdin?
Şəfi dostunun üzünə baxıb gülümsəyir:
– Bəs sən neyləyərdin?
– Mən?
Lətif xəyala gedib ah çəkdi:
– Yaxşı bir ev tikdirərdim, sonra da gözəl bir qız alardım. Sonra da, sonra bir dükan açıb yavaş-yavaş alverə başlayardım. Bəs sən? Sən necə eliyərdin?
– Mən də sənin kimi.
– Şəfi, and olsun allaha ki, pulum olsa, əvvəl bunların hamısını səninçün eliyərdim, sonra özümçün.
Şəfi dostunun üzünə, gözlərindəki səmimiyyətə baxır. Lətifin ürəkdən dediyinə heç bir şübhə eləmir…
İndi həmin Lətifdir ki, faytonda gəlir.
Şəfinin gözləri gülür, dostu Lətif gəlir.
Amma…
Fayton vıyıltıyla ötüb-keçir. Şəfi dərin ağrı və məyusluq içində başını aşağı endirdi.
«Belə… Gözlərimin içinə baxa-baxa ötdü. İndi mən hara gedim? Gülpəri xalagiləmi? Onun-bunun həyətini süpürüb pal-paltarını yumaqla ruzi qazanan qarının çörəyinə şərik olunca ac qalmaq yaxşı deyilmi?».
Şəfinin yeganə sığınacağı qədim Şah Abbas məscidi onun qabağında dayanmışdı. – «Gedib bir az soğan-çörək yeyim, sonrası allah kərimdir… Qarıdan bir-iki tümən də borc alaram».
Yadına düşdü ki, sabah İbrahim xangilə gedəcək, onun gözəl qızına dərs deyəcək. Eh… Qayğılarını qovurmuş kimi əlini yelləyib Çərçəvaza tərəf yollandı. Orda kiçik bir daxmada onun ən ümidsiz günlərində yeganə əl tutanı, bütün Gəncədə onun kimi yeganə, təktənha və kimsəsiz olan bir adam, bir qarı yaşayırdı. Hacı Abdullanın bibisi və Gəncədə yeganə yadigarı…
2
Gün doğmuşdu. Səmada ağ buludlar görünürdü.
Əyri-üyrü, ensiz küçələrdən keçən arabalardan, faytonlardan sonra atlı, eşşəkli yolçular bəzən toz içində görünməz olurdular.
Dördyol məhəlləsi boyunca düzülən saysız-hesabsız dükanlar yenicə açılmış, alış-veriş başlanmışdı. Əli təbərzinli dərvişlər dükanların qabağıyla gəzinib qəsidə deyir, təsbehli, göy qurşaqlı seyidlər isə içəri soxulub dükançılarla görüşür, səhər-səhər onları xərcə salırdılar.
Xırdavatçıların səsləri halva, saqqız satanların çığırtısına qarışmış, misgər və dəmirçixanalardan yayılan cingilti isə Ozan məhəlləsinə qədər gedib çıxırdı.
Şəfi qoltuğunda kitab məsciddən çıxanda səhərdən xeyli keçirdi. O, daş pilləkənləri düşüb dayandı. Başını qaldırıb çinarlar arasından görünən tünd-mavi səmaya baxdı. Külək əsməsə də, qocaman çinarlar xəfif-xəfif xışıldayırdı.
Əbalı, əsalı qocalar, qara çadra içində itmiş qarılar bir-birlərinin dalınca məscidin açıq darvazasından həyətə girirdilər. Vaxta hələ xeyli qalmasına baxmayaraq, indidən günorta namazına gəlirdilər. Şəfi hər gün gördüyü