Xatirat. Hacı Səlim Axundzadə. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Hacı Səlim Axundzadə
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-256-615-4
Скачать книгу
>Azərbaycan torpağına türbət

      Demişəm

      “Xatirə Ədəbiyyatı” silsiləsindən 53-cü kitab

      Azərbaycan torpağına türbət demişəm,

      Şoran sularına şərbət demişəm,

      İlqarından dönənə lənət demişəm,

      Mən ilqarımdan dönən deyiləm.

      ÖN SÖZ

      Hər hansı bir xalqın tarix boyu ayaqda durub, müxtəlif təzyiq və təcavüzlərə sinə gərən, mövcudluğunu mühafizə edərək gələcək inkişafını təmin edə bilib-bilməməsinin şərtlərindən biri həmin xalqın zəmanəyə uyğun, onun önündə gedərək, arxasınca apara bilən şəxsləri yetişdirə bilib-bilməməsindən asılıdır. Azərbaycan xalqı da istisna deyil. O, hər zaman çətin məqamlarda sıralarından öncül, xalqın birliyini təmin edərək mövcudluğunu mühafizə edən şəxslər yetirmişdir. Belə şəxslərin bir qismi xalq və dastan qəhrəmanlarına çevrilərək dillər əzbəri olmuş, digərləri rəsmi sənədlər və tarixi araşdırmalarda öz yerini tapmış və geniş təbliğ olunmuşlar. Bunlarla yanaşı, özünü xalqın yolunda fəda etmiş, şəxsi mənafeyi və güzəranını xalqın mənafeyi və gələcəyinə qurban vermiş, lakin xalqın hələ də tanımadığı və yaxud az tanıdığı Vətən övladları da az deyildir.

      Oxuculara təqdim olunan Hacı Mirzə Səlim Axund Axundzadənin “Xatirat”ı müəllifin mühacirət həyatının sonlarında yazılmışdır. Mətndən göründüyü kimi, müəllif “Xatirat”ı yazmağa başlarkən bir çox məsələlərin işıqlandırılmasını qarşısına məqsəd kimi qoymuşdur. Lakin qəflətən vəfat etdiyindən istəyinə nail olmamış və yazısı natamam qalmışdır. Bununla belə, hətta bu vəziyyətdə də, “Xatirat” Azərbaycan tarixinin mühüm bir dövründə – Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirən yollarda cərəyan edən hadisələrin bilavasitə iştirakçısı olmuş şəxsin yazdığı qiymətli materialları əks etdiyindən həmin dövrün tədqiqi üçün mühüm mənbədir.

      “Xatirat”ın əlyazması Hacı Səlimin övladları tərəfindən mühafizə edilmişdir. İlk dəfə “Xatirat”ın nəşri 1992-ci ildə baş tutmuşdur. O zaman müəllifin qardaşı oğlu İshaq Axundov əmisi oğlanlarından əlyazmanın surətini alıb kiril əlifbasına çevirərək “gələcəkdə lazım olar” fikri ilə, özünün yazıb nəşr etdirdiyi “Azərbaycan incisi” kitabına daxil etmişdir. Surəti keyfiyyətsiz olduğundan oxunuşu zamanı müəyyən təhriflərə yol verilmişdir. Üstəlik, nəşriyyatın redaktəsi zəif olduğundan həmin nəşrdə kifayət qədər xətalar yer alsa da, “Xatirat”ın ilk nəşri onun tanıdılmağında mühüm addım hesab olunmalıdır. İlk nəşrdən ötən zaman ərzində “Xatirat” mütəxəssislər tərəfindən tanınmış, onda olan məlumatlar tariximizin Azərbaycan Demokratik Cümhuriyyəti ilə bağlı yazılarda artıq öz əksini tapmışdır.

      Hacı Mirzə Səlim Axund Axundzadənin “Xatirat”ının hal-hazırkı nəşri əlyazmanın bilavasitə özü ilə tutuşdurularaq redaktə olunmuş və müasir Azərbaycanda istifadə olunan latın qrafikası ilə nəşr edilmişdir.

      Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və siyasi fəaliyyəti indiyədək ayrıca tədqiqat obyekti olmamışdır. Onun haqqında məlumatlar özünün yazdığı “Xatirat”dan, qohum və övladlarından, cüzi tarixi sənəd və tədqiqat əsərlərindən toplanmışdır. Bununla əlaqədar olaraq, onun həyat və siyasi fəaliyyətinin bəzi məqamları hələlik qaranlıq qalır.

      Hacı Mirzə Səlim 1872-ci ildə Lənkəranda zəmanəsinin tanınmış ziyalısı, pedaqoqu, Azərbaycan klassik şairlərindən biri olan Mirzə İsmayıl Qasirin ailəsində dünyaya göz açmış beş övladın ilki idi. Anası zəmanəsinə görə savadlı olan Məşədi Bibixanım Lənkəranın tanınmış din xadimlərindən biri və Qasirin dayısı olan Molla Kərbəlayi Əli Məhəmmədin qızı idi.

      Nəsildən-nəslə Axundzadələr ailəsində elm və təhsilə önəm verilmə ənənəsinə uyğun Səlim ilk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda rus dilində gimnaziyanı bitirir. Bir müddət müstəntiq yanında köməkçi, polisdə katib, Əsgər xanın evində kargüzar işlədikdən sonra İslam dininə və mədəniyyətinə meyli olduğundan Lənkəran mədrəsələrindən birində təhsilini davam etdirir, ərəb dili və İslam dini biliklərini təkmilləşdirərək bir neçə ildən sonra Ərdəbilə gedir. Orada bir müddət təhsildən sonra Lənkərana qayıtsa da, bir ildən keçməmiş yenə də Ərdəbilə gedir. Lakin orada “başına gələn qəza və iltifaqdan sonra” təhsil üçün Zəncana gedir və üç il ərzində məksə (islam hüququna) yiyələnərək Lənkərana qayıdır. Hacı Mirzə Səlim Ərdəbil və Zəncanda oxuyarkən çoxlu maddi çətinliklərlə üzləşmiş olsa da, həmin vaxt Məkkəni ilk dəfə ziyarət edir.

      Maddi çətinliklərin olması onun özünün yazdığı “Başıma gələn qəza” sətirləri və atası Mirzə İsmayıl Qasirin “Nə yazım” mənzum məktubundan bilinir. Oğlunun təhsili üçün Lənkəran cəmiyyətinin köməyinə ehtiyacı olduğu halda, xan tərəfindən tərtib edilmiş siyahı ilə ianə toplanmaması haqqında şair məktubunda yazır:

      Ərdəbildən mənə hər gündə gəlir bir kağız,

      Yetişir xatirimə xeyli küdurət, nə yazım?

      Gözləyir yol, mənə xərclik gələcək Mirzə Səlim,

      Etdi ağayi-Məhəmməd ona hörmət, nə yazım?

      Eliyəydin bizi bu dəfə də bir xəbr hisab,

      Necə qıldın ki, Səlim çəkə üsrət, nə yazım?

      Hacı Səlim Lənkərana qayıdandan bir müddət sonra atası Mirzə İsmayıl Qasir rəhmətə gedir və Hacı Səlim yenə də Lənkəranı tərk edir. Bu dəfə o “dübarə Ətəbata Müşərrəf, Məkkəyə gedib, Ətəbata müraciət edib” orada 8 il təhsil alır. Burada da Hacı Səlim, güman ki, siyasi baxışları səbəbindən “konsul-rus müsyö Başkovun hökmü ilə məhbus” olunur. Təhsilini bitirəndən sonra o Türkiyəyə və bir sıra Avropa ölkələrinə səyahətə gedir, Parisdə Sarbona Universitetini ziyarət edir.

      Hacı Səlim Lənkərana qayıtdıqdan sonra az bir müddət mollalıq edir. Lakin Lənkəranın bir çox ruhanilərinin İslamı təhrif edərək xurafatı yaydıqlarına qarşı çıxır və mollalıqdan imtina edirək gimnaziyada 1911-ci ildən 1916-cı ilədək həm İslam dini və şəriəti, həm də fransız dilini tədris edir. Bu səbəbdən onunla ədavət edənlər ona böhtanlar yağdırır, onu da vaxtilə atası Mirzə İsmayıl Qasiri etdikləri kimi babilikdə ittiham edir, hökumət idarələrinə şikayətlər göndərirlər. Bunların nəticəsində Hacı Səlimə dövlət tərəfindən təzyiqlər başlanır, evində axtarış aparılır, bütün yazı və sənədləri həbs olunaraq təftiş edilir. Təftişdən sonra qaytarılan sənədlərin arasından bir çox, o cümlədən, İslam aləminin tanınmış üləmaları tərəfindən verilmiş vəkalətlər götürülmüş olduğu məlum olur.

      1916-ci ilin əvvəllərində yenidən Türkiyəyə gedən Hacı Səlim Vətənə 1917-ci ilin iyun ayında, Rusiya buıjua inqılabından sonra qayıdır və burada cərəyan edən siyasi hadisələrdə fəal iştirak edir. Həmin vaxt o “Müsavat”a üzv olaraq, partiyanın birinci və ikinci qurultaylarının iştirakçısı olmuş, partiyanın Lənkəran özəyini yaratmışdır.

      Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olmuş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərmişdir.

      1918-ci ilin may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Şuranın Tiflisdə keçirdiyi iclasında iştirak edir və Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır, yaranan dövlətin adının məhz Azərbaycan qoyulmasının tərəfdarı olur.

      Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müsavat və Bitərəf fraksiyasının üzvü olmuş və həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində cərəyan edən ictimai-siyasi və mədəni-maarif istiqamətlərində görülən təşkilati işlərdə fəal iştirak etmişdir.

      1918-ci ildə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin bölgələrində qırğınlar törədən ermənilərin qarşısını almaq üçün Nuru Paşanın başçılığı altında göndərilmiş Türk ordusu Gəncəyə gəlir. Buradan 4 min əsgər ölkənin Qərb bölgələrində