Köhnə Bakı. Hüseynqulu Sarabski. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Hüseynqulu Sarabski
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-256-618-5
Скачать книгу
Bakıda qurban və orucluq bayramlarından dəfələrlə artıq təntənə ilə keçirilərdi. Novruzu bir ay əvvəldən qarşılamaq Bakıda adət idi. Həftənin hər çərşənbə axşamı hər evin həyətində və ya darvazasında tonqal qalanar, bu tonqala arvadlar üzərlik töküb bu sözləri oxuyardılar:

      Üzərriksən, havasan,

      Cəmi dərdə dəvasan.

      Hər yerdə sən yanarsan

      Qada-bala apararsan.

      Bakıda gəmiçilik edən, dənizdə işləyən çox olardı. Hələ buna görə oğlu, əri dənizdə olan ana, arvad və ya atasının səfərdən gəlməsini gözləyən uşaq bu misraları da əlavə edərdi:

      Əs, xəzri, mən də verim nəziri,

      Əs, gilavar, əs, qadasın aldığım!

      Xəzri, yat, gilavar, gəl,

      Yaxud:

      Giləvar, yat, xəzri, gəl,

      Atam (yaxud: oğlum, ərim) gəlsin səfərdən…

      ÇƏRŞƏNBƏ GECƏLƏRİ XONÇA DÜZƏLTMƏK, ŞAM YANDIRMAQ ADƏTİ

      Novruza iki həftə, on gün qalmış hamı halına görə hazırlıq görərdi. Qapı-bacanı əhənglə ağartmaq, evlərin bayır-bacasını süpürmək, palaz-xalçanı çırpıb təmizləmək, evi, otağı səliqəyə salmaq, yeni ili təmizlik içərisində qarşılamaq ümumi həvəs idi. Varlılar, tacir və alverçilərin hazırlığı daha geniş olardı. Onlar bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və bu kimi şirniyyatlar bişirib hazırlardılar. İmkanı olmayanlar bayramı sadəcə xüşkbar ilə keçirərdilər.

      Bir həftə əvvəl istər Aşağı bazarda , istərsə Yuxarı bazarda qızğınlıq müşahidə edilirdi. Baqqallar dükanlarını güzgülər, Firdovsinin şahnaməsindən alınaraq ağ parça üstünə çəkilmiş cürbəcür şəkillər, kağız fanuslar ilə bəzərdilər. Hər dükançı qapısından böyükcə bir zəng asardı. Onu çalaraq qışqırıb malını tərifləyirdi, kimi yola saldığı müştərisinin arxasınca da o zəngi təkrar çalardı.

      Bayrama bir neçə gün qalmış məhəllə uşaqları həyətləri gözləməklə “kosa-kosa” adlanan xüsusi oyun oynar, tamaşaçılardan xüşkbar, pul toplardılar.

      Rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geydirər, üzünə kağızdan qayrılmış üzlük (masqa) taxıb, başına da kəllə qənd kağızından uzunca şiş papaq qoyardılar. Belinə zınqırovlu kəmər bağlanar, boynundan zınqırovlar asılardı. Məhəllə uşaqları hazırlanan kosanı araya alıb həyətləri gəzərək xüsusi bir hava ilə aşağıdakı sözləri xor halında oxuyardılar. Kosa isə oynardı:

      A kosa-kosa, gəlsənə,

      Gəlib salam versənə,

      Çömçəni doldursana,

      Kosanı yola salsana.

      A uyruğu, uyruğu,

      Saqqalı it quyruğu.

      Kosam bir oyun eylər,

      Qurdunu qoyun eylər.

      Yığar Şabran düyüsün,

      Mahmudun toyun eylər.

      Novruz-novruz bahara,

      Güllər-güllər nahara,

      Bağçamızda gül olsun,

      Gül olsun, bülbül olsun.

      Bal olsun, həm yağ olsun,

      Evdəkilər sağ olsun!

      Verənə oğul versin,

      Vermiyənə qız versin,

      Xanım dursun ayağa,

      Kosanın payın versin.

      Mərmər hovuzun dörd qırağında

      Bülbüllər oxur şax budağında,

      Hər nə istəsəm, xudadan allam,

      Dəllək dükanın yadına sallam.

      Dəllək dükanı bütün Çırağban,

      Məclisə gedər əlində qəlyan.

      Qurbanın olum yaşıl çuxalı,

      Dərbəndlisən, yoxsa buralı.

      Bu nəğmə ilə qaytağı oynayan kosa “Kosa mürd” söylənildikdə yerə uzanar, beləcə, aşağıdakı sual-cavab başlanardı:

      – Kosa, haradan gəlmisən?

      – Qubadan.

      – Nə gətirmişdin?

      – Qax, qoz.

      – Qax, qozu neylədin?

      – Satdım.

      – Pulunu neylədin?

      – Arvad aldım.

      – Bəs arvadı neylədin?

      – Döydüm, öldü!

      Kosanın bu cavabı üzərinə yenə xor halında aşağdakı sözlər oxunardı:

      Başın sağ olsun, kosa,

      Canın sağ olsun, kosa.

      Arşın uzun, bez qısa,

      Kəfənsiz ölməz kosa.

      Sonra uşaqlar iki dəstəyə ayrılar, birinci dəstə aşağıdakı sözləri oxuduqca ikinci dəstə bu sözləri təkrar edərdi:

      Bazarda üzüm,

      Mələk salmanı.

      Nimçəyə düzüm,

      Mələk salmanı.

      Bir ala gözüm,

      Mələk salmanı.

      Bazarda dibçək,

      Mələk salmanı.

      Al, suyun içək,

      Mələk salmanı.

      Sallama birçək,

      Mələk salmanı.

      Bazarda it var,

      Mələk salmanı.

      Quyruğunda bit var,

      Mələk salmanı.

      Təndirdə küt var,

      Mələk salmanı.

      Bu mahnılar bitdikdən sonra kosa papağını açıb ev yiyəsi və başqalarından pay yığar, aşağdakı mahnı ilə həyətdən çıxardı:

      Bahar gəldi, bahar gəldi, xoş gəldi,

      Xəstə könlü onu görcək dirçəldi.

      Sizin bu təzə bayramınız mübarək!

      Ayınız, gününüz, həftəniz mübarək!

      Bayramda damları gəzib “nünnünü getmək” adəti də vardı. Bakıdakı əksər evlər alçaq, birmərtəbəli olduğundan küçədən onların damına çıxmaq asan idi. Nünnünü gedən adam ip ucuna kiçik torba bağlar, onu mətbəxin bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından (bacasından) evə sallar, özünü tanıtmamaq üçün şəhadət barmağını burnuna vurmaqla “nün-nün-nün” səsi çıxarıb ev yeyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qayıtmazdı. Onun torbasına bir şey salmaq lazım idi.

      Bayram axşamları arvadlar əlvan