Ürəyimdən kimlər keçdi. Mustafa Çəmənli. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Mustafa Çəmənli
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-255-794-7
Скачать книгу
kənar müəlliflərə rəyə veriləydi, eyni zamanda nəşriyyat redaktorunun rəyi olaydı, bundan sonra nəşriyyatın tematik planına salınaydı. Tematik plan isə nəşriyyatdan sonra çoxlu mərhələlərdən keçirdi. Mətbuat Komitəsindən sonra Mərkəzi Komitədə də baxılırdı. Bundan sonra nəşr olunacaq kitabların planı təsdiq olunub çap edilirdi. Bu tematik planın çap olunmuş nüsxələri kitab ticarəti təşkilatlarına – Azərkitaba və Kəndkitaba, Kitabxana kollektoruna göndərilirdi. Çünki tirajı bu təşkilatlar müəyyənləşdirirdi. İkinci bir çətinlik də orasındaydı ki, o dövrdə kompüter yoxdu, əlyazmalarını linotipçi yığırdı (buna mətbəə dilində “qaryaçiy-nabor” deyilirdi). Bu çox uzun bir proses idi. Ona görə də redaktə edilib mətbəəyə göndərilən əlyazmalar kitab halında, bu günlə müqayisədə, həddən artıq gec işıq üzü görürdü. Nəsə, söhbət əsnasında Azər Sarabski mənə dedi ki, bəs, 40-cı illərin əvvəllərində atamı qlavlitə çağırırlar. Atam gedir qlavlitin böyüyünün yanına. Görür ki, Səməd Vurğun da buradadır. Qış ayı imiş. Qlavlitin rəhbəri Sarabskiyə irad tutur ki, kitabınızda varlılardan, qoçulardan, milyonçulardan çox danışmısınız, bu cür səhifələri ixtisar edin. Mübahisə qızışır. Sarabski hirslənib kabineti tərk edir. Mübahisənin bu mərhələyə çatdığını görən Səməd Vurğun “Köhnə Bakı”nın yeganə korrektura nüsxəsini götürüb paltosunun altında gizlədir. Belə bir təsadüf nəticəsində bu dəyərli kitab qorunub saxlanılır. Azər Sarabski onu da söyləmişdi ki, bu kitaba görkəmli rəssam Əzim Əzimzadə rəsmlər çəkibmiş. Söhbət əsnasında Azər Sarabskidən xəbər aldım ki, Əzim Əzimzadənin çəkdiyi rəsmlər sizdə varmı? – Yox, – dedi, – İncəsənət muzeyində olar.

      Fikirləşdim ki, bu rəsmləri əldə edib kitabda versək, çox yaxşı olar, gec də olsa, haqq öz yerini tutar. Bu niyyətlə də Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinə getdim. Onda muzeyin direktoru Xalq rəssamı Kazım Kazımzadə idi. O zaman yaşıdım, sənətşünas Ziyadxan Əliyev də muzeydə işləyirdi. Niyyətimi ona dedim. O da Əzim Əzimzadənin köhnə Bakının etnoqrafik həyatını əks etdirən illüstrasiyaları mənə göstərdi. Doğrudan da, bu illüstrasiyalarda H.Sarabskinin kitabında təsvir etdiyi adət-ənənəmiz çox gözəl əks olunmuşdu. İllüstrasiyaların kitabın müvafiq səhifələrində yerləşdirilməsi kitabı daha da zənginləşdirərdi.

      Mən nəşriyyata gəlib niyyətimi Əjdər müəllimə də bildirdim, etiraz etmədi. Beləliklə, Muzeydən Əzim Əzimzadənin vaxtilə “Köhnə Bakı” üçün çəkdiyi on iki illüstrasiyasının surətini pul köçürərək aldıq və kitaba əlavə etdik.

      “Azərbaycan dilinin izahlı lüğəti”ndə redaktə sözü belə şərh olunub: “Redaktə – mətni yoxlayıb düzəltmək, sonuncu dəfə işləyib çapa hazırlamaq”. Bəli, hərfi mənada bu şərh doğrudur, ancaq redaktorun kimliyini, statusunu və redaktə işinin mahiyyətini, bütün funksiyalarını heç də tam ehtiva etmir. Mən bu xatirələrimdə qırx ilə yaxın nəşriyyatlarda çalışan bir naşir kimi redaktor və redaktənin nəzəriyyəsindən yox, yeri gəldikcə öz təcrübəmdən, redaktə prosesində qarşılaşdığım məsələlərdən söhbət açmaq istəyirəm. Auditoriyaya girib “redaktor – “redaktus” latın sözü olub sahmanlanmış, səliqəyə salınmış mənasını daşıyır” deməklə qətiyyən peşəkar redaktor yetişdirmək olmaz. Bu iş savaddan, bilikdən başqa, uzun illərin təcrübəsinə yiyələnməyi tələb edir. Bir də, dözüm, öz işinə sonsuz sevgi, məhəbbət. İşindən bezib usanacaqsansa, yaxşı heç nə əldə edə bilməzsən. Aşıq Alı yaxşı deyib:

      İnsan sənətsiz,

      Kişi qeyrətsiz,

      Kamal ibrətsiz

      Yamandır, yaman.

      “Köhnə Bakı”ya həm də Hüseynqulu Sarabskinin “Bir aktyorun xatirələri”, “Hüseyn Ərəblinskinin tərcümeyi-halı” xatirəsini də daxil etmişdik. 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalında, 1930-cu ildə kitabça halında çap olunmuş “Bir aktyorun xatirələri” və 1938-ci ildə yazılmış “Hüseyn Ərəblinskinin tərcümeyi-halı”nda bir-birini təkrar edən məqamlar vardı. Bu təkrarları aradan götürmək lazım idi. Redaktorun borcudur ki, bu cür nəşrlərdə apardığı “əməliyyat” barədə “Redaktordan” başlığı altında oxucuları məlumatlandırsın. Mən də ön sözü əvəz edən bu bələdçi yazımda bu ixtisar məsələsinə toxunaraq yazmışdım: “Kitabın redaktəsi zamanı mümkün qədər müəllifin dil və üslubuna toxunulmamışdır. Ancaq əsərlər bir kitabda toplandığı üçün təkrar görünən müəyyən cümlə və fikirlər, hadisə və əhvalatlar ixtisar edilmişdir”.

      Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabı 1982-ci ildə 50000 tirajla işıq üzü gördü.

      Mən Sarabskinin xatirələrindən təsirlənib “Məcnunun məcnunu” adlı bir telepyes də yazmışdım. Cəsarət edib pyesi rəy bildirməsi üçün Vaqif Səmədoğluna vermişdim. Bir neçə gündən sonra Vaqif müəllim pyesi oxuyub özümə qaytardı. Məsləhət gördü ki, surətlərin sayını azaldım. Çünki surətlərin hamısı tarixi şəxsiyyətlər idi. Onların obrazlarını kiçik bir pyesdə canlandırmaq olduqca çətin idi. Mən onun məsləhətinə əməl etdim. Pyesi indiki AzTV-nin rejissoru Tariyel Vəliyevə verdim. O da oxuyub öz fikrini söylədi. Pisləməsə də, pyesin çəkilişi baş tutmadı.

      Bu ərəfədə vəzifə dəyişiklikləri oldu. İsmayıl Vəliyev Mətbuat Komitəsində nəşriyyatlar idarəsinin rəisi təyin olundu. 1966-cı ildən bu vəzifədə çalışan Əlfi Qasımov Komitədə baş redaktor vəzifəsinə təyin edildi. Amma bu vəzifədə çox işləmədi. 1983-cü ildə Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat şöbəsinə müdir göndərildi. Əlfi Qasımov çox həyatsevər, deyib-gülən, ailə və dostcanlı, məclislər yaraşığı olan bir insan idi. Toy-şənlik məclislərini aparmaqda ayrı bir məharəti vardı. Onun sonuncu “Toy gecəsi” romanı 1985-ci ildə “Yazıçı” nəşriyyatında 40000 tirajla nəşr olundu. Heyf ki, romanın ikinci hissəsini yazmağa Əlfi Qasımova əcəl aman vermədi, həmin ilin 12 martında 58 yaşında haqq dünyasına qovuşdu.

      İsmayıl Vəliyevdən sonra klassik ədəbiyyat və folklor şöbəsinə rəhbərlik istedadlı şairimiz Məmməd İsmayıla tapşırıldı. Məmməd İsmayıl Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində doğulmuşdu. “Yazıçı” nəşriyyatına “Azərbaycanfilm” kinostudiyasının “Elmi-kütləvi, sənədli filmlər birliyi”nin baş redaktoru vəzifəsindən gəlmişdi. Atası Mürşid kişi II Dünya Müharibəsində həlak olduğu üçün onu anası böyüdüb boya-başa çatdırmışdı. Ona görə də anasına sonsuz məhəbbət bəsləyirdi. Anası Gülzar xanıma çoxlu şeirlər həsr etmişdi. Doğrudan da, başadüşən üçün istedadlı adamlarla bir yerdə olmaq, söhbət etmək, işləmək çox xoşdur. İnsanın mənəvi dünyası zənginləşir, söz sözü çəkir, xatirələr çözələnir, bir də görürsən ki, yüz illərin, min illərin ardından Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xan qızı Natəvanın… bir kəlamı, bir misrası tövşüyə-tövşüyə uçub gəldi yanına, oldu səninlə həmsöhbət, həmfikir.

      Məmməd İsmayılın da poetik yaddaşında özününkülərlə yanaşı çox şairlərin şeir parçaları vardı. Yaxşı yadımdadı, bir dəfə Məmməd İsmayıl kəndlərinə getmişdi. O, evlərinə çatanda görür