"Qanadı sınmış quş" da uçarmış. Süleyman Vəliyev. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Süleyman Vəliyev
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-255-749-7
Скачать книгу
oğlan olmusan…

      Həmid Sultanov cüssəli adamdı, enli kürəyi əzəmətini daha da artırırdı.

      O, ərkyana giley-güzar elədi:

      – Meşədi Vəli, bizi yamanca yaddan çıxarmısan. Niyə heç görünmürsən?

      – Bilirəm ki məsul vəzifədəsən, işin çoxdur, başın qarışıqdır. İstəmirəm ki, gəlib səni narahat edim.

      – Səninlə görüşməyə həmişə vaxt taparam. Bilirəm ki, şəhərdə qohumların var, oraya yəqin gedirsən, kiçik qardaşını da unutma.

      – Yaxşı, gələn dəfə unutmaram.

      – İşin-gücün necədir?

      – Allaha şükür, yaxşıdır.

      – Nəyə ehtiyacın var?

      – Heç bir şeyə, təqaüdə çıxmışam. Uşaqlar da oxuyur… Yəqin sənin Ramanada bir işin də var…

      – Heç bir işim yoxdur, mən yalnız səni görməyə gəlmişəm. Bunu çoxdan arzu edirdim, vaxt tapmırdım. İcazə versən, axşam da sizdə qalacağam. Mənə vaxtilə verdiyin kiçik evdə. O günləri xatırlamaq mənə xoşdur…

      Anam bu zaman əl-ayağa düşdü, ət almaq üçün məni dükana göndərdi. Lobyalı plov bişirdi. (Bu Həmidin xoşladığı xörək idi). Atam “Bığlı ağanı”da qonaq çağırdı.

      Mən yemək vaxtı onların danışığına qulaq asmırdım. Ancaq hiss edirdim ki, söhbətləri çox şirin keçir. Doğrudan da, Bakıxanov demişkən, səmimi dostların görüşündən də böyük zövq ola bilməz. Həmid gedəndən sonra atam anama dedi:

      – Həmid nəsib insandır. Çörəy itirən deyil.

      Sonralar atam şəhərə gedəndə hərdənbir Həmidə zəng vurur və bəzən də onunla görüşürdü. Məni isə iki dəfə özü ilə Həmidin yanına aparmışdı.

      Mən 1935-ci ilin əvvəllərində “Bığlı ağa” povestimin ilk variantını yazıb qurtarmışdım. Bir ümumi dəftərdən ibarətdi. O zaman elə zənn edirdim ki, yazım pis deyil. Bu, təcrübəsizliyimdən irəli gəlirdi. Atam istəyirdi ki, Həmid bu məsələdə mənə kömək etsin.

      Biz nədənsə Həmidgilin evinə səhər getdik. (Bünyad Sərdarov küçəsində yaşayırdı) Həmidin arvadı Ayna xanım Sultanova bizi üzügülər qarşıladı, çaya dəvət etdi. (O, Azərbaycan SSRİ xalq ədliyyə komissarı və Azərbaycan SSRİ Ali məhkəməsinin sədri idi).

      Atam mənim yazım haqqında söhbət açanda Həmid dedi:

      – Süleyman çalışqan oğlandır, amma yazısı haqqında bir söz deyə bilmərəm. O, təcrübəli bir yazıçının yanına getməli, ondan məsləhət almalıdır.

      Həmid Azərbaycan Yazıçılar İttifaqının sədri Ələkbərliyə məktub yazdı.

      Biz ayağa qalxanda Ayna xanım əlini çiynimə qoyub dedi:

      – Oğlum, çox mütaliə et, biliyini artır, Füzuli deyib ki, elmsiz şeir özülsüz divar kimidir.

      Mən ertəsi günü Azərbaycan Yazıçılar İttifaqına getdim. (Onda Yazıçılar İttifaqı indiki “Araz” kinoteatrının binasında yerləşirdi) Həmid Sultanovun məktubunu və əlyazmanı Ələkbərliyə verdim. O, məni Əbülhəsənlə tanış etdi:

      – Bu cavan oğlan neftçilər haqqında nəsə yazıb. Xahiş edirəm ona baxıb kömək edəsiniz.

      Əbülhəsən məni öz otağına apardı, yazımın bir neçə səhifəsini nəzərdən keçirib dedi:

      – Bunu gərək özüm diqqətlə oxuyam. Sonra rəyimi sənə deyərəm.

      Yenidən görüşmək üçün vaxt təyin etdi. İki gündən sonra məni mehriban qarşılayıb dedi:

      – Yazının mövzusu və sujeti maraqlıdır. Bir sözlə, kökü, iskileti var. Ancaq onu ətə-cana gətirmək, sürətlər üzərində mükəmməl işləmək, qəhrəmanların mənəvi aləmini dərindən açmaq lazımdır.

      Ümumi dəftərimin sonuncu vərəqində əsərimi yenidən işləmək üçün öz qeydlərini yazdı. Onlar çox karıma gəldi.

      Sonra atam məni, hələ inqilabdan əvvəl Nalçikdə tanış olduğu dostu Abdulla Şaiqin yanına apardı. Abulla Şaiq həlim, xoşsifət bir adam idi. Üz-gözündən elə bir nur tökülürdü. O da “Bığlı ağa”nı oxuyub mənə məsləhətlər verdi…

      Həmid Sultanovla 1937-ci ilin əvvəllərində də görüşdüm. Bu dəfə atamla, onun işlədiyi idarəyə getmişdik. (O, Azərbaycan SSRİ Xalq kommunal komissarı idi).

      Həmid o zaman mənə tamam başqa cür göründü. Əvvəlki mehriban, üzügülər adam deyildi. Olduqca yorğun idi. Elə bil bütün gecə yatmamışdı. Atam onun yanına bir məsələ üçün məsləhətə gəlmişdi. Böyük qardaşım Əmiraslanı haqsız olaraq partiyadan çıxarmışdılar. Kimsə yazmışdı ki, atam inqilabdan əvvəl onu incidib, döyüb…

      Əmiraslanın partiyaya keçməsinə qocaman fəhlələrdən Abbas Əlican (“Bığlı ağa”), Əkbər Əkbərovdan başqa Həmid Sultanov da zəmanət vermişdi. Odur ki, atamın Əmiraslan haqqında dediyi bəd xəbər onu daha da əsəbiləşdirdi:

      – Biabırçılıqdır. Kimin ağlına nə gəlir yazır… Vicdansızlar da öz işində…

      Atam nəsə dedi, ancaq onun fikri başqa yerdə idi. O, nəhayət, əlinə qələm alıb atam haqqında harasa məktub yazdı. (Atamın qocaman fəhlə olması, inqilabçılara kömək etməsi haqqında). Sonra əlavə olaraq kiməsə zəng vurdu.

      O bizi yola salanda atama dedi:

      – Əmiraslana deyin, onlara bildirsin, Stalin yoldaş deyib ki, oğul ataya cavabdeh deyil…

      Həmid Sultanov o zaman da atama öz köməyini göstərdi. Ancaq onun əhvali-ruhiyyəsi atamı mütəəssir etmişdi. O, qüssəylə mənə dedi:

      – Həmidin ya işi çoxdur, ya da qanını qaraldıblar…

      “BIĞLI AĞA”NIN TALEYİ

      1935-ci illərdə həmkarlar ittifaqının təşkil etdiyi “İşçi müəlliflər kabineti” (o zaman fəhlə əvəzinə işçi deyilirdi) yeni başlayan yazıçıların “ilk universiteti” idi. O, mərkəzi ədəbi dərnək, yaradıcılıq labaratoriyası sayılırdı. Burada Yusif Vəzir Çəmənzəminli, Soltan Məcid Qənizadə, Bəkir Çobanzadə, Həmid Araslı kimi yazıçı və alimlər bizə ədəbiyyat əlifbasını öyrədirdilər. “İşçi müəlliflər kabineti”nin idarəsi Xaqani küçəsində, Azərbaycan Bəstəkarlar İttifaqının indi yerləşdiyi binada idi. Dərnəkdə həftədə bir dəfə məşğələ olurdu. İdarənin mühasibi Bakı qəsəbələrindən gələn müdavimlərə ayda bir dəfə yol pulu verərdi. Mən fəhlə yoldaşım Pəhləvan Hüseynovla (o, şer yazırdı) Ramanadan gəlib məşğələlərdə iştirak edirdik. İndiki kimi elə o zaman da Ramanadan Sabunçuya avtobus, oradan da şəhərə elektrik qatarı işləyirdi. Biz avtobusa minməzdik, iki qəsəbə arasındakı yolu piyada gedirdik, cavan və sağlamdıq. Ancaq əsas məsələ bunda deyildi. Etiraf edim ki, “İşçi müəlliflər kabinetindən” aldığımız yol pulu, çörək və ərzaq almaq üçün karımıza gəlirdi. Çünki dolanacağımız çətin idi. Bir tikə çörəyin, bir qəpik pulun qədrini bilirdik.

Скачать книгу