Kommunistlərin Gilana müvəqqəti sahib olmalarının imkan verdiyi sürgün və qorxudan burda da danışılırdı. Amma bir neçə ağanın torpaqların xeyli hissəsini əlində saxladığı və insanların çoxunun muzdlu qol güclərindən başqa bir şeylərinin olmadığı ogünkü sistemdə yoxsul kəndlilərin yaşamasının mümkünsüzlüyü də aydınıydı. Torpaq islahatının keçirilməsi qaçılmazıydı, gənc Şahın da bu islahata tərəfdar olduğu söylənirdi. Elə taxta çıxmağından sonrakı ilk bir neçə ayda özü sahib olduğu torpaqların böyük hissəsini hökumətə verib onun kəndlilərə paylanmasını istəmişdi, bu barədəki qərarının ilk əlamətlərini də göstərmişdi. İslahatı bəzi adamlar narahatlıqla, başqaları da səbirsizliklə gözləyirdilər. Toyumuzdan az müddət sonra Şahın verəcəyi ən əhəmiyyətli qərarlardan birinin də torpaq islahatı olacağı o zamanlar ağlımın yanından da keçməzdi, əlbəttə!..
On bir-on iki yaşındaydım, ölkəmin Tehran və tehranlılardan ibarət olmadığını anlamağa başlayır, özümdən əvvəlki nəsillər kimi, mən də iranlı olmağı öyrənirdim. Bu aidiyyət duyğusunu məktəbli gənclər şairlərimizdən ən böyüyü olan Firdovsinin “Şahnamə”sinin (“Şahların kitabı”) gözqamaşdırıcı şerlərində tapırlar. Biz uşaqlar üçün o, İran şəxsiyyətini və iranlı olmağın qürurunu təmsil eləyirdi. Mən də Firdovsini məktəbdə tanıyıb sevmiş, Rzayla onun kitabını oxumuşduq. “Şahnamə” islamiyyətdən qabaqkı dörd xanədanın, yəni İran qurucularının dastanıdı. 995-ci ildə bu şedevri yazan Firdovsi əsərində əfsanəvi qəhrəmanlarımızın igidliklərini, faciələrini, rəhbərlərin tarixini min ildən bəri heç əskilməyən bir dillə danışır.
Firdovsi bu ana əsəri çox çətinliklə əldə elədiyini və içində bir çox gözəl hekayə olan, qədim zamanlardan qalma kitabdan təkan alıb yazmağı bacardığını deyir:
“Bu kitabı əldə eləmək istəməyimin səbəbi içindəki hekayələri şerə çevirmək arzumdu. Bir çox adamdan onu bilib-bilmədiklərini soruşdum. Vaxt keçdikcə, bu əsəri başqalarının axtaracağı qədər uzun yaşamayacağımın qorxusundan ürəyim sıxılırdı. Bir müddət beləcə kitabı axtarmağa sərf olundu. Məqsədimi gizli saxlayır, kimsəyə söyləmirdim. Şəhərdə sadiq bir dostum vardı: güman ki, mənimlə eyni xəmirdən düzəldilib. Ona sirrimi açanda, mənə bunları söylədi: “Bu gözəl fikirdi, axırda məqsədinə çatacaqsan, bu vaxtacan əbəs yerə axtarmayıbsan, həmin qədim kitabı sənə mən gətirəcəyəm. Gözlə! Səndə şer duyumu var, gözəl söz söyləyirsən, gəncsən, qədimlərin dilini də bilirsən. “Şahnamə”ni yaz və onun köməyilə böyüklərin yanında şanlı yerini tut”. Sonra kitabı mənə gətirdi, içimdəki kədər xoşbəxtliyə çevrildi”.
Məktəbdə yoldaşlarımla, evdə də Rzayla “Şahnamə”ni oxuyanda, eyni coşqunu yaşayırdıq. Onun əsərində döyüş səhnələrindən sonra birdən-birə heç bir uşağın laqeyd qalmayacağı və bu öyüdün fövqəladə təsir göstərdiyi sevgi fışqırır sətirlərdən:
“Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?”
“Bir buğda dənəsini sürütləyən qarışqanı belə incitmə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidir”.
Cəsarət və gücün əxlaqla yarışdığı bu dastanvari şeirlərlə “Şahnamə” gənc iranlılara minillik şəxsiyyətlərinə hörmət eləməyi öyrədir. Onun məqsədlərindən biri budur və əsrlərdən bəri davam elədiyi kimi, uşaqlığımın İranında da gəzərgi ozanlar o kənddən bu kəndə gedib, Firdovsinin şerlərini söyləyər, ya da mahnıyla oxuyardılar. “Şahnamə”nin bir başqa hədəfi də zatıqırıq hökmdarların siyasi və əxlaqi təhsilinə kömək eləməkdi. “Şahların kitabını bitirəndə, onu şahlara ver”, – yazır Firdovsi. Çünki ona görə, İranın böyüklüyü hökmdarlığın davamlılığına və ya hökmdarlıq dağılar, ya da çökərsə, onun yenidən doğuluşuna çox möhkəm bağlıdır.
Mən yenicə ərə gedəndə, Tehran Universitetində professor olan Cozef Santa Kroka “İranın taleyilə “Şahnamə” arasında çox sıx əlaqə var” dedirdən də eyni şey olmalıdır. Krokun belə bir yozumu da var:
“Yüzillər boyu yeni xanədanların ortaya çıxdığı görünür. Bu xanədanlar ölkəyə yenidən müstəqillik qazandırırlar, dilini gücləndirirlər, mənəviyyatı zənginləşdirirlər. Bu davamlı yenidəndoğulmaların qaynağının Firdovsinin əsəri olduğu nə şübhə ediləcək şeydi, nə də boş iddiadı. Bu əsər İran tarixinin böyük imperatorlarını istiqamətləndirdiyindən, onların ilham qaynağı olduğuna heç bir şübhə yoxdu”.
50-ci illərin iranlıları üçün Qacar xanədanından sonra başa keçən Pəhləvi xanədanı Firdovsinin kitabındakı öncəgörmə məntiqinə uyğun gəlir. Başqa necə ola bilərdi ki? Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi tac qoyduğu zaman İran sanki ortaçağı yaşayan başsız bir ölkəydi. Qacarların sonuncusu Əhməd şahın hökmdarlığının sınırları Tehranın o biri tərəfinə keçmirdi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – “gücü yetən-yetənə”ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar da yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdılar; ordu deyilən bir şey qalmamışdı, amma qalan qüvvələr güneydə rus, quzeydə ingilis zabitlərinə bağlıydılar; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə eləyirdilər. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi otuz ilə düşmüşdü, uşaq ölümü faizi bölgəmizdəki ən yüksək faizlərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmır, məktəbə belə getmirdilər. Qısası, Hindistan və Osmanlı imperatorluğu kimi böyük qonşularının əksinə, nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…
İyirmi beş il sonra mənim böyüdüyüm İran isə artıq məktəblərə, universitetlərə malikiydi; hamısı asfalt olmasa da, yollar çəkilmiş, ən azı, əlaqə təmin edilmişdi və nəhayət, İran dəmir yolları Xəzər dənizini Bəsrə körfəzinə bağlayırdı. Heç şübhəsiz, görülməsi lazım gələn bir çox şey varıydı, amma keçilən məsafəyə baxılanda, valideynlərimin qənaətinə görə, Mustafa Kamal Atatürk Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi. Onu minnətdarlıqla xatırlamamaq mümkünüydümü? Firdovsidən “ziyalı hökmdar”a hörmət və sevgini öyrənən biz uşaqların bu gənc Pəhləvi xanədanında şairin xəbər verdiyi yenidən dirilməni görməmək mümkünüydümü?
Firdovsidən