Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мамед Эмин Расулзаде
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Fəzlullah Nəimi34 də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada da dəfn edilmişdir.

      İranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən35 iqtibas etmişdir.

      Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən36 də faydalanmışdır.

      Səlcuqilər və onlardan sonra İlxanilər zamanında Azərbaycanın ayrı-ayrı şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. İlxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət (astronomiya – Ə.Q.), tibb, fəlsəfə və başqa sahələrdə qlobal bir dəyərə malik olduğu professor Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur.

      Ədəbiyyat sahəsinə gəlincə Azərbaycanın rolu daha böyük bir ölçüdədir.

      Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur37. Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.

      Azərbaycan başda gəncəli Nizami olmaqla İran ədəbiyyatına bir sıra məşhur adlar bəxş etmişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvi və başqalarını qeyd edə bilərik.

      Bunlar XII yüzilliyin şairləridir. Hələ onlardan əvvəl XI əsrdə şair və filosof Qətran Təbrizi vardır ki, o zamankı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir.

      Həmin dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar.

      Amma təkcə bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr)38, Qasım Ənvar (XV əsr)39, Sadıq Əfşar (XVI əsr)40Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olduğuna, xüsusilə, öyünən Saib41 fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır.

      Çağdaş İran ədəbiyyatında da Azərbaycan türkü olan ədiblərin rolu önəmlidir. Bunlardan “Kitabi-Əhməd”in müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy”in müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik.

      IV

      TÜRK HAKİMİYYƏTİ ALTINDA FARS ƏDƏBİYYATI

      XVIII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.

      İslam Şərqində biz bu olayın bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında İslam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə, xüsusilə, türk ziyalıları uymuşlar. Beləcə onlardan qalan əsərlər də təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.

      “Encyclopedie de L’Islam”da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikrə əsaslanaraq belə yazmışdır:

      “Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün XVIII əsr Avropasındakı fransızca kimi yüksək hakim sinfi dili olmuşdur. Buna görə yeni İran ədəbiyyatını sözün geniş mənasında yalnız fars ədəbiyyatı kimi götürmək doğru olmaz. Bu ədəbiyyat İranın olduğu kimi Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır).

      Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.

      Fars ədəbiyyatı yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən olan şairlər tərəfindən də yaradılmışdır.

      Tarixin bizə qəribə görünən bu olayı İslam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir mövzudur.

      Yaxın Şərqin ərəb fütuhatı (fəth, istila – Ə.Q.) nəticəsində islamlaşdırıldığı və dolayısı ilə ərəbləşdirildiyi məlumdur. Bu duruma qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən gəlmişdir. Halbuki yıxılan ərəb imperiyasının yerinə siyasi baxımdan farsların deyil, türklərin gəldiyi bir həqiqətdir.

      Buradan bir sual doğur: nədən min ildən bəri İslam Şərqində hakimiyyət sürən sülalələr çox kiçik və önəmsiz istisnalarla həmin türklərdən olduğu halda klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?

      İslamiyyətdən sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır.

      Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə tanınan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır42.

      Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdur.

      Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar43.

      Ədəbiyyatdan başqa rəssamlıq sahəsində də İrana beynəlxalq şöhrəti təmin edən türk sülalələridir. İran miniatürçülüyünün ən parlaq dövrü Teymurilərlə Şeybanilər zamanına təsadüf edir. İran adına bağlanan bu sənət, əslində, Mavəraənnəhr ilə Xorasanda inkişaf etmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.

      Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdur44.

      Təbrizdəki