Xatirələrim. Ömər Faiq Nemanzadə. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Ömər Faiq Nemanzadə
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-255-773-2
Скачать книгу
edir: “Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir… Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Burada cavan, qoca, oxumuş, oxumamış – hamısı yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”.

      Ömər Faiq ümid arxasınca ye nidən Tiflisə gedir, lakin burada da heç nə edə bilmir: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idilər”.

      1898-ci ildə Ömər Faiq yenidən Şəkiyə gedir. 1900-cü ildə isə ilk dəfə Bakıya gəlir. Bakıda yeganə uğurun Qızlar məktəbi olduğunu görən Ömər Faiq kapitalizmin geniş vüsət aldığı bu şəhəri belə təsvir edir: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər”.

      Bakını tərk edən Ömər Faiq Şamaxıya gəlir, 1900-1902-ci illərdə burada qalır, təriqət mollalarının fanatik kütləni talaması, kütlənin ruhanilərin əlini, ayağını, bu “qismət olmadıqda” isə atının ayağını öpən insanlardan iyrənərək gələcək yazıları üçün materiallar toplayır. Ömərin buradakı müəllimliyi 1902-ci il zəlzələsinin baş verdiyi dövrə qədər davam edir. Zəlzələdə dağıntılar altında qalan, hər şeyini itirən Ömər Faiq xanımı ilə birlikdə Axalsıxa dönür.

      “Şərqi-rus” qəzeti

      Nəhayət ki, Ömər Faiq arzusuna yetir. Məhəmmədağa Şahtaxtlının sahibi və redaktoru olduğu türkcə dərc olunan “Şərqi-rus” qəzetində yazmağa başlayır. Lakin tezliklə redaktorla onun arasında konfliktlər başlayır. O, qəzetdə daha çox yenilikçi fikirlərin, ruhaniliyin əleyhinə yazdığına, Şahtaxtlı isə mollaların yazılarını dərc etdiyinə görə aralarında qarşıdurmalar yaranırdı. Ömər Faiq yazır ki, “bütün bunlara rəğmən o mənsiz, mən isə onsuz ola bilmirdim”. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi.

      Ömər Faiqin bu dövrdəki bir xidməti Tiflisdə əldə satılan kitablar arasından “Kəmalüddövlə məktubları”nı alması və onun çapı ilə məşğul olması olur. Onun əldə etdiyi nüsxə əsasında sonralar “Kəmalüddövlə məktubları”nı Ağamalıoğlu çap etdirir.

      “Şərqi-rus” qəzetində işləyərkən Ömər Faiqin toxunduğu mövzular mollaların məscidlərdə ərəbcə deyil, xalqın başa düşəcəyi türkcə xütbələrin oxuması ilə, qadınlara edilən zülmün aradan qaldırılması, türk dilinin inkişafı ilə bağlı idi. Bu barədə o yazırdı: “Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”.

      M.Şahtaxtlı sahibi olduğu mətbəəni borclandırdığına görə satmaq qərarına gəlir. Bunu görən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını “Qeyrət” qoyurlar.

      Mətbəədə ilk kitab Ömər Faiqin “Nəşri-asara dəvət” adlı rus inqilabından bəhs edən əsəri olur. Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsilli olduğuna görə çap icazəsi verilmir. Mirzə Cəlilin “Novruz” qəzetinə də razılıq olmur. Lakin nəhayət, Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olurlar. Ömər Faiq yazır: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.

      Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər aydınlar kimi Ömər Faiqi də hiddətləndirirdi: “Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən”.

      Molla Nəsrəddin jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. “Bir neçə günlüyə” adlı məqaləsində yazırdı: “Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır”.

      Ömər Faiq xatirələrini “Molla Nəsrəddin” jurnalı ilə bitirir. Artıq onun qarşısında 1937-ci ildə güllələnməsinə qədər davam edən aydınlıq bir yol vardı.

      «Xatirələr» də olmayanlar

      Təəssüf ki, Ömər Faiqə xatirələrini bitirməyə imkan vermədilər. “Xatirələr”, “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlaması mövzusu ilə bitir. Ömərin yaşadığı hər bir detalı ətraflı izah etməsi onu göstərir ki, istər “Molla Nəsrəddin” dönəmini, istərsə də 1937-ci ilə qədər olan həyatını daha ətraflı şəkildə yazacaqdı.

      “Molla Nəsrəddin”in yaranmasından 6–7 il sonra işlər Mirzə Cəlillə onun planlaşdırdığı şəkildə getmir. 1912-1915-ci illərdə Ömər Faiq imzası mətbuatda görünmür. Bu dövrdə həm Ömər Faiq, həm də Mirzə Cəlil xəstələndiyi üçün, həmçinin jurnala basqılar artdığı üçün “Molla Nəsrəddin” əvvəlki kimi çap oluna bilmirdi. Nəhayət, 1915-ci ildə Ömər Faiq yenidən məqalələrini yazmağa davam edir. Və 1915-ci ildə “İqbal” qəzetində öz məqaləsi ilə çıxış edir. Toxunduğu mövzu isə I Dünya savaşı və onun doğurduğu acı nəticələr idi.

      Fevral burjua inqilabından sonra Axalsıxda sovetlərin nəzdində yaradılmış milli komitələrin rəhbərlərindən biri də Ömər Faiq olur. Bu komitə çərçivəsində Ömər Faiq maarifçiliklə məşğul olur, müsəlman əhalisinin inkişafı üçün çalışırdı. Onun təşəbbüsü ilə müəllimlər kursu açılmışdı. Gürcüstanın müstəqilliyindən sonra Ömər Faiqlə gürcü milli qüvvələri arasında anlaşılmazlıqlar yaranır, ona qarşı təzyiqlər başlayır. 1918-ci ildə ev dustağına çevrilir, bir il sonra yanvarda isə kəndlilər arasında siyasi təbliğata görə həbs edilərək üç ay Tiflisdə Metex qalasına salınır. Lakin onun həbsi həm Gürcüstanda yaşayan ziyalıları, həm də Azərbaycandakı qələm dostlarını hiddətləndirir, bu barədə yazılar yazılır.

      1920-ci ildə Ömər Faiq “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, “Yeni fikir” qəzetinin redaksiya heyətinin üzvü, 1921-22-ci illərdə Gürcüstan inqilab komitəsində yaradılmış müsəlman sektorunun sədri işləyir. 1920-ci illərin axırlarında isə Gəncə kənd təsərrüfat texnikumunun direktoru işləyir. 1927-ci ildə xidmətləri və xəstəliyi nəzərə alınaraq ömürlük təqaüd kəsilir.

      Və ömrünün