Mən xatiratımda öz bacarıq və nailiyyətlərimi nə şişirtməyə, nə də bunların qiymətini əskiltməyə çalışmamışam: mənim keçdiyim xidmət yolu bir çox cəhətdən qiymətli və maraqlıdır. Lazım gəldikdə, mənim haqqımda səlahiyyətli şəxslərin fikirlərini olduğu kimi ifadə etməyə çalışmışam.
Artıq çox qoçalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də, çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm.
I fəsil
Ailə və məktəb
Mən 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası Qazaxlı kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl Ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan köçüb gəlmişdi. Onun iki oğlu var idi: böyük oğlu Şıxı – çox ağıllı və sakit, kiçiyi Əli Qazax[2] – çox igid, amma dəlisov bir adam idi. Mən Əli Qazaxın nəslindənəm. Böyük oğul olan Şıxlının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında məskən salaraq, burada üç kənd yiyəsi oldular: bunlara Şıxlı deyə, ümumi bir ad verilmişdi. Kiçik oğlu Əli Qazaxın övladları isə indiyədək öz köhnə yerlərində yaşayırlar. Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğlundan olan bizim nəsil isə Əli Qazax oğlu familiyasını qəbul etdi. Azərbaycan könüllü surətdə, Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladıqda, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi.
Anam Şah Yəmən xanım (Qayıbova) Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin nəvəsidir. Atam yalnız qəzada deyil, bütün quberniyada məşhur bir adam idi. Bütün uşaqları (on bir uşağı var idi ki, onun da on birincisi mən idim) ona böyük hörmət bəslərdilər, bununla belə, çox ağıllı və son dərəcə sakit və mülayim bir qadın olan anamız ailənin əsl başçısı idi, bunu hamımız yaxşı bilirdik. Atamız çox tündməcaz bir adam idi, anamız isə onu həmişə sakit edə bilirdi. O dövrdə, yəni ərin yumruğu Azərbaycan qadınının başı üstündən əskik olmadığı bir dövrdə mənim anam əri ilə keçirdiyi qırx beş illik ömürdə ondan bir kəlmə belə ağır söz eşitməmişdi. Atamın yaxın qohumları anama çox böyük hörmət bəslər-dilər.
Şıxlinskilərin nəslindən o zamana görə bir çox alimlər yetişmişdir. Onların arasında şairlər də olmuşdur ki, bunların ən yaxşısı Salik təxəllüslü Kazımağa[3] idi. Savadla arası olmayan bizim nəsil isə öz cəngavərliyi, tündmə-cazlığı ilə tanınırdı. Qəzada bizi "Dəli qazaxlı" adlandırırdılar. Əli Qazax oğlu nəsli içərisində birinci savadlı adam mənim atam idi. Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam isə mən olmuşam.
Atam rus dilini bilməzdi. Məndən 25 yaş böyük olan qardaşım çar konvoyuna[4] göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti[5] adını aldı. Halbuki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki[6]ola bilmişdilər. Məndən 22 yaş böyük olan ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər.
Mənim barəmdə atamın fikri daha geniş idi. Onun niyyəti mənə Avropa üsulunda təhsil, həm də mütləq, hərbi təhsil vermək idi. Bu məqsədlə məni Tiflisə, anamın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun[7] (doktor Bahadur Qayıbovun[8] atasıdır) yanına göndərdi. Ata-anam həmişə kənddə yaşadıqlarına görə, mən tamamilə Mirzə Hüseynin himayəsinə keçdim və sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyət barəsində qısa da olsa, məlumat verməyi lazım bilirəm.
Mirzə Hüseyn Qayıbov 1830-cu ildə Qazax rayonunun Salahlı kəndində Yusif Qayıb oğlu adlı yoxsul bir kişinin ailəsində anadan olmuşdur. Altı yaşında ata-anadan yetim qalan Yusifi əmisi İbrahim Əfəndi Qayıb oğlu öz himayəsinə götürür. 17 yaşına çatdıqda o, balaca uşaqlara dərs verməkdə öz müəlliminin köməkçilərindən biri olur. Zaqafqaziya müftiliyinə yeni təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə (Vidadov)[9], təftiş üçün Qazax qəzasına gəldiyi zaman, Hüseyndən dərs alan uşaqların müvəffəqiyyətləri onun diqqətini cəlb edir. Müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda, o, Hüseyni bu məktəbdə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars və ərəb dillərini eləcə də bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları dərindən öyrənir. Onun rus dili müəllimi Baş qərargahın kapitanı Nikolay Qriqoryeviç Stoletov[10] idi. Stoletov özü isə şagirdindən Azərbay-can dili öyrənirdi. Bu bir-birinə dərs vermə üsulu istəni-lən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, N. Q. Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən Sarskoye Seloda olduğum zaman piyada generalı, Hərbi Şuranın üzvü N. Q. Stoletovla görüşdükdə, o hər dəfə mənimlə saf Azərbaycan dilində danışırdı.
Yetmişinci illərdə Zaqafqaziya müftisi yanında "Zaqafqaziya sünni məzhəbi idarəsi" adlı bir müəssisə təsis edilmişdi. Mirzə Hüseyn Qayıbov bu müəssisənin katibi təyin olundu. Bu vəzifə ruhani vəzifə deyildi. Bu ondan anlaşılır ki, şiə məzhəbi idarəsində olan eyni vəzifəni Kostin familiyalı bir rus daşıyırdı. Hər cür şəriət işləri bu idarədən gəlib keçdiyindən, Mirzə Hüseyn Qayıbov şəriəti incədən-incəyə öyrənmiş və bu qərara gəlmişdi ki, şəriəti bir çox cəhətdən təhrif və ona bir çox şeylər əlavə etmişlər.
1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasında[11] müsəlman (Azərbaycan) şöbəsi təsis edildi və Mirzə Hüseyn burada Şərq dilləri müəllimliyinə dəvət olundu. 1881-ci ildə Zaqafqaziya müftisi vəzifəsinə seçildi. Bu vəzifəni qəbul