Qılınc və qələm. Мамед Саид Ордубади. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мамед Саид Ордубади
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
Demək ki, tərbiyəni anandan almısan?

      − Anam da mən körpə ikən ölmüşdür.

      − İndi kimin himayəsində yaşayırsan?

      − Dayılarım vardır. Lakin öz himayəmdə yaşayıram.

      − İndiyə qədər kimin himayəsində yaşayırdın?

      − Dayılarımın.

      − Onlar kimlərdir, adları nədir?

      − Kürdlərin nücəbasındandır – Qafar ağa, Abdulla ağa və Seyfəddin ağa.

      − Onlar hazırda nə işdədirlər?

      − Onlar burda deyillər, Bağdadda yaşayırlar.

      − Nə işdədirlər?

      − Xəlifənin xüsusi mühafizə dəstələrinin rəisləridirlər.

      − Dayıların xəlifənin sadiq qulları olduğu halda, nə üçün sən xəlifənin əleyhinə danışırsan?

      − Mənim dayılarım xəlifənin qulları deyil. Nə ana, nə də ata nəslimizdə qul olmuşdur. Bizim dayılarımız xəlifə himayəsində yox, əksinə olaraq xəlifənin özü dayılarımın qılıncı himayəsində yaşayır.

      Əmir:

      − Bu da təzə bir xəbər! İndi bir az da Məhsəti ilə əlaqəndən danış.

      − Əlaqə düzəltməyə çalışıram, təəssüf olsun ki, hələlik buna nail olmamışam.

      − Sən bunu özün üçün bir iftixarmı bilirsən?

      − Nə üçün də bu şərəfi daşımamaq? Məhsəti xanım olmasaydı, Şərqdə məşhur rübai sənətkarı Xəyyamın adı tək qalacaqdı.

      − İndiyə kimi Məhsəti xanımdan neçə məktub almısan?

      − Hələlik o cürə xoşbəxtlik mənim qapımı döyməmişdir.

      Əmir gülərək dedi:

      − Elə isə səni təbrik etmək lazımdır. Haman xoşbəxtlik qapını döyməyə başlamışdır. Məhsəti xanım sənin adına məktub göndərmişdir. Budur haman məktub mənim əlimdədir.

      − Madam ki, ölkə xalqının bir-birinə məktub göndərməyə ixtiyarı yoxdur, o zaman başqalarını hökumət əleyhdarlığı ilə təqsirləndirməyin özü də haqsızlıqdır.

      Bu sözlərdən sonra nə İlyas, nə də Əmir danışdılar. Qətibə isə böyük bir həyəcanla işin nə ilə qurtaracağını gözləyirdi. İlyas nə ətrafına baxır, nə də öz yerindən qımıldanırdı. O, Əmirin böyük salonunda qoyulmuş tunc heykəllər kimi bütün ağırlığı ilə durmuşdu.

      Xeyli sonra Əmir başını qaldırıb dedi:

      − Səni məhv etmirəm, çünki səni məhv etmək xəlifənin ən yaxın adamlarını təhqir etməkdir. Kübar tayfaların içərisində sənin kimi itaətsiz adamlar çox az tapılır. Mən bu gün onlara məktub göndərəcəyəm. Sənin Aranda yaşamağın böyük bir nəslin rüsvayçılığına səbəb ola bilər. İndi gedə bilərsən. Lakin sənin Arandan bir tərəfə getməyinə icazə vermirəm.

      Əmir sonra da Hüsaməddinə müraciətlə tapşırdı:

      − Bunu nəzarət altında saxlarsınız. İndi isə evinə buraxın.

      Qətibə sevindi və atasını başını sığallamağa başladı.

      Fəxrəddin bir qapıdan içəri girdiyi zaman Nizami də bu biri qapıdan dəhlizə çıxdı. İlyas Əmirin evindən küçəyə çıxdığı zaman artıq gecə idi. Çinarın dibində bir qaraltı durmuşdu. İlyas yolunu davam etdirərkən qaraltıdan belə bir səs eşidildi.

      − İlyas, səni buraxdılarmı?

      İlyas bu səsi eşidib dayandı. O səs İlyasın gənc sevgilisi Rənanın səsi idi. İlyas da, qaraltı da bir-birinə tərəf irəlilədi. O səs bir də eşidildi.

      − İlyas səni buraxdılarmı?

      − Bəli buraxdılar, mənim sevgili dostum, buraxdılar. Gözəl Rənam, kədərlənmə!

      Rəna başını İlyasın çiyninə söykəyib ağladı. İlyas isə onun saçlarından öpərək:

      − Gedək, Rəna, qorxma, onlar mənə heç bir şey edə bilməzlər, − dedi.

      BAHAR

      Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib bitirmək üzrə idi.

      Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman şam ağacları da ağır-ağır başlarını əyirdi.

      Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığı güllər, bağ-bağçalar gülürdü.

      Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünə sərib qurudur, xanəndə bülbüllər qızılgülün yanağındakı tərləri silmək üçün gül budaqlarını tərpədir, lalələr isə piyaləsini qaldırıb bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi. Nərgiz gülü şadlığından yaşarmış gözlərini silərək, bahar səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub düşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc bir şairi qarşılamaq üçün “salam” musiqisini çalırdı.

      Gənc İlyas adəti üzrə evdən çıxıb çayın kənarına gəlirdi. O, hər gün çay kənarındakı bağçaları, bağları gəzər və şairlər ilə görüşərdi.

      O, çay tərəfinə getdiyi zaman Gəncə xalqı da xəlifə tərəfindən göndərilən fərmanı eşitmək üçün məscidə tərəf gedirdi. Xəlifədən gələn fərman Atabəy Məhəmmədin təsdiq edilməsini Gəncə xalqına xəbər verirdi. İlyas bu fərmana o qədər də əhəmiyyət vermirdi. O, dəstələri yarıb Məsudiyyə məhəlləsinə keçdi və Çobanlar qəbiristanının yanı ilə gedərək çayın kənarına endi. Şəhər xalqı məsciddə məşğul olduğu üçün çay kənarında gəzən səyahətçilərin sayı çox az idi.

      İlyas ətrafı gözdən keçirərək öz-özünə dedi:

      − Belə yaxşıdır. Burada azad düşünmək mümkündür. Bura gənc bir şairin yaradıcılığı üçün daha əlverişlidir.

      Həmişəki yerinə gəldi, böyrü üstündə yıxılmış söyüd kötüyünün üstündə oturdu. Lakin meşənin boşluğuna baxmayaraq, özünü rahat hiss etmirdi. Sanki onu amansız bir hadisə gözləyirdi.

      İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. Ətrafa yayılan bülbülün səsində də bir həyəcan duyur və düşünürdü; o səs bir şadlığın içərisindən yox, bir həyəcanın içərisindən süzülüb çıxan iniltilərə bənzəyirdi.

      İlyas öz-özünə:

      − Bülbülün səsinə hər kəsdən artıq şairlər tanışdır, − deyərək ayağa qalxdı, bütün diqqətini səfərbərliyə alıb ətrafı gəzməyə başladı.

      O, bülbülün dolaşdığı qızılgül