Mənim mübarizəm - 8. Seymur Baycan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Seymur Baycan
Издательство: Alatoran yayınları
Серия: Mənim Mübarizəm
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
ağanın itin döyürsən? – deyə tacir zabitin üzünə baxır və onun razılığını qazanmağa çalışırdı.

      Bundan sonra daha birisi baqqala yaxınlaşdı :

      – Özləri də qonağımızdır, itləri də əzizimiz və gözümüzün işığıdır. Baba, anlamamışıq, ağanın itini Mərənd iti bilib haqqında ədəbsizlik eləmişik. Yoxsa bizim babamız da bu qələti eləməzdi, yəni biz elə ədəbsiz olduq ki, ağanın itindən bir qab qatığı da əsirgədik?

      Zabit isə hələ də söyürdü, lakin bu söyüşlər bizə yabançı deyildi, bunları biz çar zabitlərindən hər yerdə eşitmişdik.

      – Vəhşi şərqlilər, azyatlar, zavallılar! Daha Səttar xan yoxdur. Əlahəzrət çarın zabitləri sizi lazımınca tərbiyə edərlər, özünüzdən min kərə mədəni, şərəfli olan nəcib köpəyi vurmağa haqqınız yoxdur. Bu hərəkət bizə qarşı üsyandır.

      Baqqal da yalvarırdı:

      Ağa, başına dönüm, belə ayaqlarının altında qurban kəsilim, anlamamışam, bir qələtdir, öz ölübəölümlə eləmişəm…

      Baqqalından tacirinə, ziyalısına qədər yaltaqlığa alışan bu xalqı seyr etdikdən sonra məni bir iranlı kimi tanıyan miss Hannanın üzünə baxmağa utandım.

* * *

      Bir dəstə uşaq faytonumuzu görər-görməz çığıra-çığıra qaçıb kəndə yayıldı. Bu səsdən sonra arvadlar evlərdən və qazmalardan çıxıb küçədəki toyuqları tutmağa və quzularını içəriyə çəkməyə başladılar. Biz bunun səbəbini bilmədik… Kənddə təzə və yamaqsız paltara təsadüf etmədik. Kişilərin çoxu çılpaqdı. Qadınların da br çoxu cürbəcür cındırları quraşdırıb onunla öz əndamını örtmüşdü.

* * *

      Yolumuzu dəyişib “Hacələkbər ” bazarçasına tərəf getdik. Burda Mirmanaf Sərrafın oğlu Mir Murtuza qarşımıza çıxdı. O, ağ bir uzunqulağın üstündə oturub bir dəstə nökəri ilə gəlməkdə ikən, Mirzə Məsud ağa da uzunqulaq üstdə, öz nökərləri ilə bərabər onların qabağına çıxdı. Bunlar bir-birlərinə təsadüf edincə, hər iki uzunqulaq burun-buruna söykəndi, üstündəki ağalar danışmağa başladı.

* * *

      İsti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi. Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı. Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəldilmiş bir məqbərənin qapısı kimi gəmgin-qəmgin baxırdı. Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan duman qədər insana gəmginlik verirdi. İnsan vücudlarını yeyən məhəllə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi….

* * *

      Bəzən hansısa əsəri oxuduğum zaman başımda əsərin mövzusuyla birbaşa əlaqəsi olan, əsərin mövzusuyla birbaşa əlaqəsi olmayan fikirlər fırlanmağa başlayır. Bu fikirləri ya yazılı, ya da şifahi formada ifadə etməyincə rahatlıq tapa bilmirəm. Beləliklə, “Dumanlı Təbriz” i oxuduğum zaman bu fikirlər başımda fırlanmağa başladı…

      “Dumanlı Təbriz” haqqında – 2

      “Sahibüləmr məscidinin həyəti qələbəlik idi. Həyətdə arvad, kişi bir-birinə qarışıb qiyamət qopmuşdu. Xalqın arasında bir öküz vardı. Məscidin nəqibi aralıqda durub deyirdi:

      – Ey camaat, möcüzədir, möcüzədir.

      Öküzün quyruğunda bircə dənə də tük qalmamışdı. Arvadlar tükləri dartıb qoparmışdılar. Bəziləri üz-gözünü öküzün bədəninə sürtürdü. Gülməli burası idi ki, bir hamilə qadın da xəlvətə salıb, qarnını öküzün qarnına sürtürdü. Şübhə yoxdur ki, o öküzdən oğlan uşağı istəyirdi…

      Öküz isə bu işlərə heç əhəmiyyət vermirdi. Onun qabağına yonca və ot yerinə yeməli göyərtilər tökülürdü, dükanlarda satılan səbzilərin hamısı öküzün qabağında idi. Öküzün möcüzəsi belə başlamış imiş. Öküzü qəssablar kəsməyə aparırmışlar, həzrət Sahib meydanında dərviş nağılına qulaq asan uşaqlar hay-küy salıb öküzü hürkütmüş, öküz qaçmış, girməyə boş yer tapa bilmədiyindən özünü məscid həyətinə salmışdı.

      Buna görə də məscidin nəqibi səsləyib deyirdi ki:

      Bu heyvanın əti haramdı. Bunun başına bıçaq çəkməz olmaz.”

Məmməd Səid Ordubadi“Dumanlı Təbriz” əsərindən

      Tolstoy Şekspiri öz qəhramanlarını insanların heç vaxt danışmadığı, qeyri-təbii bir dildə danışdırmaqda ittiham edirdi. Əgər yaddaşım məni aldatmırsa Tolstoy deyirdi ki, Şekspirin əsərlərində kral da, təlxək də eyni dildə, eyni tərzdə danışırlar.

      Ola bilsin Şekspir misalı mövzumuz üçün o qədər də uğurlu misal deyil, bunu özüm də hiss edirəm, amma həqiqətən də peşəkarlığa, ciddiliyə iddialı yazıçı dialoqlarda hər bir obrazını yaşına, peşəsinə, mənsub olduğu təbəqəyə, intellektual səviyyəsinə uyğun bir tərzdə danışdırmağı bacarmalıdır.

      “Dumanlı Təbriz”də obrazlar adi həyat məsələlərindən, məişətdən, toydan, yasdan, qızıldan, meyvədən, tərəvəzdən, yeməklərdən, bəydən, rəiyyətdən, nökərdən, atdan, eşşəkdən, keçidən, itdən, pişikdən, ağcaqanaddan, milçəkdən söhbət edəndə, dialoqlar dinamik, canlı, maraqlı, inandırıcı alınır. Obrazlar tarixdən, ədəbiyyatdan, siyasətdən, fəlsəfədən danışmağa başlayanda Ordubadi bir yazıçı kimi kifayət qədər axsayır, dialoqlarda dinamika, söhbətlərin canlılıq, inandırıcılıq dərəcəsi aşağı düşür.

      Burada Ordubadini dərindən qınamaq biz tərəfdən bir qədər ədalətsizlik olardı. Gərək adamlar real həyatda siyasətdən, ədəbiyyatdan, tarixdən, fəlsəfədən danışsınlar ki, yazıçı da öz növbəsində əsərdə obrazları siyasətdən, tarixdən, fəlsəfədən, ədəbiyyatdan danışdıranda dialoqlar maraqlı, canlı, dinamik alınsın. Əgər adamlar siyasiləşməyiblərsə, tarixə, fəlsəfəyə, ədəbiyyata, siyasətə aid kitablar oxumurlarsa, siyasi, fəlsəfi, tarixi mövzularda müzakirələr aparmırlarsa, siyasi, fəlsəfi, tarixi mövzularda qızğın, amansız mübahisələrə girmirlərsə, danışdıqları dil kobud, incəlikdən uzaq, ibtidaidirsə, danışdıqları dil cilalanmayıbsa, adamların işi-gücü, fikirləri və zi-kirləri, həyat fəlsəfələri qız ərə verib oğlan evləndirməkdən, şüurları formalaşmamış, daha dəqiq desək, şüursuz canlıları cütləşdirməkdən, siçovul kimi artıb-törəməkdən, ölü basdır-maqdan, ehsan