Bəyaz diş. Джек Лондон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Джек Лондон
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241181 
Скачать книгу
sındırıb tökmüşdülər.

      Təkgöz canavarın ətraf mühitin oyanışına cavab verməyə halı yox idi. Təkgöz dişi canavarı qaldırmaq istəsə də, bacarmadı. Təkbaşına ov etmək o qədər də asan deyildi. Səkkiz saat hərlənsə də, heç bir ov edə bilmədi. Onun qovduğu dovşanlar qarı əriyən dik yamaclarda rahatca qaçırdılar. Özü isə sürüşüb yerə dəyirdi.

      Mağaranın girəcəyində anlaşılmaz bir duyğu onu ayaq saxlamağa məcbur etdi. İçəridən zəif, qəribə səslər gəlirdi. Bu səslər dişi canavarın səsinə bənzəyirdi. Bu səslərdə hansısa bir doğmalıq, yaxınlıq duyulurdu. Qoca canavar ehtiyatla içəri süründü. Rəfiqəsi ürkək-ürkək mırıldandı. Bu, Təkgözü çaşdırmadı. Amma o, dişi canavardan bir az aralandı. Əlbəttə, Təkgözü başqa səslər maraqlandırırdı. Bu səslər zəif, zingiltili, ağlamağa oxşar qarışıq səslər idi.

      Təkgöz dişi canavara tərəf süründü. Amma dişi canavar dişlərini şaqqıldatdı. Bu “uzaq dur” demək idi. Çünki analıq instinkti ona başa salırdı ki, erkək canavarlar öz balalarını yeyə bilərlər. Təkgöz heyrət içində idi və o, bu hissi bir neçə dəfə dadmışdı. Qocanın daxilindəki atalıq instinkti isə ov etməyin vacibliyini yada salırdı. Beləliklə, o, yemək dalınca getdi.

      Yuvadan təxminən beş-altı mil aralıda çay iki qola ayrılmışdı. Onun hər iki qolu dağlara sarı burulurdu. Canavar çayın sol qolu boyunca getdi və tezliklə nəyinsə izinə düşdü. O, əyilib qarın üstünü iylədi, sonra qarnı üstə uzanıb, izlərin apardığı istiqamətə tərəf baxdı. Tələsmədən çevrilib çayın sağ qoluna tərəf qaçdı. İzlər onun öz ləpirlərindən də iri idi. O bilirdi ki, belə ləpirlərin dalınca düşməkdən bir şey çıxmaz.

      Canavar çayın sağ qolu ilə bir az irəlilədikdən sonra qulağına çığırtı səsi gəldi. Bu, iri bir oxlu kirpi idi və Təkgöz daha öncə onunla qarşılaşmamışdı. Mübarizənin nə ilə nəticələnəcəyini bilmək olmazdı. Həqiqətən də, oxlu kirpi çömbələrək hər tərəfə iti iynələrini səpələdi. Təkgöz bu iynələrin acısını gəncliyində dadmışdı. Kirpi yumaq halına düşdü və canavar onu yarım saat gözlədikdən sonra bezib uzaqlaşdı. Gün başa çatsa da, ov yox idi.

      Təkgözü idarə edən, onu hərəkətə gətirən içində oyanmış atalıq instinkti idi. Bir şey məlum idi: nəyin bahasına olursa olsun, yemək tapmalıdır. Belə də oldu. Günün axırına yaxın ağ bir kəklik qamarladı.

      Təkgöz quşu yemək istəsə də, bu fikrindən vaz keçdi. Quşu götürüb qayıdarkən yolda yenə həmin yekə ləpirlərlə qarşılaşdı. Qayanın dalından başını çıxaran canavar izlərin yekə, erkək vaşağa aid olduğunu gördü. Vaşaq oxlu kirpi ilə üz-üzə idi. Təkgöz sakitcə onların yanından keçib gözləməyə başladı.

      Təkgöz irəli getmək istədi. Elə bu vaxt nə isə baş verdi və vaşaq açılmaqda olan kirpiyə öldürücü zərbə vurdu. Kirpi vaxtında tərpənə bilməsə də, öz rəqibinə yandan zərbə ilişdirdi. Təkgöz isə bütün bu olanları həyəcanla izləyirdi. Vaşaq təkrar kirpiyə hücum etsə də, kirpi vaşağı burnundan yaraladı. Vaşaq ağrıdan özünü gah sağa, gah sola çırpır, iynələrdən qurtulmağa çalışırdı. Kirpi də yarımcan olmuşdu. Bu vaxt vaşaq geri götürüldü və vəngildəyə-vəngildəyə uzaqlaşdı. Təkgöz irəli cummaq istəsə də, iynələrin ayağına batacağından qorxdu.

      Təkgöz dilini işə saldı. Qarın üstünə tökülmüş qanı ləzzətlə yalamağa başladı. Belə dadlı qəlyanaltıdan sonra aclığı daha da artdı. Amma o, həyatda çox şey görmüşdü. Həyat ona ehtiyatla hərəkət etməyi öyrətmişdi. Bir az vaxtı öldürmək lazım gəlirdi. Buna görə də canavar oxlu kirpinin qabağında uzanıb gözləməyə başladı. Oxlu kirpi isə xırıldayıb dişlərini qıcırtdı, sonra yavaşdan civildədi. Bir azdan Təkgöz oxlu kirpinin iynələrinin yavaş-yavaş düşdüyünü gördü. Onun bütün bədəni titrəməyə başladı. Titrəmə birdən kəsildi. Kirpinin uzun dişləri son dəfə şaqqıldadı, iynələri töküldü, bədəni süstləşdi və o, bir daha tərpənmədi.

      Oxlu kirpi ölmüşdü. Təkgöz kirpinin öldüyünü ehtiyatla yoxlayıb onu götürdü. Sonra nə yadına düşdüsə, kirpini buraxıb kəkliyin yanına qayıtdı, onu yedi, sonra isə ovunu dartıb yuvaya gətirdi. Ana canavar başını qaldırıb onun boynunu yaladı. Ata canavardan qorxmaq duyğusu yoxa çıxırdı. Təkgöz özünü ata canavar kimi aparır, öz doğma balalarını parçalayıb yemək kimi vəhşi instinktlərlə yaşamırdı.

      BOZ CANAVAR BALASI

      O, qardaş və bacılarından seçilirdi. Dərisinin rəngi eynilə canavar rəngi kimi boz idi. Amma digərlərinə nisbətən bu canavar balası daha canlı idi. O, qalanlarından daha tez səsini çıxarmağa başlamışdı.

      Ömrünün ilk həftələrini yuxuda başa vursa da, canavar balası indi dünyanı tanımaq istəyir, öz qaranlıq dünyası xaricində olanlara maraq göstərirdi. Dünya onun üçün yuvanın içindən ibarət idi. Mağaranın dəliyindən düşən işıq isə onu və digər balaları özünə cəlb edirdi. Onlar işıq eşqi ilə yaşayan bitkilər kimi, işığa sarı sürünürdülər. İşıq onlar üçün həyat demək idi, lakin onlar hələ bunu dərk edə bilmirdilər.

      Sonralar canavar balalarının hər birində fərdi keyfiyyətlər – fərdi istək və şüurlu oyanma əmələ gəldi. İşığa doğru canatma sürətləndi. Onlar bütün günü ona sarı sürünürdülər. Ana canavar isə hər dəfə onları qaytarmağa məcbur olurdu.

      Canavar balası əvvəllər anasının incə nəvazişini görmüşdü. İndi isə işıq eşqi anasının lazım gəldikdə sərt üzünü də ona göstərirdi. Anasının vurduğu zərbələrdən ağrı duyan balaca mümkün qədər bu ağrıdan uzaq olmağa çalışırdı. O, ağrıdan qorxurdu. Ətlə qidalandığı üçün o və bacı-qardaşları vəhşi idilər. Artıq südü kəsilən ana canavar onlara ət verirdi.

      Boz canavar balası gündən-günə vəhşiləşirdi. Onun zingiltisi bacı-qardaşlarınınkına nisbətən daha çox xırıltılı və güclü, küçüklər kimi hirslənməyi də qorxulu idi. İlk dəfə o, bacı-qardaşlarına pəncələri ilə möhkəm zərbə endirməyi öyrəndi. Onları arxası üstə yıxır, birinin qulağından tutur, qəzəblə nərildəyib çənəsini sıxır, o birini o tərəf-bu tərəfə dartıb incidirdi.

      Mağaraya düşən işığın cazibəsi gündən-günə artırdı. Balaca mağaradan çıxmağa çox can atsa da, hər dəfə anasının müqaviməti ilə rastlaşırdı. Günəşli divara tərəf can atan balaca yorulmaq bilmirdi. O, bilmirdi ki, bayırda daha rəngarəng bir həyat var. Bir neçə dəfə mağaranın divarlarını yoxlasa da, qaranlıqda divara dəyən burnunun ağrısı buna son qoymağa məcbur etdi.

      Boz canavar balası atası ilə özü arasındakı fərqi bilmirdi. Atası onun üçün xarici aləmdə dolaşan və anasına bənzəyən varlıqdı. Mağaranın çölünə can atan canavar balası, nəhayət, bu divar səddi keçə bilməyəcəyi ilə barışdı.

      Aclıq vəhşilərə elə təsir etmişdi ki, ana canavar da ov dalınca getməli oldu. Təkgöz hindu qəsəbələrindən tez-tez dovşan oğurlayırdı. Çaylar əriyib hindular köçəndən sonra bu da olmadı. Canavar balalarının bəziləri aclığa tab gətirmir, ölürdülər. Canavar balasının yeganə bacısı