Amfibiya adam. Александр Беляев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Александр Беляев
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241051 
Скачать книгу
avarlardan yapışıb cəld «Meduza»ya sarı istiqamət götürdü.

      Gəmidəki ovçular səbirsizliklə suya düşən hindunun izahatını gözləyirdilər. O özünə gəlib boğuq səslə dedi:

      – Dəniz iblisini gördüm…

      – Onu?.. Danış, tez ol, danış! – deyə ovçular səbirsizliklə qışqırdılar.

      – Gördüm, köpəkbalığı yaxınlaşır. Düz mənə tərəf üzürdü. Ağzını açmışdı, az qalmışdı məni qapa. Gördüm ki, biri də üzür…

      – Başqa köpəkbalığı?

      – İblis!

      – Necə idi? Başı vardımı?

      – Başı? Hə, deyəsən, vardı, gözləri stəkan boyda idi.

      – Pəncələri necə, vardı, ya yox?

      – Qurbağa pəncələri kimi. Uzun, yaşıl, caynaqlı barmaqları, onların arasında isə pərdə vardı. Özü balıq pulu kimi parıldayırdı. Köpəkbalığına yaxınlaşıb pəncəsi ilə zərbə endirdi. Balığın qarnından qan fəvvarə vurdu…

      – Ayaqları necədir? – ovçulardan biri soruşdu.

      Hindu yadına salmağa çalışdı:

      – Ayaqları? Ayaqları yerli-dibli yoxdur. Uzun quyruğu var. Quyruğunun axırında iki ilan gördüm.

      Pedro Zurita ayaqqabılarını şappıldada-şappıldada göyərtədə gəzişir, söhbətə qulaq asırdı. Danışan adam qızışdıqca Pedro yəqin edirdi ki, bütün bunlar köpəkbalığından qorxuya düşən ovçunun uydurmasıdır.

      «Bəlkə də, hamısı uydurma deyildir. Köpəkbalığının qarnını kimsə yırtmışdır: axı körfəzdə su çəhrayı olmuşdur. Lənət şeytana, qəribə əhvalatdır!»

      Qəflətən qaya arxasından gələn şeypur səsi Zuritanı düşüncədən ayırdı. Bu səsi eşidən «Meduza»nın heyətini sanki ildırım vurdu. Bütün danışıqlar o saat kəsildi, sifətlər ağardı. Ovçular şeypur səsi gələn qayaya dəhşətlə baxırdılar.

      Qayanın yaxınlığında, okeanın səthində delfin sürüsü oynaşırdı. Delfinlərdən biri sürüdən ayrıldı, şeypurun çağırış səsinə cavab verirmiş kimi bərkdən fınxırdı, qayaya tərəf sürətlə üzüb onun arxasında gözdən itdi. Gərgin intizarla dolu olan bir neçə an da keçdi. Birdən ovçular qayanın arxasından çıxan delfini gördülər. İblis onun kürəyində oturmuşdu. Bədheybətin bədəni insan bədəni idi, gözləri isə günəş şüaları altında avtomobil fənəri kimi parıldayırdı. Dərisi zərif mavi-gümüşü rəngə çalırdı, əlləri qurbağa əllərinə oxşayırdı, tünd-yaşıl idi. O, əlində burulmuş uzun balıqqulağı tutmuşdu. Balıqqulağını bir da çaldı, şən qəhqəhə ilə güldü və qəflətən təmiz ispan dilində qışqırdı:

      – Tez ol, Lidinq, irəli! – deyə «iblis» əli ilə delfinin kürəyini şappıldatdı və böyürlərini ayaqları ilə mahmızladı. Delfin yaxşı at kimi sürətini artırdı.

      Ovçular ixtiyarsız qışqırdılar.

      Naməlum məxluq döndü, adamları görüb kərtənkələ cəldliyi ilə delfinin kürəyindən sürüşərək suyun təkinə endi.

      Bütün bu qeyri-adi səhnə bir dəqiqədən artıq davam etmədi. Onu izləyən tamaşaçılar heyrətdən uzun zaman özlərinə gələ bilmədilər. Hindular diz üstə çökərək dəniz ilahından aman diləyirdilər. Zəncilər anbara enib küncə sıxılmışdılar.

      Ov barədə düşünmək də olmazdı. Pedro və Baltazar çətinliklə heyəti sakitləşdirdilər. «Meduza» lövbərini qaldırıb şimala yönəldi.

      ZURİTANIN UĞURSUZLUĞU

      «Meduza»nın kapitanı olub-keçənləri götür-qoy etmək üçün öz kayutuna endi.

      – Adam lap dəli olar! – Zurita başına kuzədən su tökə-tökə deyinirdi. – Dəniz iblisi təmiz Kastiliya ləhcəsində danışır! Onu hamımız gördük. Buna şəkk-şübhə yoxdur. Deməli, o mövcuddur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. İspanca danışa bilir, deməli, onunla dil tapmaq mümkündür. Əgər birdən… Əgər həmin bədheybəti tutub əhliləşdirmək və mirvari yığmağa məcbur etmək mümkün olsaydı! O, iyirmi-otuz molyusk ovçusunu əvəz edə bilər. Onun vasitəsilə Argentinanın, hətta bütün Amerikanın ən varlı adamına çevrilmək olar!

      Zurita göyərtəyə qalxdı və bütün heyəti toplayıb dedi:

      – Polis idarəsi dəniz iblisi haqqında şayiə yayanları həbs etmişdir. Xəbərdarlıq etməliyəm ki, əgər gördükləriniz barədə ağzınızdan bircə kəlmə qaçırsanız, sizin də aqibətiniz belə olacaq. Sizi həbsxanada çürüdəcəklər. Buna görə də məsləhət görürəm ki, iblis haqqında heç kəsə bircə kəlmə də deməyin.

      «Əslində, onlara inanmazlar da, – deyə fikirləşirdi, – çünki gördüklərimiz nağıla daha çox oxşayır».

      Zurita Baltazarı öz kayutuna çağırıb planını yalnız ona danışdı. Baltazar ağasına diqqətlə qulaq asdı, bir qədər susduqdan sonra cavab verdi:

      – Hə, yaxşı fikirdir. Dəniz iblisi yüz ovçuya dəyər. O bizim üçün işləsəydi, əla olardı! Yaxşı, bəs onu necə tutaq?

      – Torla, – deyə Zurita cavab verdi.

      – O, köpəkbalığının qarnını yırtdığı kimi toru da kəsər.

      – Biz metal tor sifariş verə bilərik.

      – Bəs kim tutacaq? Ovçuların yanında iblis adını çəkəndə dizləri əsir. Mən də indiyədək dəniz iblisi ovuna çıxmamışam. Əgər bədəni sümük və ətdəndirsə, onu öldürmək çətin deyil. Lakin sizə diri iblis lazımdır.

      – Səni qızıla tutaram. Bu işin nə qədər az iştirakçısı olsa, o qədər yaxşıdır. Beş adam seç, çox olmasın. Özümüzünkülər razılaşmasalar, kənardan tap. İblis sahilə yaxın yerlərdə üzür. Hər şeydən əvvəl onun yuvasını tapmaq lazımdır.

      Zurita ilə Baltazar dərhal işə başladılar. Pedronun sifarişi ilə məftil tor hazırlandı. Baltazar «Meduza»nın heyətindən arauka qəbiləsindən olan yalnız iki hindunu iblis ovunda iştirak etməyə razı sala bildi. Difər üç nəfəri isə Buenos-Ayresdən tapdı. Qalan ovçuların haqq-hesabını verib yola saldılar.

      İblisdə şübhə doğurmamaq üçün gəmi kiçik körfəzin bir neçə kilometrliyində lövbər saldı. «Meduza» gözdən pərdə asmaq üçün balıq ovu ilə məşğul olub iki həftə burada qaldı. İki həftə Zurita, Baltazar və muzdlu hindular gözlərini qırpmadan okeanın səthinə baxdılar, amma dəniz iblisi görünmürdü. Zurita iblisi birinci görən adama mükafat verəcəyini bildirdi və dedi:

      – Biz sahilə yaxın yerdə, qayaların yanında körfəzin dibini yoxlamalıyıq. «İblis»in yuvası oralarda olmalıdır. Bu işi kim boynuna götürür?

      Baltazardan başqa heç kim bu işə razı olmadı.

      Onlar sahilə