Dəfinələr adasının sirri. Энид Блайтон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Энид Блайтон
Издательство: Altun Kitab
Серия: Möhtəşəm beşlik
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244700
Скачать книгу
ona hirsləndilər, çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdilər. Belə də oldu.

      – Zavallı uşaq! Yol onu əldən salıb, – Fanni xala dedi. – Gərək hamınız yubanmadan yatıb dincinizi alasınız. Onda sabah səhər çox gümrah oyanarsınız.

      – Sən çox səfehsən, Enn! – Fanni xala otaqdan çıxan kimi Dik əsəbi halda bacısına dedi. – Yaxşı bilirsən ki, uşaqlar əsnəməyə başlayan kimi böyüklər onları yatmağa məcbur eləyirlər. Mən yatmamışdan qabaq çimərliyə baş çəkmək istəyirdim.

      – Haqlısan, – Enn yazıq-yazıq dilləndi, – özümü saxlaya bilmədim. Bir də ki, sən özün də bu dəqiqə əsnəməyə başlayacaqsan. Elə Culian da…

      Doğrudan da, çox keçmədi ki, oğlanlar da əsnəməyə başladılar. İndi onlar məmnuniyyətlə yatağa uzanıb gözlərini yumar və dərin yuxuya qərq olardılar.

      – Görəsən, Corcina haradadır? – Enn dilləndi. – Qəribə qızdır, elə deyil? Bizi qarşılamağa gəlmədi, şam yeməyində də yox idi. Artıq yatmaq vaxtı çatıb, hələ də gəlib çıxmayıb. Axı o, əvvəl-axır mənimlə bir otaqda yatmalıdır. Kim bilir, nə vaxt gələcək?!

      Corcina peyda olanda isə uşaqların üçü də artıq şirin yuxuda idilər. Odur ki onun qapını necə açdığından, dişlərini fırçalayıb yatağına necə uzandığından xəbər tutmadılar. Enn hətta qız yatağa uzanarkən onun çarpayısının cırıldadığını da eşitmədi. Uşaqlar yol yorğunu olduqlarından daş kimi yatmışdılar. Bir də səhər günəşin şəfəqləri otağa dolanda yuxudan oyandılar. Enn gözlərini açanda əvvəl harada olduğunu kəsdirə bilmədi. Balaca bir çarpayıda uzanmışdı, otağın açıq pəncərəsindən qırmızı qızılgüllər boylanırdı. Birdən qız dünən baş verənlərin hamısını xatırladı.

      «Mən Kirrin körfəzindəyəm, axı yay tətilimiz başlayıb!» – o, sevinclə öz-özünə dedi və digər böyrü üstə çevrildi. Elə bu vaxt gözü yan çarpayıda yatan qıza sataşdı. Qız adyala bürünüb yuxuya getmişdi. Enn bircə onun adyalın altından çıxmış qısa saçlarını gördü. Vəssalam! Sonra qız yerində qımıldanmağa başladı. Enn dərhal üzünü ona tutub soruşdu:

      – Bura bax, sən Corcinasan?

      Qız durub çarpayıda oturdu və Ennə baxmağa başladı. Onun saçları oğlansayağı vurulmuşdu. Üzünün dərisi günəşdən yanıb tünd-qəhvəyi rəng almışdı, bu, parlaq mavi gözlərini daha çox nəzərə çarpdırırdı. Dodaqlarını hirslə bir-birinə sıxmışdı, eynilə atası kimi qaşqabaqlı idi.

      – Yox, – o dedi. – Mən Corcina deyiləm!

      – Hə? – Enn təəccüblə dilləndi. O, əmisi qızının niyə özünü belə qəribə apardığını başa düşmürdü. – Yaxşı, bəs onda kimsən?

      – Mən Corcam, – qız cavab verdi. – Məni Corc deyə çağırmasan, sənin heç bir sualına cavab verməyəcəyəm! Qız olduğuma görə özümdən zəhləm gedir. Qızların məşğul olduqları işlər məni maraqlandırmır. Mən oğlanların gördüyü işlərlə maraqlanıram. Qayanın təpəsinə bütün oğlanlardan daha cəld dırmana bilirəm. Özü də onlardan daha sürətlə üzürəm. Bu sahildəki bütün oğlanlardan daha yaxşı qayıq sürməyi bacarıram. Əgər səninlə söhbət etməyimi istəyirsənsə, məni Corc deyə çağırmalısan. Yoxsa səninlə danışmaram.

      – Hə?! – Enn əmisi qızının nə qədər qəribə uşaq olduğunu fikirləşərək təəccüblə səsləndi. – Yaxşı, mənim üçün bunun heç bir fərqi yoxdur, necə istəyirsən, elə də çağıraram. Məncə, Corc yaxşı addır, Corcina adı çox da xoşuma gəlmir. Bir də ki, onsuz da sən elə oğlana oxşayırsan.

      – Doğrudan? – Corcina çox sevindi. İndi qızın eyni açılmışdı. – Saçlarımı qısa kəsdirdiyim vaxt anam mənə çox hirslənmişdi. Əvvəl saçlarım çiyinlərimə düşürdü, bu, dəhşət idi!

      Sonra qızların ikisi də bir-birini diqqətlə süzməyə başladılar.

      – Bəs sən qız olmaqdan bezmirsən? – Corcina soruşdu.

      – Əlbəttə ki, yox, – Enn dilləndi. – Bilirsən, mən qəşəng donları, gəlincikləri çox sevirəm.

      – Necə?! Qəşəng donlar, gəlinciklər?! – Corcina istehza ilə dilləndi. – Yəqin, sən hələ də böyüməmisən.

      Enn bu sözlərdən bərk incidi.

      – Sən heç nəzakətli deyilsən, – qız dedi. – Əgər özünü belə aparsan, qardaşlarıma deyəcəyəm ki, səninlə oynamasınlar. Onlar əsl oğlanlardır, bildin? Sənin kimi özünü oğlan kimi göstərənlərdən deyillər.

      – Nə olsun ki? Əgər qardaşların mənimlə pis rəftar eləsələr, heç mən özüm də onlarla oynamayacağam, – Corcina bunu deyib çarpayıdan yerə hoppandı. – Mən heç sizin bura gəlməyinizi də istəmirdim. Mənə tək yaşamaq xoş idi. İndi isə sənin kimi donlardan, gəlinciklərdən xoşu gələn səfeh bir qıza və onun iki qardaşına tab gətirməliyəm!

      Enn fikirləşdi ki, onların tanışlığı heç də yaxşı başlamadı. Odur ki bir söz deməyib boz rəngli cins şalvarını və qırmızı maykasını geyindi. Corc da cins şalvarla oğlan maykasını əyninə keçirdi. Onlar elə yenicə geyinib qurtarmışdılar ki, yataq otağının qapısı bərkdən döyüldü.

      – Əyninizi geyinmisiniz? – Culian qapının arxasından qışqırdı. – Corcina içəridədir? Biz onunla tanış olmaq istəyirik.

      Corcina qapını aralayıb başını dik tutaraq çölə çıxdı. Qız təəccüblə ona baxan oğlanlara əhəmiyyət vermədən pilləkənlərlə aşağı düşdü. Uşaqlar mat-mat onun arxasınca baxdılar.

      – Ona Corcina desəniz, sizə cavab verməyəcək, – Enn qardaşlarını xəbərdar etdi. – Məncə, o çox qəribə qızdır. Dedi ki, bizim bura gəlməyimizi də istəmirmiş, çünki biz ona mane oluruq. Məni ələ saldı, özünü çox kobud apardı.

      Culian doluxsunmuş bacısını qucaqladı.

      – Fikir vermə, – o dedi, – biz yanındayıq, səni ondan qoruyarıq. Gəlin aşağı düşüb səhər yeməyimizi yeyək.

      Uşaqların üçü də bərk acmışdı. Mətbəxdən gələn qayğanaq qoxusu onların iştahasını bir az da artırırdı. Odur ki qaçaraq pilləkənləri düşdülər, süfrə hazırlayan Fanni xala ilə salamlaşdılar. Əmiləri Kventin masanın baş tərəfində oturub qəzet oxuyurdu. O, uşaqları görəndə yalnız başını tərpətməklə kifayətləndi. Uşaqlar dinməz-söyləməz keçib öz yerlərində oturdular. Fikirləşirdilər ki, görəsən, burada yemək vaxtı danışmağa icazə verilir, ya yox? Öz evlərində danışmağa icazələri var idi, ancaq Kventin əmi elə acıqlı görünürdü ki, bu barədə soruşmağa ürək eləmədilər. Corcina da burada idi, əlindəki çörək diliminə yağ sürtürdü. Arabir uşaqları qaşqabaqlı şəkildə, gözucu süzürdü.

      – Qaşqabağını sallama, Corc! – anası ona təpindi. – Ümid eləyirəm ki, siz artıq dostlaşmısınız. Sən bu səhər uşaqları körfəzə baxmağa aparmalısan. Harada çimə biləcəklərini onlara göstərərsən.

      – Mən bu gün balıq tutmağa gedəcəyəm, – Corc dilləndi.

      Atası