Dəfinələr adasının sirri. Энид Блайтон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Энид Блайтон
Издательство: Altun Kitab
Серия: Möhtəşəm beşlik
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244700
Скачать книгу
öyük sürpriz

      – Ana, sən yay tətilimizlə bağlı bir qərara gələ bildin? – deyə Culian səhər yeməyi vaxtı soruşdu. – Yenə Polsitə gedəcəyik?

      – Yəqin ki, yox, – anası cavab verdi. – Bu il bizsiz də ora gedənlərin sayı kifayət qədər olacaq.

      Masanın arxasında oturmuş iki oğlanla bir qız məyus halda bir-birinin üzünə baxdılar. Axı Polsit onların çox xoşuna gəlirdi. Elə təkcə ecazkar çimərliyi nəyə desən dəyərdi! Orada çimmək adama lap ləzzət eləyirdi!

      – Qəm yeməyin, – ata uşaqlara təskinlik verdi, – əminəm ki, sizə oradan da yaxşı bir yer tapılacaq. Ananızla mənim isə bu il üçün başqa planımız var, Şotlandiyaya gedirik. Məgər ananız sizə bu barədə heç nə deməyib?

      – Yox, – Enn dilləndi. – Ana, bu, doğrudur? Sən tətili bizimlə keçirməyəcəksən? Axı həmişə bərabər gedirdik.

      – Bu il tətilə ikilikdə getmək fikrindəyik: atanız və mən. Siz isə artıq böyük uşaqlarsınız, yay tətilini bizsiz və daha maraqlı keçirə bilərsiniz. Düzdür, hələ bilmirəm, sizi Polsitdən başqa hara göndərmək olar…

      – Bəlkə, uşaqları Kventinin yanına yollayaq? – ata soruşdu.

      Kventin onun qardaşı idi. Uşaqlar əmilərini yalnız bir dəfə görmüşdülər və ondan bir az çəkinirdilər. Bu hündürboy, ağıllı, həmişə qaşqabaqlı olan adamın fikri daim öz elmi axtarışlarının yanında idi. Dəniz kənarında yaşayırdı, uşaqlar onun haqqında başqa heç nə bilmirdilər.

      – Kventinin yanına? – ana soruşdu. – Bu haradan ağlına gəldi? Çətin ki, Kventin uşaqların onlarda qalmasına razılıq versin. Axı ona mane ola bilərlər.

      – Bu yaxınlarda bir işlə əlaqədar Kventinin arvadı ilə görüşmüşdüm. Deyəsən, maddi çətinlikləri var, Fanni sözarası dedi ki, evə müvəqqəti yaşamaq üçün bir-iki nəfər kirayənişin götürmək pis olmazdı. Bilirsən də, onların evi düz dənizin qırağındadır. Yəqin, bizim uşaqlar orada özlərini çox yaxşı hiss eləyərlər. Fanni də xoşrəftar qadındır, uşaqların qayğısına, necə lazımdırsa, qalar.

      – Hə, onun qızı da var axı, – ana atanın sözünə qüvvət verdi. – Adı nə idi? Nəsə qəribə adı vardı… Hə, yadıma düşdü: Corcina. Qızın neçə yaşı olar? Məncə, təxminən on bir.

      – Eyni yaşdayıq ki! – Dik dilləndi. – İşə bir bax! Sən demə, bizim üzünü heç vaxt görmədiyimiz əmimiz qızı var imiş! O, yəqin, təklikdə çox darıxır. Mən Culianla, Ennlə oynaya bilirəm, ancaq Corcinanın heç kimi yoxdur. Yəqin, bizim gəlişimizə sevinər.

      – Məncə, bu, yaxşı fikirdir, – ata dedi. – Gəlin Fanniyə zəng vurub danışaq. Əminəm ki, bu təklif onu qane eləyəcək, beləcə, həm Corcina tək qalmaz, həm də biz uşaqlara görə narahat olmarıq.

      Uşaqlar həyəcanlanmağa başladılar. Axı onlar üçün tamamilə yeni bir yerə getmək, üstəlik, orada əmisi qızları ilə tanışlıq çox maraqlı idi!

      – Bəs orada qayalıqlar, daşlar, qum var? – Enn soruşdu. – Qəşəng yerdir?

      – Mən oraları yaxşı xatırlamıram, – ata dilləndi, – ancaq əminəm ki, sizin çox xoşunuza gələcək. Həmin yerin adı «Kirrin körfəzi»dir1. Əminizin arvadı Fanni bütün ömrünü orada keçirib, heç vaxt da başqa yerə köçmək fikrinə düşməyib.

      – Atacan, Fanni xalaya tez zəng vur! – Dik qışqırdı. – Məncə, o yer lap bizlikdir! Kim bilir, bəlkə, orada başımıza maraqlı macəralar da gəldi!

      – Biz hara getsək, sən elə belə deyirsən, – ata gülümsündü. – Yaxşı, indicə zəng vurub onunla danışaram.

      Uşaqlar səhər yeməyini bitirib masanın arxasından qalxdılar və səbirsizliklə atalarının nə vaxt zəng vuracağını gözləməyə başladılar. Nəhayət, ata dəhlizə keçib şəhərlərarası telefon danışığı üçün rabitə qovşağına sifariş verdi2.

      – Bir problem çıxmasa, yaxşı olardı, – Culian dedi. – Maraqlıdır, görəsən, Corcina necə qızdır? Adı, həqiqətən, qəribədir. Deməli, on bir yaşı var, məndən bir yaş balacadır, Diklə yaşıddır, Enndən də bir yaş böyükdür. Biz dördlükdə vaxtımızı çox maraqlı keçirəcəyik!

      İki dəqiqədən sonra ata otağa qayıtdı. Uşaqlar onun üzünə baxan kimi başa düşdülər ki, hər şey qaydasındadır.

      – Danışıb razılaşdıq, – o dedi. – Fanni bizim təklifimizi eşidib çox sevindi. Dedi ki, yeni dostlarla ünsiyyət Corcina üçün çox faydalı olacaq, axı qız tamam təkdir. Fanni xalanız məmnuniyyətlə sizə göz-qulaq olar. Ancaq bir məsələ var: Kventin əmini narahat etməməlisiniz. O, çox işləyib yorulur, odur ki kimsə ona mane olanda özündən çıxır.

      – Biz siçan balaları kimi səssiz olacağıq, – Dik söz verdi. – Hər şey necə də yaxşı alındı! Atacan, bəs ora nə vaxt yola düşürük?

      – Gələn həftə, – ata cavab verdi. – Əgər ananız sizin əşyalarınızı həmin vaxta kimi toplayıb başa çıxa bilsə…

      – Nə böyük iş olub ki! – ana dilləndi. – Uşaqların çimərlik geyimlərini, maykalarını, şortlarını yığmaq belə çətindir?!

      – Ura! Yenə şortlarımızı geyinə biləcəyik! – Enn bunu deyib yerində rəqs eləməyə başladı. – Məktəb formasından elə təngə gəlmişdim ki! Elə bu dəqiqə çimərlik paltarımı əynimə keçirib yenə dənizdə üzmək, qayalara dırmanmaq istəyirəm!

      – Darıxma, az qalıb, – ana gülümsünüb dedi, – tezliklə dənizdə üzə biləcəksən… Hə, uşaqlar, özünüzlə götürmək istədiyiniz kitabları, oyuncaqları da toplayın, yaxşı? Yaddan çıxmasın. Ancaq çox şey götürməyin ki, əşyalarınız çamadana sığsın.

      – Keçən il tətilə gedəndə Enn özü ilə nə az, nə çox, düz on beş gəlinciyini aparmaq istəyirdi, – Dik dedi. – Yadındadır, Enn? Qəribə qızsan!

      – Qəribə-filan deyiləm! – Enn qızardı. – Mən öz gəlinciklərimi çox istəyirəm. Qərar verə bilməmişdim ki, hansını aparım, hansı qalsın. Ona görə də hamısını götürdüm. Burada qəribə heç nə yoxdur!

      – Bəs keçən il Ennin yelləncək atı da özü ilə aparmaq istəməsi yadınızdadır? – Dik bunu deyib qəhqəhə çəkdi.

      Bu məqamda ana söhbətə qarışdı:

      – Yaxşı, bəs inişil Dik adlı oğlanın Polsitə gedərkən özü ilə iki çamadan oyuncaq aparmaq istəməsi necə, yadınızdan çıxmayıb ki?

      Bunu eşidən Dikin də üzü qıpqırmızı oldu. O, cəld söhbətin mövzusunu dəyişdi:

      – Atacan, biz ora necə gedəcəyik? Qatarla, yoxsa maşınla?

      – Maşınla, – ata cavab verdi. – Çamadanları da baqaja yığarıq. Çərşənbə axşamı getsək, necə olar?

      – Məni qane eləyir, – ana dilləndi. – Uşaqları qoyub qayıdarıq, cümə günü də Şotlandiyaya yola düşərik. Qoy çərşənbə axşamı olsun!

      Beləliklə, səfər günü təyin olundu. Uşaqlar səbirsizliklə günləri sayırdılar. Enn hər axşam təqvimdə ötən günün üstünü cızırdı. Qarşıdakı bir həftə onlara çox uzun görünürdü. Nəhayət, çərşənbə axşamı gəlib çatdı.

      Eyni otaqda yatan Diklə Culian səhər yuxudan da eyni vaxtda oyandılar. Həmin dəqiqə də pəncərədən çölə nəzər saldılar.

      – Ura! Bu gün hava əladır! – Culian qışqırıb çarpayıdan yerə tullandı. – Niyəsini bilmirəm, ancaq həmişə arzulamışam ki, tətilin birinci günü hava günəşli olsun! Gəl gedib Enni oyadaq.

      Enn qonşu otaqda yatırdı. Culian ora cumub qızın çiyinlərindən tutaraq silkələməyə başladı.

      – Oyan! – o qışqırdı. – Bu gün çərşənbə axşamıdır, bayırda da gün çıxıb.

      Enn yerindən sıçrayıb sevinclə Culiana baxdı.

      – Axır ki! – qızcığaz dilləndi. – Fikirləşirdim ki, bu gün heç vaxt gəlib çatmayacaq. Tətildə


<p>1</p>

Körfəz – böyük su hövzəsinin (okean, dəniz, göl) quruya çox daxil olmuş, lakin onunla sərbəst su əlaqəsini saxlayan nisbətən kiçik hissəsi

<p>2</p>

Əvvəllər ev telefonu ilə bir şəhərdən digərinə zəng vurmaq üçün birbaşa nömrəni yığmaq mümkün deyildi, bunun üçün rabitə qovşağına zəng vurub sifariş vermək lazım gəlirdi.