Yəhudilərin çoxu rusları gözləməməyi qərara aldılar. Onlar Varşavadakı mülklərini satıb şərqə yollandılar – bu, almanlardan qaça biləcəkləri yeganə istiqamət idi. Həmkarlarımın, demək olar, hamısı yola düşmək qərarına gəlmişdilər və məni onlarla birgə getməyə razı salmağa çalışırdılar, amma ailəmiz bu dəfə də qalmağa üstünlük verdi.
Tanışlarımızdan biri iki gündən sonra qayıtdı – nə kürək çantası vardı, nə pulu, üstəlik, döyülmüş və əlini hər şeydən üzmüş vəziyyətdə idi. O, sərhəd yaxınlığında qurşağacan soyundurulan, sonra da qollarından asılaraq döyülən beş yəhudi görmüşdü. Tanışımız həmçinin həkim Xaskileviçin ölümünün şahidi olmuşdu. Almanlar yeganə günahı Buqadan keçmək istəyi olan həkimi güllələyəcəkləri ilə qorxudub çaya girməyə və irəliləməyə məcbur etmişdilər. Sonunda biçarənin ayağı suyun dibinə çatmamış və o boğulmuşdu. Buna baxmayaraq bir çox yəhudi qarət olunsa və başı olmazın bəlalar çəksə belə Rusiyaya çata bilmişdilər. Mənim həmkarımın təkcə əşyalarını və pullarını qarət etmiş, özünü döymüş və hadisə yerindən qovmuşdular. Zavallıya ürəyimiz yandı, amma yenə də düşündük ki, o elə bizim kimi evdə qalsaydı, qat-qat yaxşı olardı. Qərarımızın əsasında isə məntiq deyil, nə qədər pafoslu səslənsə də, Varşavaya olan bağlılığımız dayanırdı.
«Bizim» deyəndə atamı çıxmaqla bütün yaxınlarımı nəzərdə tuturam. Onun qalmağının bircə səbəbi vardı: doğma Sosnovasından uzağa getmək istəmirdi. Varşavanı xüsusi olaraq heç vaxt sevməyib, üstəlik, biz burda daha çox əziyyət çəkdikcə o, doğma şəhəri üçün bir o qədər çox darıxır və onu ideallaşdırırdı. Təkcə ora qəşəng idi, təkcə orda insanlar musiqini sevirdilər, təkcə orda onu skripkaçı kimi qiymətləndirirdilər və təkcə orda yaxşı sərin pivə içmək olardı. Burda, Varşavada isə pivə əvəzinə iyrənc, dadsız bir şey verirdilər. Atam şam yeməyindən sonra əllərini qarnının üstündə çarpazlayıb kresloda yerini rahatlayır, xəyala dalıbmış kimi gözlərini yumur və monoton səslə hekayətinə başlayırdı. Beləcə, həyatımızı təkcə özünün darıxmış təsəvvüründə mövcud olan Sosnova xatirələri ilə bəzəyirdi.
Payızın son həftələrində, yəni almanlar Varşavaya soxulandan heç iki ay ötməmiş şəhər həyatı sanki birdən öz adi axarına qayıtdı. Sürət götürmüş iqtisadi canlanma hər şeyin tərsinə getdiyi bu ən qəribə müharibənin daha bir gözlənilməzliyi idi. Nəhəng, yarısı xarabazara çevrilmiş şəhərə – işsiz qalmış bütöv bir məmur ordusu olan paytaxta Sileziya, Pomorye və Poznandan çoxsaylı köçkünlər gəlirdilər. Başlarının üzərində damları olmayan, iş tapmaq şansından məhrum və gələcəkləri barədə heç nəyə ümid bəsləməyən bu adamlar birdən fərqinə vardılar ki, almanların qərarlarının üstündən keçməklə böyük pullar qazanmaq mümkündür. Bu qərarlar çoxaldıqca qeyri-qanuni qazanc imkanları da artırdı.
Həyat iki məcrada axmağa başladı. Birincisində insanlar yeni qanunlara boyun əyərək səhərdən axşamacan tər tökür və bunun qarşılığında yarıac-yarıtox dolanırdı. İkincisinə baş vuranlar, yəni varlanmaq üçün qəşəng imkanlar yaradan qeyri-qanuni yola əl atanlarsa – bunun üçün əməlli-başlı çiçəklənən dollar ticarətindən tutmuş brilyant, un, dəri və ya saxta sənəd alverinə qədər hər cür seçim vardı – edam təhlükəsi altında da olsa, günü-gündən varlanırdılar. Belələrinin əyləncə dolu həyatları dəbdəbəli restoranlarda keçirdi.
O zaman az adam firavan yaşayırdı. Hər dəfə evə qayıdarkən Sennaya küçəsindəki evin qarşısında kədərli rus nəğmələri oxuyan bir qadınla rastlaşırdım. Qadın həmişə şər qarışandan sonra dilənçilik etməyə başlayırdı, sanki kiminsə onu tanıyacağından qorxurdu. Əynindəki zərif kostyum sahibəsinin nə vaxtsa kübar birisi olduğundan xəbər verirdi. Qadının füsunkar üzü ala-toranın boz işığında cansız görünürdü, donuq baxışları yoldanötənlərin üzərində harasa bir nöqtəyə zillənmişdi. O, akkordeonda özünü müşayiət edərək məlahətli alçaq səslə oxuyurdu. Təpədən dırnağadək bütün vücudu, hətta divara necə söykənməsi belə bu qadının cəmiyyətin ali təbəqəsindən olduğunu hayqırırdı. Yalnız müharibə onu bu cür yaşamağa məcbur edə bilərdi. Hərçənd işləri pis getmirdi. Düz yanına qoyduğu qavalda – qoy heç kəs onun yardım gözlədiyinə şübhə etməsin – açıqrəngli lentlərlə bəzənmiş və yəqin ki, dilənçiliyin rəmzi kimi qəbul etdiyi bu qavalda həmişə çoxlu dəmir pul olurdu, bəzən hətta əlli zlotılıq əsginasa da rast gəlmək mümkün idi.
Mən də küçəyə təkcə şər qarışandan sonra düşməyə çalışırdım, hərçənd səbəblərim tam fərqli idi. Yəhudilərə qarşı çoxsaylı və məşəqqətli əmrlərdən biri şəksiz icra tələb edən yazılmamış qanun idi: yəhudi əsilli kişilər hər qarşılarına çıxan alman əsgərinə təzim etməli idilər. Bu sarsaq və alçaldıcı tələb Henriklə məni dəliyə döndərirdi. Belə vəziyyətə düşməmək üçün əlimizdən gələn hər şeyi edirdik. Uzaqdan yaxınlaşan alman görəndə küçənin o biri tayına keçirdik, görüş qaçılmaz olanda isə qarşımızdakını sanki sezməmişik kimi üzümüzü yana çevirirdik, hərçənd bu hər dəfə ən azı döyülmə ilə nəticələnə bilərdi.
Atam özünü tamamilə başqa cür aparırdı. O, gəzinti üçün ən qələbəlik küçələri seçir və almanları mübaliğəli, rişxənd dolu təzimlə salamlayırdı. Sonra da bu hərəkəti yanlış anlayan hərbçinin üzündə əmələ gələn təbəssümdən sonsuz zövq alır və ona köhnə tanışı kimi eyni təbəssümlə cavab verirdi.
Atam hər axşam evə qayıdanda necə məşhur bir şəxsiyyət olduğunu ötəri də olsa xatırlatmaqdan ləzzət alırdı: küçəyə çıxanda başına o qədər tanış yığışır ki, yaxasını onlardan heç cür qurtara bilmir, şlyapasını çıxarmaqdan isə lap yorulub. Bunu danışarkən gözlərindən cin yağırdı, üstəlik, əllərini bir-birinə sürtürdü.
Almanların bu cür təhqiramiz münasibətini kiçiltmək lazım deyildi. Bu bizi daim gərgin və əsəbi vəziyyətdə saxlamaq, sabaha ümid bəsləməmək üçün həyata keçirilən proqramın bir hissəsi idi. Elə həftə olmurdu ki, yeni sərəncamlar verilməsin. Bu sərəncamlar ilk baxışda əhəmiyyətli görünməsə də, almanların bizi unutmadığını, üstəlik, unutmağa da hazırlaşmadığını gözümüzə soxurdu. Yəhudilərə dəmir yolundan istifadəni qadağan etmişdilər. Biz tramvaydan istifadəyə görə arilərdən dörd dəfə çox ödəməli olurduq.
Belə bir vaxtda gettonun yaranması barədə ilk şayiələr yayıldı. Bu şayiələr düz iki gün şəhər boyunca dolaşaraq insanları vahimə içində saxladı, amma sonra qəfil kəsildi.
GETTO
O il payız uzandı, hərçənd noyabrın sonlarına doğru günəş daha gec-gec boylanmağa başladı, soyuq leysan yağış tökdü – belə günlərin birində ölüm ilk dəfə lap yanımızdan ötüb-keçdi. Bir axşam atam və Henriklə tanışlarımızın evində başımız söhbətə qarışdı, mən birdən saata baxanda dəhşət içində anladım ki, komendant saatına