Napoleon. Евгений Викторович Тарле. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Евгений Викторович Тарле
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244441
Скачать книгу
yenidən ailənin başının üstünü aldı. Doqquz nəfərlik böyük ailə tamam var-yoxdan çıxmışdı. Anasını və qardaş-bacılarını saxlamaq Napoleonun üzərinə düşmüşdü. Bu zaman vəziyyət qəfil dəyişdi…

Fransanın cənubunda əksinqilabi üsyan baş qaldırdı. Monarxiyaçılar 1793-cü ildə Tulonda inqilabi hökumətin nümayəndələrini qırıb ingilis donanmasını köməyə çağırdılar. İnqilab ordusu isə Tulonu qurudan mühasirəyə aldı.

Ordunun siyasi rəhbəri Saliçetti onunla Paoliyə qarşı birlikdə mübarizə aparmışdı. Bonapart Tulon yaxınlığındakı düşərgədə öz yerlisinə baş çəkib şəhəri tutmağın, ingilis ordusunu sahildən qovmağın yeganə yolunu ona izah elədi. Bundan sonra Saliçetti gənc kapitanı artilleriya rəisinin köməkçisi təyin etdi.

Noyabrın ilk günlərində başlanan hücum alınmadı. Çünki hücuma komandirlik edən Donne ən həlledici anda Bonapartın fikrinin əksinə olaraq geri çəkilmək əmri verdi. Hücuma keçən cərgənin önündə olan Bonapartın özü isə yaralandı. Yeni komandan Dyuqomye, nəhayət, ona öz planını həyata keçirməyə icazə verdi. Bonapart batareyanı8 çoxdan istədiyi kimi düzdü, ardınca güclü top atəşinin köməyilə vacib yüksəkliyi tutdu. Buradan isə ingilis donanmasını hədəf aldı.

Hücuma keçən respublikaçılar 7 min nəfər idi və onlar qızğın döyüşdən sonra dəf edildilər. Həmin vaxt ehtiyat dəstə ilə Bonapart özünü yetirdi və bu müdaxilə onlara qələbə qazandırdı. Şəhərdən qaçmaq istəyənlərin hamısını ingilislər öz gəmilərinə götürməyə razılıq verdilər. Respublikaçıların ordusu şəhəri tutdu.

Bu qələbə Napoleonun yüksəlişinin başlanğıcı oldu. 1794-cü il yanvarın 14-də ona briqada generalı rütbəsi verildi. O vaxt Napoleonun 24 yaşı var idi. Həmin dövrdə Konvent9 xarici düşmənlərə və daxildəki xəyanətkarlara, monarxiyaçılara qarşı amansızcasına mübarizə aparırdı.

Yazda və yayın əvvəllərində Konventin komissarları (xüsusən də, Bonapartın təsiri altında olan Oqüsten Robespyer) Avstriyanı təhdid etmək üçün İtaliyanın şimalına soxulmaq planı hazırlayırdılar. Bonapart çoxdankı xəyallarının həyata keçəcəyinə – İtaliyanın işğalında iştirak edəcəyinə ümid bəsləyirdi.

Lakin gözlənilməz siyasi fəlakət Bonapartın planının reallaşmasına mane oldu. Konventin iclasında Termidor çevrilişi10 nəticəsində Maksimilian Robespyer, qardaşı Oqüsten, Sen Jüst, Kuton və onların tərəfdarları tutuldular, səhərisi gün isə heç bir mühakiməsiz edam edildilər. General Bonapart da Oqüstenin yaxın adamı kimi həbs olundu. Ancaq təqsiri sübuta yetirilmədiyi üçün 14 gün sonra azadlığa buraxıldı.

Termidor çevrilişində Robespyerə yaxın adamların bir çoxu həlak olduğundan Bonapart gilyotindən canını qurtara bildiyinə görə sevinməli idi. O, həbsxanadan çıxanda əmin oldu ki, dövran dəyişib, yaxşı başlayan karyerasına son qoyulub. Hakimiyyətə yeni gələnlər ona şübhə ilə yanaşırdılar. Tulondakı qəhrəmanlıq artıq unudulmuşdu. Bunun arxasınca başqa bir xoşagəlməz hadisə baş verdi. Termidor Komitəsi ona üsyanı yatırtmaq üçün Vandeyaya getməyi əmr etdi. Napoleona piyada briqadasına rəhbərlik həvalə edilmişdi, ancaq o, topçu olduğundan bu vəzifədən imtina edib istefa verdi.

Napoleon yenə maddi çətinliklərlə üzləşməli oldu. Sanki hamı onu unutmuşdu. Nəhayət, 1795-ci ilin avqustunda onu artilleriya generalı kimi tipoqrafiya şöbəsinə qəbul etdilər. Bu vəzifə ona böyük qazanc gətirməsə belə, o öz vəziyyətindən şikayətlənmir, piyada qoşununda xidmət etmək üçün kimsəyə ağız açmırdı. Di gəl, tale növbəti dəfə üzünə güldü: o yenidən Tulondakı düşmənə qarşı vuruşmalı idi.

1795-ci il Fransa Burjua İnqilabı tarixində həlledici dönüş illərindən biri kimi tarixə düşüb. Aclıq, səfalət, terror monarxiyaçılarda ümid yaratmışdı. Onlar fikirləşirdilər ki, hakimiyyəti yenidən əla almağın vaxtı gəlib çatıb. Nüfuzlu mühacirlərin toplaşdıqları London, Koblenz, Hamburq və Romada inqilab iştirakçılarının hamısının amansızcasına cəzalandırılması haqda çağırışlar eşidilməyə başlamışdı. Lakin inqilabçıları bu cür çağırışlarla qorxutmaq çətin məsələydi. Mühacirlər Kiberon yarımadasına dəstə çıxaranda Konvent bir an belə tərəddüd etmədən general Qoşu ordu ilə ora göndərdi. Yarımadaya çıxan dəstə darmadağın edildi və 750 nəfər yerindəcə güllələndi.

Monarxiyaçılar bu məğlubiyyətdən sonra da ruhdan düşmədilər. Üstündən heç iki ay keçməmiş onlar bu dəfə Parisdə ayağa qalxdılar.

Kütləvi qırğınlara, inqilabçı yakobinlərin11 edamına, narazı fəhlələrin tərksilah edilməsinə baxmayaraq Konvent dinclik tapmırdı. O başa düşürdü ki, geniş xalq kütlələrinin köməyinə bel bağlaya bilməz. Paris fəhlələri həmin vaxt Konventə özlərinin ən qəddar düşməni kimi baxırdılar. Monarxiyaçılara qoşulan fəhlələrin sayı artırdı. Üstəlik, ordu daxilində də bir o qədər ürəkaçan deyildi. Doğrudur, əsgərlər satqın mühacirlərə, monarxiyaçılara harda rast gəlsələr, atəş açırdılar. Lakin bununla barışmayan hərbçilər də az deyildi. Hətta Paris qarnizonunun generalı Menunun üsyançılara qarşı güc tətbiq etmək istəməməsi onun həbsi ilə nəticələndi.

Konvent geri addım atmaq fikrində deyildi. Odur ki Termidor çevrilişinin liderlərindən olan Barrası12 Parisin bütün silahlı qüvvələrinin başçısı təyin etdi. Müasirləri onu naz-nemət içində böyümüş, dövlətin pulunu talayan, məkrli, mənsəbpərəst adam kimi tanıyırdılar. Bununla belə, Barrası qorxaq adlandırmaq olmazdı. O, yaxşı başa düşürdü ki, başlayan hərəkat Burbonları13 hakimiyyətə qaytara bilər. Bu isə Barras üçün birbaşa təhlükə demək idi. İnqilabçıların tərəfinə keçmiş zadəganları nələr gözlədiyi də ona yaxşı məlum idi.

Ləngimədən, bir neçə saat ərzində hərəkətə keçmək lazımdı. Lakin gəl gör ki, Barras hərbçi deyildi. Bu məqamda o, xahiş üçün bir neçə dəfə yanına gəlmiş nimdaş paltolu gənci xatırladı. Bilirdi ki, həmin gənc istefada olan generaldır və Tulon ətrafındakı döyüşdə fərqlənib. Əmr etdi ki, onu tapıb yanına gətirsinlər.

Napoleona bircə sual verildi: üsyanı yatırmağı boynuna götürə bilərmi? O isə bunun əvəzində düşünmək üçün bir neçə dəqiqə vaxt istədi. Nəhayət, təklifə bir şərtlə razılıq verdi: onun tapşırıqlarına heç kim qarışmayacaq. “Mən qılıncımı yalnız bütün işləri qurtarandan sonra qınına qoyacam”, – o dedi.

Bonapart dərhal Barrasın köməkçisi təyin edildi. O, vəziyyətlə ətraflı tanış olanda üsyançıların çox güclü olduğunu, Konventi böyük təhlükə gözlədiyini anladı. Ancaq onun toplardan istifadə etməklə bağlı xüsusi planı var idi. Artıq sübh tezdən toplar saraya gətirildi.

Üsyançılar Konventə doğru hərəkət edərkən bu toplardan güclü atəş açıldı. Xüsusilə Müqəddəs Roxa kilsəsinin qarşısında dəhşətli itki verən üsyançılar çətin vəziyyətə düşdülər.

Günorta isə artıq hər şey bitmişdi. Üsyançılar yaralı yoldaşlarını özləri ilə götürərək müxtəlif

8

Batareya – bir neçə top və minaatandan ibarət taktik vahid

9

Konvent – Böyük Fransa inqilabı dövründə qanunverici orqan

10

Termidor çevrilişi –1794-cü ilin 27 iyulunda baş vermiş dövlət çevrilişi

11

Yakobinlər – Fransanın inqilab tarixində mövcud olmuş siyasi cərəyan. Yakobinlərin hakimiyyəti dövründə (1793-1794-cü illər) bir sıra radikal islahatlar və kütləvi terror həyata keçirilib.

12

Barras – Böyük fransız inqilabı liderlərindən biri olan Pol Fransua Jan Nİkolya vikont de Barras

13

Burbonlar –  1589-1792 və 1814-1848-ci illərdə Fransa taxt-tacının sahibi olmuş hakimiyyətdəki sülalə