Napoleon. Евгений Викторович Тарле. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Евгений Викторович Тарле
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244441
Скачать книгу
image target="_blank" rel="nofollow" href="#imgb576cbca96fc41ada8cd599efdaa23a9.jpg"/>

Dьnyada təqlid edilməsi mьmkьn olmayan yeganə şey – cəsarətdir.

Napoleon

I FƏSİL

Napoleonun uşaqlığı və gəncliyi

1769-cu il avqustun 15-də Korsikanın1 Ayaçço şəhərində yaşayan Letisiya Bonapart küçədə qəfil doğuş sancıları hiss etdi. O özünü birtəhər evə çatdırdı. Həmin vaxt 19 yaşlı qadının yanında heç kim yox idi. Odur ki dünyaya gətirdiyi oğlan uşağı anasının bətnindən döşəməyə düşdü.

Beləliklə, korsikalı vəkil Karlo Bonapartın ailə üzvlərinin sayı bir nəfər də artdı. Vəkil qərara aldı ki, oğlunu korsikalı kimi deyil, fransız tərbiyəsi ilə böyütsün. Odur ki uşaq böyüyəndə onu dövlət vəsaiti hesabına fəaliyyət göstərən fransız hərbi məktəblərindən birinə qoydu.

Qeyd edək ki, Korsika uzun illər Genuya hökmranlığına tabe olmuşdu. Ancaq ada sakinləri 1755-ci ildə yerli mülkədar Paolinin başçılığıyla üsyan qaldırıb genuyalıları oradan qovmuşdular. 1768-ci ildə Korsika bu dəfə Fransa kralı XV Lüdovikin ixtiyarına keçdi. 1769-cu ilin yazında fransız ordusu Paolinin qiyamçı dəstəsini darmadağın etdi. Beləliklə, ada rəsmi şəkildə Fransa torpağı elan olundu. Onda Napoleonun dünyaya gəlməsinə hələ üç ay vardı.

Napoleonun uşaqlıq illərində hələ də Korsikanın müstəqilliyinin xiffətini çəkənlər tapılırdı. Elə balaca Napoleon da Paoliyə rəğbət bəsləyir, bura sonradan köçüb gələn fransızlara isə nifrət edirdi. O, dalaşqan, heç kimdən qorxmayan, cəsur uşaqdı. Anası Letisiya Napoleonu çox sevirdi, bununla belə, həm ona, həm də digər övladlarına qarşı çox tələbkar idi.

Karlo Bonapart 1779-cu ildə, çətinliklə də olsa, həm Napoleonu, həm də onun qardaşı Jozefi Fransaya aparıb Otön2 kollecinə yazdırdı. Bir il sonra Napoleon Brien (Şərqi Fransa) şəhərindəki hərbi məktəbə keçdi. Burada o heç kimə qoşulmur, boyu balaca, yaşı isə az olsa da, hamıya yuxarıdan aşağı baxır, ona sataşanların cavabını artıqlaması ilə verirdi.

Napoleon dərslərini əla oxuyur, xüsusən də Yunanıstan və Roma tarixinə dərindən yiyələnirdi. O, riyaziyyat və coğrafiya ilə də maraqlanırdı. Lakin əyalətdə yerləşən hərbi məktəbin müəllimləri bir o qədər savadlı olmadıqlarından balaca Napoleon öz biliyini daha çox mütaliə yolu ilə artırırdı.

Napoleonun korsikalı vətənpərvərliyi fransız yoldaşlarını heyrətləndirir, eyni zamanda ondan uzaqlaşdırırdı. Gələcək imperator üçünsə onlar doğma adasını istila etmiş gəlmələr idi.

Yeniyetmə Bonapart 1784-cü ildə, 15 yaşında ikən Parisin ən nüfuzlu hərbi məktəbinə daxil oldu. Bu məktəbi bitirən məzunlar dərhal zabit rütbəsi alırdılar. Hərbi məktəbdə güclü müəllim heyəti var idi. Napoleon mühazirələrə həvəslə qulaq asır və mütaliə edirdi. Ancaq elə ilk dərs ilində ona bədbəxtlik üz verdi: 1786-cı ilin fevralında atası vəfat etdi. Sonralar Napoleon da eyni xəstəlikdən – mədə xərçəngindən dünyasını dəyişəcəkdi.

Ailə demək olar ki, pulsuz qaldı. Evin böyük oğlu Jozefə ümid etmək azdı, o, bacarıqsız və tənbəl oğlandı. Beləliklə, 16 yaşlı Napoleon anasının, bacı- qardaşlarının qayğısını öz üzərinə götürdü. O, Paris hərbi məktəbində bir il oxuyandan sonra podporuçik3 rütbəsində Valans şəhərindəki alaya yollandı.

Gənc zabit çətinliklə dolanırdı. Məvacibinin böyük hissəsini anasına yollayır, özünə yalnız ərzaq üçün pul saxlayırdı. Otaq kirayə elədiyi binada bukinist dükanı yerləşirdi. Napoleon asudə vaxtlarını kitab oxumaqla keçirirdi. Onu hər şeydən çox hərb tarixi, riyaziyyat, coğrafiya, səyahətnamələr maraqlandırırdı. XVIII əsr maarifçilik ədəbiyyatının klassiklərindən Volter, Russo, Dalamber, Mabli və Reynalla da məhz həmin dövrdə tanış olmuşdu. Belletristika4 və şeir də oxuyurdu. Hötenin “Gənc Verterin iztirabları”, eləcə də fransız şair və dramaturqlarından Rassinin, Kornelin, Molyerin yaradıcılığı onu özünə aludə etmişdi.

Napoleon 1786-cı ildə uzunmüddətli məzuniyyət götürüb, ailəsinin maddi vəziyyətini düzəltmək üçün vətəni Ayaççoya yola düşdü. Burada atasından onlara kiçik bir mülk qalmışdı. Üstəlik, bəzi dolaşıq ailə məsələlərini də çözmək lazım idi. O bu işlərin öhdəsindən məharətlə gəlib qısa vaxtda ailənin maddi vəziyyətini düzəltdi.

1788-ci ildə Fransaya qayıdan Napoleon tezliklə öz alayı ilə birlikdə Oksonn şəhərinə göndərildi. Orada kazarmada yaşayır və əvvəlki həvəslə əlinə keçən hər şeyi, əsasən də XVIII əsr hərb mütəxəssislərinin əsərlərini oxuyurdu.

Bir dəfə təsadüfən əlinə Roma hüququ ilə bağlı köhnə bir külliyyat keçdi. Bu hadisədən 15 il sonra Napoleon Kodeksini hazırlayan məşhur fransız hüquqşünasları onun qeyri-adi yaddaşına mat qalmışdılar: Bonapart həmin külliyyatdan bütöv abzasları əzbər söyləyirdi.

Napoleon Oksonnda ikən ballistika5 ilə bağlı kiçik bir traktat da tərtib etdi. Artilleriya onun sevimli ixtisasına çevrilmişdi. Həmin dövrdən kağız üzərində bəzi bədii qeydlər, fəlsəfi-siyasi etüdlər də qalıb. Napoleon yarıac-yarıtox yaşayır, həmişəki kimi tay-tuşlarına qarışmır, əyləncələrə baş qoşmur, yorulmadan işləyir, asudə vaxtını mütaliə ilə keçirirdi. Bütün bunlar onun öz istəklərini iradəsinə və ağlına tabe etmək bacarığından xəbər verir.

Və elə bu vaxt Fransa inqilabı başladı!

Napoleon Bonapartın saysız-hesabsız bioqraflarını və tarixçilərini həmişə bir sual maraqlandırıb: 20 yaşlı Oksonn qarnizonunun artilleriya poruçiki6 üçün 1789-cu il inqilabı nə dərəcədə əhəmiyyət kəsb edirdi? Əslində, məsələ çox sadə idi: öz sosial mövqeyinə görə Napoleon inqilabın qələbəsindən yalnız bəhrələnə bilərdi. Fransanın istila etdiyi uzaq İtaliya adasından çıxan, kiçik mülkə sahib bir adam əvvəllər hərbi xidmətdə böyük karyeraya ümid eləyə bilməzdi. Lakin indi şəxsi keyfiyyətləri ona təkan verər, bağlı qapıları üzünə açardı. Artilleriya poruçiki Bonaparta başlanğıc üçün bundan artıq heç nə lazım deyildi.

Bəs inqilabdan harada daha çox yararlana bilərdi? Bu sualın iki cavabı vardı: 1) Korsikada, 2) Fransada. Poruçik Bonapart 1789-cu ildə artıq Brien hərbi məktəbindəki dalaşqan uşaq deyildi. İndi o, Korsikanın və Fransanın nə demək olduğunu bilir, onların miqyasca ölçüyəgəlməzliyini anlayırdı.

Bastiliyaya hücumdan iki ay yarım sonra Napoleon məzuniyyət götürüb yenidən Korsikaya yola düşdü.

Evə, anasının yanına gələn kimi özünü sürgündən yenicə qayıdan Paolinin tərəfdaşı elan etdi. Lakin Paoli gənc leytenantı soyuq qarşıladı, tezliklə məlum oldu ki, onların yolları eyni deyil. Paolinin məqsədi Korsikanı fransız hökmranlığından azad etməkdi, Bonapart isə hesab edirdi ki, fransız inqilabı Korsikanın inkişafı, ən başlıcası da, özünün karyerası üçün yeni imkanlar yarada bilər.

Korsikada bir neçə ay qalıb heç bir nəticə əldə edə bilməyən Bonapart yenidən alaya qayıtdı. O, evin dolanışıq xərclərini azaltmaq üçün kiçik qardaşı Lüdoviki də özü ilə apardı. Napoleon indi qardaşını da dolandırmalıydı. Bəzən bir tikə çörəyə möhtac olan gələcək imperator, bununla belə, qətiyyən ruhdan düşmürdü. Öz üzərində səylə çalışmağa davam edir, müxtəlif kitablar oxuyur, həmçinin hərb tarixini öyrənirdi.

O, 1791-ci ilin sentyabrında xidmət yerini Korsikaya dəyişdi. Bu dəfə Paoli ilə yolları birdəfəlik ayrıldı, çünki Paoli adanı Fransadan qoparmaq istədiyini artıq gizlətmirdi, Napoleon isə bunun qəti əleyhinə idi. Hətta 1791-ci ilin aprelində separatçı Paolinin tərəfini saxlayan əksinqilabçı ruhanilərlə inqilabçı hakimiyyət arasında qarşıdurma yarananda onun başçılıq etdiyi dəstəyə hücum edənlərə atəş açmışdı.

Napoleon Korsikada baş verənlər barədə hərbi nazirliyi məlumatlandırmaq üçün 1792-ci

1

Korsika – Aralıq dənizinin şimal hissəsində yerləşən ada. Vaxtilə romalılar tərəfindən işğal olunan Korsika orta əsrlərdən Genuya hökmranlığına tabe olmuşdu. XVIII əsrin sonlarından etibarən Fransa ərazisi hesab edilir.

2

Otön – Fransanın Burqundiya bölgəsində ərazi vahidi

3

Podporuçik – ordu və donanmanın kiçik zabit heyətində rütbə və belə rütbəsi olan şəxs, kiçik leytenant

4

Belletristika – bədii nəsr, bəzən ideya-bədii cəhətən zəif əsərləri də belə adlandırırlar.

5

Ballistika – mərminin silahın lüləsi içərisində və oradan çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm sahəsi

6

Poruçik – ordu və donanmanın zabit heyətində podporuçikdən yüksək kapitandan aşağı rütbə və belə rütbəsi olan şəxs, leytenant